Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-97/2025 08.07.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim əvəzi Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Babək Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 iştirakları ilə, xx.xx.1987-ci ildə Babək rayonu, Zeynəddin kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işsiz, Babək rayonu, Zeynəddin kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs (Fin kod – xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – “İXM”) 528.1ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinin 07 iyul 2025-ci il tarixli, 45593/7xx-xx/2025 nömrəli məktubu ilə Şəxs İXM-in 528.1ci maddəsi ilə təqsirləndirilməsinə dair 07 iyul 2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında işə baxılması zamanı müəyyən olunmuşdur ki, Şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-290/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədləri üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. İnzibati xəta haqqında protokol Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-290/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən yaranmış borcunu ödəməkdən yayınması ilə əsaslandırılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında 2021-ci il tarixdə Zərərçəkmiş şəxs işlə bağlı ona 5500 manat pul verdiyini, özünün sadəcə vasitəçi olduğunu, lakin iş alınmadığından Zərərçəkmiş şəxs zəng edib “iş alınmadı pulun məndədir” dediyini, Mahirin isə ona “qoy qalsın” dediyini, Mahirlə 10 il birlikdə Bakı Dövlət Universitetində işlədiyini və bu vasitə ilə onu tanıdığını, bundan 15-20 gün sonra 1000 manat, 800 manat və 700 manat olmaqla zərərçəkmiş şəxsin kart hesabına ümumilikdə 3500 manat pul köçürdüyünü, qəbzlərin isə hazırda Bakı şəhərində olduğunu, özünün məhkəməyə çağırılıb dindirilmədən məhkəmənin onun əleyhinə qərar çıxarıldığını və 4100 manat borcunun olması barədə qərar çıxardığını, Hakim Xalidə xanımın qərarında da onun 2022-ci il tarixdə 3500 manat pulu hissə-hissə qaytardığının qeyd edildiyini və bu barədə ona sənəd verdiyini, 31 yanvar 2025-ci il tarixdə həbsdən çıxdığını, həmin vaxtadək 300 manat əmək haqqı aldığını aldığı əmək haqqının 50 faizi məbləğində pul tutulduğunu, Babək Rayon İcra və Probasiya şöbəsinə gəldikdən sonra 50 manat pul ödədiyini, həbsdə olarkən 2025-ci ilin may ayınadək əmək haqqından hər ay 75 manat olmaqla pul tutulduğunu, 2025-ci ilin may ayından sonra isə 50 manat pul ödədiyini, maddi imkanı olmadığı üçün ödəyə bilmədiyini İcra və Probasiya Şöbəsinin rəisi Əli müəllimə bildirdiyini, Əli müəllimin isə ona “sən ödəmə” dediyini, tələbkarın borcu ödəməsini soruşduqda isə ona “Əli müəllim qoymadı“ dediyini, işləmədiyini, maddi imkanı olmadığı üçün borcunu qaytara bilmədiyini, ödəniş etməsi barədə qəbzləri icra və probasiya şöbəsinə təqdim etmədiyini, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsinin mühasibi ilə danışdığını və onun əmək haqqından tutulan pullar barədə məlumat verə biləcəyini, tələbkarın özünün həmin sənədi çıxardığını, 3500 manat, 650 manat isə çıxarışa görə onun əmək haqqından tutulduğunu və 700 manat istintaq zamanı ona pul ödədiyini, hazırda tələbkara ümumilikdə 650 manat borcunun qaldığını, mühasib Kifayət xanımın ona probasiya şöbəsinin email adresinə bu barədə sənədlərin göndəriləcəyini bildirdiyini qeyd etmişdir. Babək Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəmə iclasında verdiyi izahatında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-290/2023 nömrəli 08 dekabr 2023-cü il tarixli icra vərəqəsinin 02 iyun 2025-ci ildə şöbənin icraatına daxil olduğunu, 04 iyun 2025-ci il tarixdə tələbin könüllü icrası haqqında bildiriş və icraata başlamaq haqqında qərarın borcluya və tələbkara göndərildiyini, 12 iyun 2025-ci il tarixdə isə borclunun xəbərnamələrə imza edib həmin sənədləri qəbul etdiyini, 20 iyun 2025-ci il tarixdə Zərərçəkmiş şəxs ərizə ilə şöbəyə müraciət edərək borclu Şəxs ona olan 4150 manat pulun tam şəkildə ödənilməsini xahiş etdiyini, borclu Şəxs könüllü icra müddəti keçməsinə baxmayaraq borcunu tam şəkildə ödəmədiyini, 07 iyul 2024-cü il tarixdə isə borclunun izahatının alındığını və ona görüləcək tədbirlər barədə xəbərdarlıq edildiyini, borclu Şəxs borcunu tam şəkildə ödəmədiyindən İXM-in 528.1-ci maddəsi ilə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək Babək Rayon Məhkəməsinə təqdim edildiyini, könüllü icra müddətinin 22 iyun 2025-ci il tarixdə bitdiyini, borclunun adına sorğular edildiyini, lakin onun adına hər hansı əmlak müəyyən edilmədiyini və hər hansı bir yerdə işləmədiyini, borclunun həbsdə olarkən ödəniş etməsi ilə bağlı hər hansı qəbz şöbəyə təqdim etmədiyini, tələbkarın ərizədə borclunun ona 650 manat pul qaytardığını qeyd etdiyini, Əli müəllimin ona pul ödəmə demədiyini, onun pulu tam şəkildə ödəməsini istədiyini, tələbkarın pulu tam şəkildə istədiyini, protokol tərtib etdikdən sonra borclunun 50 manat ödəniş etdiyini, və onun hazırda icra vərəqəsinə görə 4100 manat borcu qaldığını, borclunun borcun bir qismini ödəməsi ilə bağlı məlumat verdiyini, lakin bununla bağlı heç bir sübut şöbəyə təqdim etmədiyini qeyd etmişdir. Zərərçəkmiş şəxsə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. İXM-in 62.4-cü maddəsini rəhbər tutan məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qeyd edir ki, İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranması üçün aşağıdakı şərtlər olmalıdır: şəxsin barəsində icra edilməli məhkəmə və ya digər orqanın qərarı olmalı, şəxs bu qərarın icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirilməməli və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə onu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini icra etməməli və bu icra edilməmə üzrsüz səbəbdən baş verməlidir. Şəxsin təqsirləndirildiyi inzibati xəta əməlini yuxarıda qeyd edilən şərtlər daxilində tədqiq edən məhkəmə bildirir ki, protokola əlavə olunmuş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-290/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən maddi ziyana görə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs 4800 (dörd min səkkiz yüz) manat, həmçinin dövlət rüsumu üçün ödənilmiş 38 (otuz səkkiz) manat, ümumilikdə 4838 (dörd min səkkiz yüz otuz səkkiz) manat məbləğin təqsirləndirilən şəxs (mülki cavabdeh) Şəxs tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmiş və icraya yönəldilmişdir. Protokola əlavə olunmuş borcluya təqdim edilmiş xx.xx.2025-ci il tarixli təkrar xəbərdarlıq məktubunda icra sənədi əsasında yaranmış 4150 manat borcun dərhal tam ödənilməsi tələb olunmuş və icra edilməməsinin nəticələri izah olunmuşdur. Məhkəməyə təqdim olunmuş xx.xx.2025-cü il tarixli ərizənin surətindən aydın olur ki, borclu tərəfindən icra sənədi üzrə 700 manat istintaq zamanı, 650 manat isə 3 saylı cəzaçəkmədə olduğu müddətdə onun hesabından tutulmuş, həmçinin barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və Babək Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun izahatından Şəxs protokol tərtib edildikdən sonra borcundan 50 manat ödəniş etməsi müəyyən olunur. Sonuncu şərtin mövcudluğunun yoxlanılmasına gəldikdə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “İXM-in 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, məhkəmənin qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının, qərarının və ya əmrinin icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə araşdırma zamanı müəyyən etmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məhkəmə qətnaməsini icra etməməsi borclunun əmək müqaviləsi əsasında daimi gəlirinin olmaması, mülkiyyətində borcun icrasına yönəldə biləcəyi əmlakının olmaması kimi üzrlü səbəblərdən qaynaqlanmışdır. Belə ki, inzibati xəta haqqında protokola əlavə edilmiş Elektron İcra Sistemindən borclunun məlumatları üzrə çıxarışdan onun əmək haqqı, pensiya, təqaüd və sair gəlirlərinin olmadığı, mülkiyyətində heç bir daşınmaz əmlak və ya yol-nəqliyyat vasitəsinin olmadığı müəyyən olunmuşdur. Həmçinin barəsində icraat aparılan şəxsin və icra məmurunun izahatı əsasında şəxsin üzrlü səbəblərdən məhkəmə qətnaməsini tam icra etməməsi müəyyən olunmuşdur. İş üzrə araşdırma zamanı borclunun qərarların icrasından üzrsüz səbəbdən yayındığını göstərən tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun ödənilməsi imkanı olduğu halda ödənilməməsi kimi hallar müəyyən olunmamışdır. Konstitusiya Məhkəməsinin Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin onu da qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra məmurunun tələblərinin icrası üçün səy göstərərək icra sənədi üzrə qismən icranı həyata keçirmiş, icra olunmayan hissədə isə icranın təmin edilməməsi üzrlü səbəblərdən qaynaqlanmışdır. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 53.1 və 53.1.2-ci maddələrinin mahiyyətindən isə aydın olur ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən, İXM-in 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İXM-in 528.1-ci maddəsinin İXM-in 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 4 sentyabr 2018-ci il tarixli qərarına əsasən İXM-in 53-cü maddəsində inzibati xətalar haqqında işlər üzrə icraatın başlanmasını qadağan edən, habelə artıq başlanmış icraatın davam etdirilməsini mümkünsüz edən hallar təsbit edilmişdir. Bu halların aşkar edilməsi icraatın istənilən mərhələsində mümkün olduğundan, qanunverici inzibati xəta haqqında iş üzrə icraatın hər bir mərhələsində (inzibati xəta haqqında işin baxılmağa hazırlanması, inzibati xəta haqqında işə baxılması və inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması zamanı) İXM-in 53-cü maddəsində nəzərdə tutulmuş hallardan birinin müəyyən edilməsi əsası ilə icraata xitam verilməsini nəzərdə tutmuşdur (İXM-in 109.2, 114.2.1 və 135.1.5-1-ci maddələri). Sadalanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in 114.1-ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İXM-in 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Eyni zamanda İXM-in 156.1-ci maddəsinə əsasən şəxsin barəsində həbs haqqında qərar çıxarıldıqda həmin qərar dərhal icra olunur. Göstərilənləri və İXM-in 43, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Hakim əvəzi: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №3(079)-97/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-97/2025
08.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver