Məhkəmə qərarları › İş №3(079)-92/2023

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-92/2023

18.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-92/2023 18.07.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibi katibliyi, Babək rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Babək rayonu, Nehrəm kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, 1 (bir) azyşalı uşaq atası, orta təhsilli, işsiz, Babək rayonu, Nehrəm qəsəbəsində yaşayan Şəxs (Fin kod – xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinin 18 iyul 2023-cü il tarixli, 3xx-xx/2023 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 17 iyul 2023-cü il tarixli, 013203 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirildiyi müəyyən olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsindən məlum olur ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi həmin maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. Babək rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 məhkəmə iclasında verdiyi izahatında Babək Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli, 2(079)-111/2023 nömrəli icra vərəqəsinə əsasən Şəxs Azər-Türk Bank ASC-nin xeyrinə 6589.13 manat əsas borc və 86.30 manat dövlət rüsumunun, Babək rayon Notariat ofisinin xx.xx.2022-ci il tarixli icra qeydinə əsasən isə cəmi 2474 manat 81 qəpik borcun tutularaq Kapital Bank ASC-nin xeyrinə ödənilməsi ilə bağlı icra sənədlərinin müvafiq olaraq xx.xx.2023 və xx.xx.2022-ci il tarixlərdə icraya yönəldiyini, həmin icra sənədləri əsasında icraata başlama haqqında qərarlar qəbul edilərək tələbin könüllü icrası üçün 10 gün vaxt müəyyən edilərək icraya yönəldiyini, şəxsin ölkədə olmaması ilə əlaqədar olaraq icra sənədlərinin rəsmi qaydada verilməsinə baxmayaraq şəxsən təqdim oluna bilmədiyini, yaşayış yerinin müəyyən edilməsi məqsədilə xx.xx.2023-cü il tarixdə barəsində axtarış elan olunduğunu, xx.xx.2023-cü il tarixdə icra şöbəsinə müraciət etdiyini, şəxsən yazılı və şifahi şəkildə xəbərdar edildiyini, bununla bağlı xx.xx.2023-cü il tarixdə notariusun icra qeydi ilə bağlı icra sənədi üzrə tam borcu və icra ödənişini ödədiyini, lakin məhkəmənin verdiyi icra sənədi üzrə heç bir ödəniş olunmadığını, bu hallar nəzərə alınmaqla qanuni qərar qəbul edilməsini xahiş etdiyini bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasında verdiyi izahatında 1 il 8 aydır ki, Türkiyədə işlədiyini, getdikdən sonra iki ay müddətində Bankların ödənişlərinin edilməsi üçün ailəsinə pul göndərə bilsə də daha sonra ödənişləri edə bilmədiyini, barəsində icra sənədlərinin və axtarış qərarının olmasından 2 həftə əvvəl xəbərdar olduğunu, buna görə də ölkəyə qayıtdığını, 13 iyul tarixində Naxçıvanda olduğunu, Babək rayon İcra və Probasiya şöbəsində icra sənədlərinin icra olunmamasının nəticələri barədə xəbərdarlıq olunduğunu, bundan sonra 18 iyul tarixində notariat ofisinin icra sənədi üzrə borcu və icra ödənişini qaynından borc alaraq tam ödəyib qəbzini icra qurumuna təqdim etdiyini, digər icra sənədinin icrası üçün də iş yerlərinə müraciət etdiyini, hissəhissə icra edə biləcəyini, Türkiyədə günəmuzd fəhlə işləyib 600 manat qazanc əldə etdiyini, bunun bir qismini ailə üzvlərinə göndərib, qalanı ilə kirayə pulu verdiyini, icra sənədini indiyəcən üzrlü səbəbdən icra etmədiyini, himayəsində 1 azyaşlı uşağının olduğunu və əməlindən peşman olduğunu bildirmiş, barəsində qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranması üçün aşağıdakı şərtlər olmalıdır: şəxsin barəsində icra edilməli məhkəmə və ya digər orqanın qərarı olmalı, şəxs bu qərarın icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirilməməli və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə onu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini icra etməməli və bu icra edilməmə üzrsüz səbəbdən baş verməlidir. Şəxsin təqsirləndirildiyi inzibati xəta əməlini yuxarıda qeyd edilən şərtlər daxilində tədqiq edən məhkəmə bildirir ki, protokola əlavə edilmiş Babək Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli, 2(079)-111/2023 nömrəli icra vərəqəsinə əsasən Şəxs Azər-Türk Bank ASC-nin xeyrinə 6589.13 manat əsas borc və 86.30 manat dövlət rüsumunun, Babək rayon Notariat ofisinin xx.xx.2022-ci il tarixli icra qeydinə əsasən isə cəmi 2474 manat 81 qəpik borcun tutularaq Kapital Bank ASCnin xeyrinə ödənilməsi qət olunmuş və icraya yönəldilmişdir. Barəsində icraat aparılan şəxs və icra məmurunun izahatından, həmçinin məhkəməyə təqdim olunmuş xx.xx.2023-cü il tarixli qəbzlərin surətindən borclu tərəfindən Babək rayon Notariat ofisinin xx.xx.2022-ci il tarixli icra qeydi üzrə xx.xx.2023-cü il tarixdə cəmi borcun və icra ödənişinin ödənildiyi müəyyən olunur. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Babək Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli, 2(079)-111/2023 nömrəli icra vərəqəsinə əsasən Şəxs 6589.13 manat əsas borc və 86.30 manat dövlət rüsumunun alınıb Azər-Türk Bank ASC-nin xeyrinə ödənilməsinin müəyyən olunmasına baxmayaraq borclu tərəfindən icra sənədi üzrə heç bir ödəniş olunmamışdır. Sonuncu şərtin mövcudluğunun yoxlanılmasına gəldikdə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, məhkəmənin qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının, qərarının və ya əmrinin icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə araşdırma zamanı müəyyən etmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məhkəmə qətnaməsini icra etməməsi borclunun evli olmaqla himayəsində azyaşlı uşağının olması, gəlirinin şəxsin özü və ailəsinin ehtiyacları həddində olması, mülkiyyətində borcun icrasına yönəldə biləcəyi əmlakının olmaması kimi üzrlü səbəblərdən qaynaqlanmışdır. Belə ki, inzibati xəta haqqında protokola əlavə edilmiş Elektron İcra Sistemindən cavabdehin məlumatları üzrə çıxarışdan onun əmək haqqı, pensiya, təqaüd və sair gəlirlərinin olmadığı, mülkiyyətində heç bir daşınmaz əmlak və ya yol-nəqliyyat vasitəsinin olmadığı, həmçinin AZEMİS-dən çıxarışdan himayəsində xx.xx.2018 təvəllüdlü azyaşlı uşağının olması müəyyən olunmuşdur. İş üzrə araşdırma zamanı borclunun qərarın icrasından üzrsüz səbəbdən yayındığını göstərən tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun ödənilməsi imkanı olduğu halda ödənilməməsi kimi hallar müəyyən olunmamışdır. Konstitusiya Məhkəməsinin Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin onu da qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilibedilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra məmurunun tələblərinin icrası üçün səy göstərərək icra sənədlərinin biri üzrə tam icranı həyata keçirmiş, icra olunmayan hissədə isə icranın təmin edilməməsi üzrlü səbəblərdən qaynaqlanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1 və 53.1.2-ci maddələrinin mahiyyətindən isə aydın olur ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 4 sentyabr 2018-ci il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində inzibati xətalar haqqında işlər üzrə icraatın başlanmasını qadağan edən, habelə artıq başlanmış icraatın davam etdirilməsini mümkünsüz edən hallar təsbit edilmişdir. Bu halların aşkar edilməsi icraatın istənilən mərhələsində mümkün olduğundan, qanunverici inzibati xəta haqqında iş üzrə icraatın hər bir mərhələsində (inzibati xəta haqqında işin baxılmağa hazırlanması, inzibati xəta haqqında işə baxılması və inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması zamanı) İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan birinin müəyyən edilməsi əsası ilə icraata xitam verilməsini nəzərdə tutmuşdur (İnzibati Xətalar Məcəlləsinin 109.2, 114.2.1 və 135.1.5-1-ci maddələri). Həmin qərarda qeyd olunmuşdur ki, İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsində göstərilən “inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar” müddəasının həmin Məcəllənin 53-cü maddəsində müəyyən edilmiş halları ehtiva edib-etməməsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsində nəzərdə tutulmuş qeyd edilən müddəanın həmin Məcəllənin 53-cü maddəsində müəyyən edilmiş inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların bir qismini ehtiva etməsi mümkündür. Belə ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə (protestə) baxmağa hazırlıq mərhələsinin təyinatı iş üzrə sübutların qiymətləndirilməsinə yönələn hərəkətləri etmədən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə (protestə) baxılması üçün şəraitin təşkil edilməsindən, onun uğurla həyata keçirilməsi üçün ilkin təminatların yaradılmasından ibarətdir. İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan bəzi halların müəyyən edilməsi isə yalnız inzibati xəta haqqında işə mahiyyəti üzrə baxıldıqdan və müvafiq sübutlar qiymətləndirildikdən sonra mümkündür (məsələn 53.1.1, 53.1.2, 53.1.3-cü və s. maddələrdə göstərilən hallar). Bu səbəbdən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə (protestə) baxmağa hazırlıq mərhələsində İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsi ilə müəyyən edilmiş icraatı rədd edən hallardan mahiyyəti üzrə işə baxılmanı və sübutların qiymətləndirilməsini tələb etməyən hallar müəyyən olunarsa, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməlidir. Sadalanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 114.1-ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Eyni zamanda həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən şəxsin barəsində həbs haqqında qərar çıxarıldıqda həmin qərar dərhal icra olunur. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar