Məhkəmə qərarları › İş №3(079)-98/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-98/2024

28.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-98/2024 28.09.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim İsmayıl Günay Mikayıl qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Kərim oğlunun iştirakı ilə, xx xxxxxx 1987-ci ildə Babək rayonu Qahab kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Babək rayonu Yarımca kəndində yaşayan, orta təhsilli, Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsində ocaqçı işləyən, subay, 2 azyaşlı uşaq atası, məhkumluğu olmayan, (Fin kod – xxxxxxx) Şəxs Kərim oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Babək Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, 20224-2024 nömrəli məktubu ilə Şəxs Kərim oğlunun İXM-in 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2024-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər baxılması üçün Babək Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında işə məhkəmədə baxılması zamanı Şəxs Kərim oğlu tərəfindən THC (tetrahidrokannabinol) istehlak edildiyi aşkar olunmuşdur. 27 sentyabr 2024-cü il tarixli, 0795 nömrəli inzibati qaydada tutma protokoldan şəxsin həmin tarixdə saat 1200-da tutulub xx.xx.2024-cü il tarixdə 1530-da azad edildiyi müəyyən olunur. Şəxs Kərim oğlunun törətdiyi inzibati xəta əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə bildirir ki, İXM-in 76.1-ci maddəsinə əsasən maddi sübutlar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları, digər sənədlər, xüsusi texniki vasitələrin göstəriciləri, ekspertin rəyi, inzibati xəta haqqında protokol, həmin Məcəllə ilə müəyyən edilmiş digər protokollar sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin maddənin tələbinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməlidir. Qeyd edilən normanın tələbindən yola çıxaraq məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə törədilməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. İXM-in 3-cü maddəsində inzibati məsuliyyətə cəlb edilmənin əsasları müəyyən edilib. Həmin maddənin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsində isə inzibati xəta əməlinin anlayış verilib ki, qeyd edilən maddəyə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bundan əlavə İXM-in 13-cü maddəsində inzibati xətanın qəsdən törədilməsinə aydınlıq gətirilərək müəyyən edilib ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Şəxs Kərim oğlunun təqsirləndirildiyi maddənin dispozitiv şərtlərindən aydın olur ki, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi İXM-in 206-cı maddəsində nəzərdə tutulan inzibati xəta əməlinin tərkibinin yaranmasına səbəb olan əməldir. Şəxs Kərim oğlunun əməlində qeyd edilən dispozitiv şərtlərin mövcud olması ilə bağlı isə məhkəmə bildirir ki, "Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsində psixotrop maddə, həmçinin narkotik vasitə, psixotrop maddələrin və prekursorların dövriyyəsi və qanunsuz dövriyyəsinin anlayışları verilmişdir. Həmin maddəyə əsasən psixotrop maddələr - Azərbaycan Respublikasının qanunvericiliyi ilə bu cür təsnif edilmiş və dövriyyəsi məhdudlaşdırılmış hər hansı təbii və ya süni maddələr, təbii materiallar, habelə qanunvericiliklə yuxarıda göstərilən kateqoriyalara aid edilmiş və sui-istifadə zamanı insanların sağlamlığı üçün təhlükə yaradan digər vasitələr və materiallardır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş ikinci siyahıdan aydın olur ki, tetrahidrokannabinol (bütün izomerləri) psixotrop maddədir. "Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0.14-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz istehlakı - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsidir. Sözügedən qanunun 25.1-ci maddəsinə əsasən tibbi müayinə yalnız narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı və insan bədəni daxilində narkotik vasitələrin və psixotrop maddələrin gizlədilməsi hallarının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Narkotik sərxoşluq vəziyyətində olması və ya öz bədəni daxilində narkotik vasitələr və psixotrop maddələr daşıması haqqında əsaslı şübhələr olan, habelə özündə narkotik vasitələr və psixotrop maddələr aşkar edilmiş şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada tibbi müayinədən keçirilir. Tibbi müayinə dövlət narkoloji-tibb müəssisələrində həyata keçirilir. Qanunun 25.2-ci maddəsinə əsasən tibbi müayinə həkim-narkoloq, həkim olmadıqda isə feldşer-narkoloq tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Şəxsin tibbi müayinədən keçməsi haqqında tərtib edilən rəydə onun narkotik sərxoşluq vəziyyətində olub-olmaması, orqanizmdə insanın bioloji mühitlərinin tədqiqatı nəticəsində aşkarlanan narkotik vasitələrin və psixotrop maddələrin növü, ehtiyac olduqda miqdarı və təxmini istehlak etmə vaxtı əks etdirilməlidir. Protokola əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına X1 xx.xx.2024-cü il tarixli, 1728 nömrəli arayışında qeyd olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə dispanserdə narko-test üsulu müayinə nəticəsində Babək rayonu Yarımca kəndində qeydiyyatda olan Şəxs Kərim oğlundan həmin tarixdə götürülmüş sidik nümunəsində THC (tetrahidrokannabinol) müsbət aşkar olunduğu qeyd olunmuşdur. Protokola əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına X1 ambulator məhkəmə narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 377 nömrəli rəyinə əsasən Şəxs Kərim oğlunda narkomaniyaya xas əlamətlər aşkar olunmasa da fiziki və psixi asılılıq olmadan narkotik maddə istifadəsinin inkar edilmədiyi, hazırda abstinensiya əlamətləri olmadığına görə məcburi müalicəyə ehtiyacının olmadığı, xx.xx.2024-cü il tarixdə dispanserdə sidik narko-test vasitəsilə müayinə olunduğu və THC (tetrahidrokannabinol) qəbulunun müsbət aşkar olunduğu qeyd edilmişdir. Yuxarıda qeyd edilən maddi hüquq normalarını Şəxs Kərim oğlunun törətdiyi əməllə qarşılıqlı şəkildə tədqiq etdikdə onun İXM-in 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapır. Bu inzibati xəta haqqında protokol, eləcə də protokola əlavə edilmiş və iş materiallarında olan məhkəmə iclasında tədqiq olunan ekspert rəyi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı ilə sübuta yetirilmişdir. Şəxs Kərim oğlu məhkəmə iclasında vermiş olduğu izahatında Tərtər rayonuna toya getdiyini, orada ona psixotrop maddə təklif edildiyini, özünün də maraq üçün maddədən istifadə etdiyini, suallara cavabında isə Babək rayonu Yarımca kəndində yaşadıqlarını, 20 gün bundan əvvəl Tərtər rayonunda yaşayan bacısı Çimnazgilə qonaq getdiyini, bacısı Çimnazın ailəsi ilə birlikdə 15 il olar ki, Tərtər rayonunda yaşadığını, özünün hər il onlara gedibgəldiyini, qonşuluqda toy olduğundan oraya xına gecəsinə getdiklərini, lakin kimin toyuna getdiyini, yəni toy sahibinin adını bilmədiyini, toy məclisində ona bihuşedici maddə təklif edildiyini, kimin təklif etdiyini bilmədiyini, həmin şəxsin orta yaşlı bir kişi olduğunu, maddədən maraq üçün bir dəfə istifadə etdiyini, əlavə olaraq götürmədiyini, çəkən olmadığı üçün istifadə etdiyi maddənin nə olduğunu bilmədiyini, istifadədən sonra başının ağrıdığını və gedib yatdığını, ekspert rəyində qeyd olunan maddənin nə olduğunu bilmədiyini, siqaret formasında bükülmüş bir şey olduğunu, səhəri gün ayıldıqda da özünü artıq normal hiss etdiyini, maddəni xına gecəsi istifadə etdiyini, ondan sonra istifadə etmədiyini, səhəri gün də toya getdiklərini, lkain həmin maddəni ona təklif edən şəxsi orada görmədiyini, əvvəllər ailəli olduğunu, 13 və 15 yaşlarında 2 övladının olduğunu, məhkəmənin qətnaməsi ilə nikahının pozulduğunu, oğlu Cəsurun onun, qızı Zeynəbin isə keçmiş həyat yoldaşının yanında saxlanıldığını, hazırda da oğlunun öz yanında qaldığını, ikinci dəfə ailə həyatı qurmadığını, oğluna anasının baxdığını, əməlindən peşman olduğunu, özündə asılılıq əlamətləri hiss etmədiyini, hər hansı xəstəliyi olmadığını və buna görə dərman olaraq istifadə etmədiyini bildirmiş, bunlar nəzərə alınmaqla barəsində cərimə tənbeh tədbirini tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması gedişində Şəxs Kərim oğlunun tibbi göstəriş - həkimin təyinatı əsasında psixotrop maddələri istehlak etdiyi müəyyən olunmamışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" Azərbaycan Respublikasının Qanunu 17-ci maddəsinin 4-cü hissəsi ilə müəyyən edilir ki, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarda istehlakı ilə bağlı əməllər şəxsin inzibati məsuliyyətə, şəxsi istehlak miqdarından yuxarı miqdarla bağlı olan əməllər isə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəbdir. Beləliklə, Şəxs Kərim oğlunun İXM-in 206-cı maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi məhkəmədə tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Həmçinin İXM-in 206-cı maddəsinin qeyd hissəsində satış məqsədi olmadan hazırladığı, əldə etdiyi, saxladığı, daşıdığı və ya göndərdiyi şəxsi istehlak miqdarında narkotik vasitələri, psixotrop maddələri könüllü surətdə təhvil verən şəxsin bu maddədə nəzərdə tutulan hərəkətlərə görə inzibati məsuliyyətdən azad edilməsi göstərilsə də hazırda qeyd edilən hal mövcud deyil. İXM-in 206-cı maddəsinin mahiyyətinə görə qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsinə, saxlanılması, daşınması və ya göndərilməsi əməlini törətmiş şəxsə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. İXM-in “Ədalət prinsipi” adlanan 9-cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbehin məqsədləri isə İXM-in 21-ci maddəsində öz əksini tapıb. Həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Kərim oğluna inzibati tənbeh tətbiq edilərkən şəxsin törətmiş olduğu inzibati xətanın xarakteri və təqsirin dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin əməl qəsdən törədilmiş və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar inzibati xətadır. Məhkəmə Şəxs Kərim oğlunun əməlindən səmimi peşmançılığını İXM-in 32.1 və 32.1.1-ci maddələrinə əsasən yüngülləşdirici hal kimi nəzərə alır. Həmçinin məhkəmə İXM-in 32.2-ci maddəsinə istinadən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xx.xx.2011 və xx.xx.2009-cu il təvəllüdlü iki yetkinlik yaşına çatmayan uşağının olmasını yüngülləşdirici hal olaraq nəzərə alır. İş üzrə ağırlaşdırıcı hallar yoxdur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İXM-in 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən halı, iş üzrə məsuliyyəti ağırlaşdıran halın olmamasını nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Kərim oğlu İXM-in 206-cı maddəsi ilə təqsirli bilinib, inzibati qaydada cərimə edilməlidir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barəsində cərimə tətbiq edilməsi inzibati tənbehin məqsədlərinin həyata keçirilməsinə münasibətdə kifayətdir. İXM-in 31.4-1-cü maddəsinə görə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Bunu nəzərə alan məhkəmə hesab edir ki, cərimənin məbləği 300 (üç yüz) manat məbləğində müəyyən edilməlidir. İXM-in 25.1-ci maddəsində qeyd edilir ki, inzibati cərimə həmin Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Məhkəmə onu da qeyd edir ki, cərimə inzibati tənbeh növünün şərti tətbiq edilməsi üçün İXM-in 116-cı maddəsində qeyd edilən əsaslar mövcud deyil. Məhkəmə onu da vurğulayır ki, İXM-in 115.3-cü maddəsinin tələbinə görə inzibati xətaya görə inzibati həbs növündə inzibati tənbeh tətbiq etmə ilə eyni vaxtda narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində məcburi müalicənin tətbiqi məsələsi hakim tərəfindən həll edilir. "Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən tibbi yoxlama yalnız şəxsin narkomanlıq xəstəliyinə düçar olmasının ("narkoman" olduğunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada mülkiyyət formasından asılı olmayaraq narkoloji-tibb müəssisələrində həyata keçirilir. "Narkomanlıq" diaqnozu yalnız həkim-məsləhət komissiyası tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada müəyyən edilə bilər. Şəxsin tibbi yoxlamadan keçməsi haqqında həkim-məsləhət komissiyasının tərtib etdiyi rəydə onun narkomanlıq xəstəliyinə düçar olub-olmaması, düçar olduğu halda xəstəliyin mərhələsi və bununla əlaqədar müalicəyə ehtiyac dərəcəsi əks etdirilməlidir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına X2 tərəfindən verilmiş rəydə Şəxs Kərim oğlunun məcburi müalicəyə ehtiyacının olmaması qeyd edilmişdir. İşin yuxarıda qeyd edilən faktiki halını nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Kərim oğlunun barəsində narkomaniyadan məcburi müalicə tətbiq edilməməlidir. İXM-in 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5-ci, İXM-in 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Kərim oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Babək rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar