Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-93/2023 20.07.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim İsmayıl Günay Mikayıl qızının sədrliyi, X4 məhkəmə iclas katibi katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Babək rayon İcra və Probasiya şöbəsinin icra məmuru Sahil Qurbanovun iştirakı ilə, xx xxx 1995-ci ildə Babək rayonu, Cəhri kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, 1 (bir) uşaq atası, orta təhsilli, işsiz, Babək rayonu, Cəhri qəsəbəsində yaşayan Şəxs (Fin kod – xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinin 20 iyul 2023-cü il tarixli, 92271/xx-xx/2019 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 20 iyul 2023-cü il tarixli, 013204 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokola əlavə olunmuş Kəngərli Rayon Məhkəməsinin 05 fevral 2019-cu il tarixli, 2(111)-72/2019 nömrəli məhkəmə əmrinə əsasən Şəxs hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında alimentin 05 fevral 2019-cu il tarixdən başlayaraq tutulub 04 yanvar 2017-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün X2 ödənilməsi qət olunmuşdur. İnzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, Kəngərli Rayon Məhkəməsinin 05 fevral 2019-cu il tarixli, 2(111)-72/2019 nömrəli icra sənədi üzrə borclu Şəxs hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında alimentin 05 fevral 2019-cu il tarixdən tutularaq tələbkar X2 ödənilməsi qət olunmuş, borclunun icra sənədi üzrə 6845 manat borcu vardır, 1260 manat ödəniş etmişdir. İşin araşdırılması zamanı müəyyən olunmuşdur ki, Babək Rayon Məhkəməsinin 3(079)-33/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, onun barəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilmiş, qərar qanuni qüvvəyə minmiş və icra olunmuşdur. Protokola əlavə olunmuş xx.xx.2022-ci il tarixli iltizamla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra məmuruna aylıq aliment və yaranmış və yaranmış borcdan hər ay 150-200 manat miqdarında ödəniş edib, ödəniş qəbzlərini hər ay təqdim edəcəyini, əks təqdirdə məsuliyyətə cəlb olunacağı və barəsində görüləcək tədbirlərin izah olunduğunu bildirmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən belə məlum olur ki, icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası haqqında bildiriş və yazılı xəbərdarlıqlar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə təqdim olunmuşdur. 19 iyul 2023-cü il tarixdə təkrar xəbərdarlıq olunaraq 6845 manat borcunun olduğu, borcun ödənilmədiyi təqdirdə barəsində İXM-in 528.1-1-ci maddəsi ilə məsuliyyətə cəlb olunacağı bildirilmişdir. Həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs həmin tarixdə Babək Rayon İcra və Probasiya Şöbəsinə dəvət olunaraq icra işi ilə bağlı izahat verməsi tələb olunmuş, borclu icra işi üzrə 24 avqust 2022-ci il tarixdə həbs olunduğunu, ondan sonra cəmi 1260 manat ödəniş etdiyini bildirmiş, borcunu hissə-hissə ödəyəcəyini bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə görə, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.1-15.3-cü maddələrində qeyd edilir ki, məhkəmə aktları qətnamə, qərardad, qərar və əmr formasında qəbul edilir. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydaları və şərtləri “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. İcra haqqında qanunvericilikdə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası vəzifəsi icra məmurunun üzərinə qoyulmuşdur və sonuncunun bununla əlaqədar tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qeyd edilən qanunda, həmçinin məhkəmə qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə bilən tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. Həmin qanunun 82.1-ci maddəsinə görə, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Həmin məcəllənin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə müvafiq inzibati tənbeh (cərimə və ya inzibati həbs) tədbirlərinin tətbiq edilməsi nəzərdə tutulmuşdur. Həmin məcəllənin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Borclu tərəfindən icra sənədinin üzrlü səbəbdən icra edilməməsi ilə bağlı hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamış, əksinə borclunun izahatı əsasında onun gəlirinin olduğu, lakin uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq kimi fundamnetal hüququnun həyata keçirilməsinə xidmət edən məhkəmə qətnaməsinin icrasını tələb edən icra məmurunun qanuni tələblərinin üzrsüz səbəbdən icra olunmadığı müəyyən olunmuşdur. Borclu tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilməmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018ci il tarixli qərarında bildirilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. Borclunu müəyyən hərəkətlər etməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi, buna görə inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə həmin inzibati xəta əməlinin təkrar törədildiyi inzibati xəta haqqında protokol, eləcə də protokola əlavə edilmiş və iş materiallarında olan, məhkəmə iclasında tədqiq olunan sənədlərlə və barəsində icraat aparılan şəxsin məhkəmədə verdiyi izahatı ilə tam sübuta yetirilmişdir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında X3 ilə 2019-cu ildə ayrıldıqdan sonra Kəngərli Rayon Məhkəməsinin qərarı ilə qızı Əhmədova Nurcanın saxlanılması üçün aliment müəyyən olunduğunu, bu barədə 2019-cu ilin noyabr ayında Türkiyədən ölkəyə qayıtdıqda məlumat aldığını, buna baxmayaraq həmin vaxtdan indiyə qədər qərarı icra edə bilmədiyini, bunun səbəbinin həm maddi çətinlik olduğunu, 2019-cu ildən Bakı şəhərinə getdiyini, orada başqa bir qadınla nikaha daxil olduğunu, həmin evlilikdən də 2 övladının dünyaya gəldiyini, ailəsi ilə birlikdə həmin vaxtdan etibarən Bakı şəhərində yaşadığını, həmin uşaqlar nikahdan kənar dünyaya gəldiyindən atalığın müəyyən olunmadığını, lakin onun himayəsində olduqlarını, daş ustası yanında fəhlə işlədiyini, aylıq qazancının 400-500 manat aralığında dəyişdiyini, barəsində Babək rayon Məhkəməsinin qərarı ilə eyni məsələyə görə 2022-ci ilin avqustunda 8 gün müddətə inzibati həbs seçildiyini, tənbehin icra olunduğunu, ondan sonra aliment borcu və aylıq ödənişi hər ay 150- 200 manat aralığında ödəyəcəyinə dair tələbkarla razılaşdığını, yenidən Bakı şəhərinə qayıtdığını, getdikdən sonra noyabr ayından indiyə qədər cəmi 1260 manat ödəniş etdiyini, 2023-cü ilin yanvar ayında ödəniş etmədiyini, may ayından isə ödənişi dayandırdığını, barəsində olan axtarış qərarı icra olunaraq Naxçıvana gətirildiyini, bundan sonra da heç bir ödəniş edə bilmədiyini, məhkəmə qərarının icrası ilə bağlı icra qurumunun xəbərdarlıqlarını aldığını, icra sənədinin icrası ilə bağlı ona rəsmi qaydada yazılı şəkildə və birbaşa xəbərdarlıq olunduğunu, lakin yığılmış aliment borcunu ödəməyə imkanı olmadığını, imkan olanda borcunun hamısını qaytaracağını, əlilliyinin olmadığını, protokolun tərtib olunması üçün 20 iyul 2023-cü il tarixdə şöbəyə dəvət olunduğunu və əməlindən səmimi peşman olduğunu bildirmişdir. Babək rayon İcra və Probasiya şöbəsinin icra məmuru Sahil Qurbanov məhkəmə iclasında verdiyi izahatında icra sənədinin icraya yönəldildiyi vaxtdan borcluya icra sənədi ilə bağlı lazımi məlumatların vaxtında verildiyini, onun barəsində çıxarılmış axtarış qərarı əsasında şəxsin Naxçıvana gətirilərək 7000 manatdan artıq olan gecikmiş borcunun və aylıq aliment ödənişinin icra edilməməsinə görə verdiyi protokola baxılaraq Babək Rayon Məhkəməsinin qərarı 2022-ci ilin avqustunda 8 gün müddətə inzibati həbs seçildiyini, tənbehin icra olunduğunu, ondan sonra aliment borcu və aylıq ödənişi hər ay 150-200 manat aralığında ödəyəcəyinə dair tələbkarla razılaşdığını, 4 oktyabr 2022-ci ildə 400 manat, noyabr ayında 160 manat, dekabrda 150 manat ödənişlər edib qəbzlərini şöbəyə göndərdiyini, 2023-cü ilin yanvar ayında ödəniş etmədiyini, 22 fevralda 150 manat ödəniş etdiyini, aprel ayında ödəniş etmədiyini, may ayında isə 400 manat ödəniş etdiyini, yəni yanvar, iyun və iyul aylarının ödənişinin olunmadığını, həbs olunduqdan sonra cəmi 1260 manat ödəni. Olunduğunu, barəsində 2023-cü ilin martında yenidən axtarış qərarının çıxdığını və Naxçıvana gətirildiyini, tələbkarın şikayətlərinin hər ödəniş olunmadıqda təkrarlandığını, hazırda borclunun cəmi 6845 manat borcunun olduğunu bildirmiş, şəxsin əməlində inzibati xəta tərkibinin olması nəzərə alınmaqla qanuni tədbir görülməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktın məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi məhkəmədə tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9-cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbehin məqsədləri isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində öz əksini tapıb. Həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edilərkən şəxsin törətmiş olduğu inzibati xətanın xarakteri və təqsirin dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin əməl qəsdən törədilmiş və eyni zamanda idarəçilik qaydaları əleyhinə olan inzibati xətadır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməldən səmimi peşman olması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirilən haldır. Şəxsin əməlində məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Həmçinin Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsində qeyd edilən barəsində həbs inzibati tənbeh tədbiri tətbiq edilə bilməyən şəxslər dairəsinə daxil olması ilə bağlı hallar müəyyən olunmamışdır. İşin bu hallarını nəzərə alaraq hesab edirəm ki, onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında qeyd olunmuş həbs inzibati tənbeh növü tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin sanksiyasından da aydın olur ki, inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbeh növü olan həbsin yalnız yuxarı həddi müəyyən edilmişdir. Qeyd edilən Məcəllənin 31.4-cü maddəsinin tələbinə görə isə həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən də görünür ki, inzibati tənbeh tətbiq edilməsinin əsas məqsədlərindən biri inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə inzibati xəta törətmiş şəxs tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaqdır. Qüvvəyə minmiş məhkəmə qərarlarının vaxtında və düzgün icra edilməsi Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi ilə təmin olunan məhkəmə müdafiəsi hüququnun tərkib hissəsidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 22 may 2015-ci il tarixli Qərarı). Məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarı). Qanunvericiliyin qeyd edilən normalarını, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halın mövcudluğunu nəzərə alan məhkəmə hesab edir ki, Şəxs 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq edilməsi inzibati tənbehin məqsədinə uyğundur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Qanunvericiliyin tələbinə əsasən şəxsin azadlığının faktiki olaraq məhdudlaşdırıldığı vaxtdan o, tutulmuş hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsi ilə müəyyən edilir ki, inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. İşin araşdırılması zamanı aydın olur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 20 iyul 2023-cü il tarixdə barəsində inzibati xəta haqqında protokol tərtib edilmək üçün Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinə dəvət olunmuş və gəlmişdir. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, onun tutulması 20 iyul 2023-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən şəxsin barəsində həbs haqqında qərar çıxarıldıqda həmin qərar dərhal icra olunur. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib, onun barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs müddəti 20 iyul 2023-cü il tarixdən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X7 həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(079)-93/2023
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-93/2023
20.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver