Məhkəmə qərarları › İş №3(079)-96/2023

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-96/2023

04.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-96/2023 04.08.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim İsmayıl Günay Mikayıl qızının sədrliyi, X2 məhkəmə iclas katibi katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, protokol tərtib edən orqan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin nümayəndəsi Nümayəndə iştirakları ilə, xx xxxxxx 1993-cü ildə Babək rayonu, Kərimbəyli kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Kərimbəyli kənd bələdiyyəsinin sədri və Babək Rayon Mədəniyyət Şöbəsində bədii rəhbər vəzifəsində işləyən, Babək rayonu, Kərimbəyli kəndində yaşayan Şəxs (Fin kod – xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq qəraraaldı: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin 21 iyul 2023-cü il tarixli məktubu ilə daxil olmuş İsmayılov Əİəkbər Həşim oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair 01 iyul 2023-cü il tarixli, 013222 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında işə baxılması zamanı müəyyən olunmuşdur ki, Babək Rayon Kərimbəyli kənd bələdiyyəsinin sədri İsmayılov Əİəkbər Həşim oğlu mütləq təqdim edilməli olan bələdiyyə aktının bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana təqdim etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İsmayılov Əİəkbər Həşim oğlu məhkəmə iclasında verdiyi izahatında Kərimbəyli kənd sakini Cövdət Əliyevin 27 aprel 2023-cü il tarixdə 95 m2 bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin onun mülkiyyətinə verilməsi ilə bağlı ərizə ilə bələdiyyəyə müraciət etdiyini, bununla bağlı bələdiyyə tərəfindən müvafiq protokol tərtib olunaraq müvafiq rəylərin alınmasından ötrü Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Babək rayon İdarəsinə, Babək şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinə və Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət olunması barədə qərar qəbul olunduğunu, həmin qərarın xx.xx.2023-cü il tarixdə qəbul olunduğunu, sözügedən təşkilatlara qərarın surətinin göndərildiyini və müvafiq rəylərin təqdim olunmasını gözlədiyini, həmin rəylər əsasında qəbul ediləcək bələdiyyə aktının inibati nəzarətin həyata keçirilməsi üçün Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinə göndərilməli olduğunu düşünərək xx.xx.2023cü il tarixdə müşayiət məktubunu yazsa da bələdiyyə aktını yalnız xx.xx.2023-cü il tarixdə Mərkəzə verdiyini, qaydalarda dəyişikliyin olması barədə təlimatlandırma işinin görüldüyünü, lakin bununla bağlı vəzifəsini tam anlaya bilmədiyindən bələdiyyə aktını qanunla nəzərdə tutulan müddətdə təqdim edə bilmədiyini, törətdiyi əməldən peşman olduğunu bildirmiş, qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin nümayəndəsi Nümayəndə izahatında “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının qanununa əsasən bələdiyyələr tərəfindən qəbul edilən bəzi qərarların 5 iş günü ərzində bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana təqdim edilməli olduğunu, bununla bağlı bələdiyyələrin hamısına, həmçinin Babək Rayon Kərimbəyli Bələdiyyəsinə tövsiyyə məktublarının göndərildiyini, eyni zamanda sosial şəbəkələrdə yaradılan qruplarda bələdiyyə sədrlərinə bu barədə mütəmadi olaraq məlumatlar verildiyini, Kərimbəyli kənd bələdiyyəsini sədri Şəxs 08 may 2023-cü il tarixli, 06 nömrəli bələdiyyə qərarını Ədliyyə Nazirliyinə 20 iyul 2023-cü il tarixdə göndərdiyini, belə ki əvvəllər mövcud olan prosedur əsasında bələdiyyə tərəfindən müvafiq orqanlara sorğular verilib və sənədlər toplandıqdan sonra 20 iyul 2023-cü il tarixdə Ədliyyə Nazirliyinə məlumat verildiyini, Şəxs isə sorğuların göndərildiyinə dair ilkin qərarı göndərmədən, rəylər toplandıqdan sonra müraciət etdikdə ilkin bələdiyyə aktının 5 gün müddətində göndərilmədiyini müəyyən etdiklərini bildirmiş, şəxsin barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatından belə məlum olur ki, icra sənədinin icraata daxil olması barədə bildiriş, xəbərdarlıq və təkrar xəbərdarlıqlar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə təqdim olunmuş, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Babək Rayon İcra və Probasiya Şöbəsinə dəvət olunaraq icra sənədinin icra olunmamasının nəticələri ilə bağlı təkrar xəbərdar edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsində bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1 və 6.1.3-cü maddəsinə əsasən bu Qanunun 5.0.1ci maddəsində nəzərdə tutulmuş əsas üzrə inzibati nəzarətin həyata keçirilməsini təmin etmək məqsədi ilə bələdiyyələr qəbul etdikləri bələdiyyə mülkiyyətində olan əmlaka dair mülkiyyət hüququnun həyata keçirilməsi barədə aktların bir surətini həmin aktların qəbul edildiyi andan 5 iş günündən gec olmayaraq inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. İnzibati xəta haqqında protokola əlavə olunmuş Babək Rayon Kərimbəyli Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 06 saylı iclas protokolundan belə məlum olur ki, həmin tarixdə Kərimbəyli kənd ünvanında yerləşən 95 m2 torpaq sahəsi üzərində sahibkarlıq məqsədilə bələdiyyənin mülkiyyət hüququnun qeydə alınması üçün müvafiq rəylərin alınmasından ötrü Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Babək rayon İdarəsinə, Babək şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinə və Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət olunması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzininə ünvanlanmış müşayiət məktubunda qeyd olunmuşdur ki, Babək Rayon Kərimbəyli Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 06 saylı iclas protokolunun və 06 saylı iclas protokoldan çıxarışın (bələdiyyə aktının) surəti inzibati nəzarət qaydasında baxılması üçün Sizə göndərilir. Sözügedən məktubun Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinə daxil olma ştampının üzərində xx.xx.2023-cü il tarix qeyd olunmuş və baxılmasına dair dərkənar xx.xx.2023-cü il tarixdə qoyulmaqla imzalanmışdır. Beləliklə məhkəmə araşdırması zamanı protokol və ona əlavə olunmuş sənədlər, barəsində icraat aparılan vəzifəli şəxsin izahatı əsasında Babək Rayon Kərimbəyli Bələdiyyəsi tərəfindən xx.xx.2023-cü il tarixli, 06 saylı iclas protokolu ilə bələdiyyə mülkiyyətində olan əmlaka dair mülkiyyət hüququnun həyata keçirilməsi barədə aktın çıxarıldığı, sözügedn aktın 5 iş günü müddətində bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərilmədiyi müəyyən olunmuşdur. Protokola əlavə olunmuş Babək Rayon Kərimbəyli Bələdiyyəsinin xx.xx.2020ci il tarixli, 01 saylı qərarı ilə İsmayılov X1 Bələdiyyəsinin sədri seçilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək qeyd edir ki, İsmayılov Əİəkbər Həşim oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol, eləcə də protokola əlavə edilmiş və iş materiallarında olan, məhkəmə iclasında tədqiq olunan sənədlərlə, özünün məhkəmədə verdiyi izahatı ilə tam sübuta yetirilmişdir. Məhkəmə belə hesab edir ki, İsmayılov Əİəkbər Həşim oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi məhkəmədə tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9-cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbehin məqsədləri isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində öz əksini tapıb. Həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Bundan əlavə həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İsmayılov Əİəkbər Həşim oğlunun səmimi peşmançılığı Azərbaycan Respublikası İnzibati- Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 33.1-ci maddəsində qeyd edilən məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən də görünür ki, inzibati tənbeh tətbiq edilməsinin əsas məqsədlərindən biri inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməkdir. İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsində qeyd edilir ki, inzibati cərimə həmin Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. İnzibati Xətalar Məcəlləsinin 25.4-cü maddəsində qeyd edilir ki, manatla hesablanan və inzibati xətaya görə fiziki şəxsdən alınan inzibati cərimənin məbləği beş min manatdan, vəzifəli şəxsdən alınan inzibati cərimənin məbləği on min manatdan, hüquqi şəxsdən alınan inzibati cərimənin məbləği əlli min manatdan artıq ola bilməz. İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsində qeyd edilir ki, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeyd hissəsinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Sözügedən halları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə təqsirli bilinib barəsində 400 (dörd yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq olunmalı və cərimə məbləği Şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 25.8-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş hallar istisna olmaqla, inzibati cərimə Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə təqsirli bilinsin. Şəxs barəsində 400 (dörd yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq olunsun və cərimə məbləği Şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qərarın icrası Babək Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Günay İsmayıl

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar