Məhkəmə qərarları › İş №3(079)-96/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №3(079)-96/2025

25.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 3(079)-96/2025 25.06.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Mən, Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri işin baxılmağa hazırlanması ilə əlaqədar nəzərdən keçirərək müəyyənetdim: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Suraxanı Rayon Polis İdarəsinin 17 iyun 2025-ci il tarixli, 3-13-54/2-12402/2025 məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair 06 iyun 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış materiallarla birlikdə aidiyyəti üzrə Babək Rayon Məhkəməsinə göndərilmişdir. Daxil olan sənədləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 106-cı maddəsinin tələbləri daxilində yoxlayaraq məhkəmə qeyd edir ki, həmin maddədə işin baxılmağa hazırlanması mərhələsində hakim tərəfindən araşdırılmalı olan məsələlərin dairəsi müəyyən edilmişdir. Məhkəmə tərəfindən yoxlanılmalı məsələlərdən biri də inzibati xəta haqqında protokol və işin digər materiallarının həmin Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsidir. Daxil olan sənədlərdən aydın olur ki, Şəxs İXM-in 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirləndirilir. İXM-nin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud həmin Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İXM-nin 127-ci maddəsinə əsasən həmin Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs həmin Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılmaqla, onun iştirakı olmadan barəsində inzibati xəta haqqında protokol tərtib edilir və müvafiq sənədlərlə birlikdə baxılmaq üçün aidiyyəti üzrə məhkəməyə göndərilir. Göründüyü kimi İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranması üçün aşağıdakı şərtlər olmalıdır: -törədilmiş əməl yol hərəkəti qaydaları əleyhinə, yaxud həmin Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta olmalı; -həmin xətanın törədilməsinə görə şəxsin barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməli; -bu qərar qanuni qüvvəyə minməli; -qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməlidir. Protokola əlavə edilmiş 16 fevral 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən belə məlum olur ki, xx.xx.2025-ci il tarixdə saat 13:53-də “OZGUL” yarımqoşqu markalı 99ZK331 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Şəxs yük daşıma qaydalarının pozulması nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə onun barəsində 40 (qırx) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Digər şərtin, yəni xətanın törədilməsinə görə şəxsin barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərarın qanuni qüvvəyə minməsi şərtinin mövcudluğuna gəldikdə isə məhkəmə aşağıdakıları qeyd edir. İXM-nin: - 125.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə yerləşdirilmiş inzibati xəta haqqında protokol və ya inzibati xəta haqqında iş üzrə qərar həmin anda elektron qaydada, həmçinin müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə yerləşdirilir. - 125.2-ci maddəsinə əsasən inzibati xətanı törətmiş nəqliyyat vasitəsinin istifadəçisi (həmçinin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar hüquqi şəxs, yaxud istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar dövlət qurumu) inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə aşağıdakı qaydada məlumatlandırılır: - müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi inzibati xəta haqqında protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə dərhal yerləşdirir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron ünvanına (olduğu halda) göndərir; (125.2.1-ci maddə) - eyni zamanda müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında elektron protokolun və ya inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir; (125.2.2-ci maddə) - inzibati tənbeh vermə haqqında elektron qərar əlavə edilmiş materiallarla birlikdə müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemi tərəfindən kağız daşıyıcıda çap olunaraq, bu Məcəllənin 57.1–57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi üçün 2 gün ərzində müvafiq icra hakimiyyəti orqanına göndərilir. (125.2.3-ci maddə) - Nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetdə şəxsin hansı tarixdə inzibati xəta haqqında protokol və ya inzibati xəta haqqında iş üzrə qərar barədə həmin Məcəllənin 125.2.1–125.2.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılması haqqında qeyd yerləşdirilməlidir. Müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi həmin Məcəllənin 125.2.2-ci maddəsində nəzərdə tutulmuş SMS məlumatın nəqliyyat vasitəsinin istifadəçisinə çatdırıldığı vaxt barədə və nəqliyyat vasitəsinin istifadəçisinin həmin Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş inzibati xəta haqqında iş üzrə qərarla və onun əlavələri ilə tanış olduğu vaxt barədə məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə göndərməlidir. SMS məlumatın nəqliyyat vasitəsinin istifadəçisinə çatdırıldığı vaxt barədə və nəqliyyat vasitəsinin istifadəçisinin həmin Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş inzibati xəta haqqında iş üzrə qərarla və onun əlavələri ilə tanış olduğu vaxt barədə məlumatlar, həmçinin nəqliyyat vasitəsinin istifadəçisinin elektron kabinetinə yerləşdirilir və onun elektron ünvanına (olduğu halda) göndərilir. (125.3-cü maddə) - Foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə çıxarılmış inzibati tənbeh vermə haqqında elektron qərarın həmin Məcəllənin 57.1–57.5-ci maddələrində nəzərdə tutulmuş qaydada “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi vasitəsilə rəsmi çatdırılması barədə məlumatlar 1 gün müddətində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müvafiq icra hakimiyyəti orqanlarının informasiya sistemlərinə göndərilir. (125.4-cü maddə) Qanunvericiliyin tələbindən aydın olur ki, inzibati xəta istər foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə, istərsə də edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə həmin əmələ hüquqi qiymətin verilməsi nəticəsi olaraq qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsindən sonra o, elektron kabinetə dərhal yerləşdirilməli və bu barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə məlumat verilməli, eyni zamanda qərar rəsmi qaydada barəsində inzibati xətə törətmiş şəxsə göndərilməli və ya təqdim edilməli, sonuncu həmin qərarı aldıqdan sonra 3 ay müddətində icra etmədikdə isə onun barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokol tərtib edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Suraxanı Rayon Polis İdarəsi tərəfindən qəbul edilmiş 16 fevral 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın Şəxs çatdırıldığı vaxt barədə və təqdim edilməsini təsdiq edən sənədlər məhkəməyə təqdim edilməyib. Sözügedən hal isə özlüyündə Şəxs barəsində qəbul edilmiş inzibati tənbeh tətbiq etmə haqqında qərarı alması və belə bir qərarın qanuni qüvvəyə minməsi vaxtını müəyyən etməyə imkan vermir. Belə ki, inzibati xəta haqqında iş üzrə qərarın, şikayət ya protest üzrə qəbul edilmiş qərarın qanuni qüvvəyə minməsi qaydaları İXM-nin 138-ci maddəsində tənzimlənir. Həmin Məcəllənin 138.1 və 138.1.1-ci maddəsinin tələbinə görə əgər qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün inzibati xəta haqqında iş üzrə qərar, habelə şikayət və ya protest üzrə qəbul edilmiş qərar qanuni qüvvəyə minir. İXM-nin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona həmin Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Yuxarıda da qeyd edildiyi kimi sənədin rəsmi qaydada verilməsi İXM-nin 57-ci maddəsi ilə tənzimlənir. Həmin maddədən məlum olur ki, inzibati xəta haqqında iş üzrə sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən ünvan sahibinə şəxsən verildiyi vaxtdan; sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verildiyi hallarda; ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan; sənədin çatdırılması tapşırılmış digər şəxslər sənədin çatdırılması barədə müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verdiyi vaxtdan; həmin Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən inzibati xəta haqqında iş üzrə qərarın nəqliyyat vasitəsinin istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta haqqında həmin Məcəllənin 125.2.2-ci maddəsində nəzərdə tutulan qaydada SMS məlumat çatdırıldığı vaxtdan; nəqliyyat vasitəsinin istifadəçisi həmin Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş inzibati xəta haqqında iş üzrə qərarla və onun əlavələri ilə tanış olduğu vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) rəsmi qaydada verilmiş hesab olunur. Şəxs barəsində qəbul edilmiş inzibati tənbeh tətbiq etmə haqqında qərarı alması və həmin qərarın qanuni qüvvəyə minməsi vaxtının müəyyən edilməməsi isə öz növbəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranıb-yaranmamasını müəyyən etməyə imkan vermir. Göründüyü ki, materiallar natamamdır və işə baxılarkən də tamamlamaq mümkün deyil. İXM-nin 109.1 və 109.1.6-cı maddələrinə görə isə protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair 06 iyun 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Suraxanı Rayon Polis İdarəsinə geri qaytarılmalıdır. Yekunda məhkəmə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Suraxanı Rayon Polis İdarəsinin rəisinin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 103.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol (prokurorun qərarı) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Lakin İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol 06 iyun 2025-ci ildə tərtib edilməsinə baxmayaraq, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Suraxanı Rayon Polis İdarəsi tərəfindən Babək Rayon Məhkəməsinə xx.xx.2025-ci il tarixdə göndərilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarı ilə müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109, 118-ci maddələrini rəhbər tutaraq qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair 06 iyun 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Suraxanı Rayon Polis İdarəsinə geri qaytarılsın. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Suraxanı Rayon Polis İdarəsinin rəisinin diqqətinə çatdırılsın ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 103.1-ci maddəsinin tələbinə əməl edilməsinə nəzarəti artırsın. Bu qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar