Məhkəmə qərarları › İş №3(079)-99/2023

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-99/2023

02.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-99/2023 02.08.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, şahidlər Şahid1 və Şahid2 iştirakı ilə xx xxxx 1973-cü ildə Şahbuz rayonu, Əzizbəyov kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı (FİN kodu xxxxxxx), orta təhsilli, evli, üç uşaq atası, Şahbuz rayonu, Daylaqlı kəndində qeydiyyatda olan, lakin Babək rayonu, Qahab kəndində yaşayan, müharibə veteranı,işsiz Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə işə Babək Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Babək Rayon Polis İdarəsinin 02 avqust 2023-cü il tarixli 3-13-43-7/2-5723/2023 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair 02 avqust 2023-cü il tarixli, 001970 nömrəli inzibati xəta haqqında protokol ona əlavə olunmuş sənədlərlə birlikdə 02 avqust 2023-cü ildə məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında işə məhkəmədə baxılması zamanı Şəxs 09 iyul 2023-cü il tarixdə təqribən saat 21-2200 radələrində Babək rayonu, Cəhri qəsəbəsində Zərərçəkmiş şəxs döyməsi və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsində nəzərdə tutulmuş, yəni “döymə” inzibati xəta əməlini törətməsi müəyyən edilmişdi. Belə ki, Şəxs məhkəmə iclasında vermiş olduğu izahatında övladının birinci qrup əlil olduğunu, onu Türkiyə Respublikasına müalicəyə aparmaq üçün pul lazım olduğunu, bu səbəbdən də bankdan kredit götürdüyünü, Nazilənin isə 400 manat qarşılığında ona zamin durduğunu, özünün evlərdə ustalıq etməklə pul qazandığını, Nazilə ilə də elə bu vasitə ilə tanış olduğunu, aralarında başqa hər hansı münasibət olmadığını, özünün bankdan 3000 manat kredit götürdüyünü, daha sonra ödəmələrdə 2 ay gecikmə olduğundan və Nazilə ona zamin olduğundan aralarında mübahisə yarandığını, Nazilənin ona zəng etdiyini, ona imkanı olmadığını, qısa vaxtda ödəniş edəcəyini bildirdiyini, hadisə baş verən günü əvvəlki iş yoldaşının, həmçinin arvadının qohumu olan şəxsin toy mərasimində olduğunu, Nazilənin anası ilə ora gəldiyini, toyda özünün bir az içki qəbul etdiyini, Seyid adı ilə tanıdığı şəxsin ona yaxınlaşaraq iki qadının onu çağırdığını dediyini, bundan sonra toy çadırından bayıra çıxarda Nazilə və anasını gördüyünü, onlara kənara çəkilməyi bildirdiyini, Nazilənin onu dinləmədən çığır-bağır etdiyini və onu didməyə başladığını, özünün ona əl qaldırmadığını, sadəcə onu getməsi üçün itələdiyini, ona “get səhər həll edərik” dediyini, Seyid adlı şəxsin onun qolundan tutub kənara apardığını, bu vaxt Nazilənin onun ailəsi və qızı haqqında nalayiq ifadələr işlətdiyini, özünün Naziləni o dərəcə döymədiyini bildirmişdi. Zərərçəkmiş şəxs məhkəmədə verdiyi izahatında İbrahimlə bir-birlərini əvvəldən tanıdığını, onun uşağı xəstə olduğundan və İbrahimə pul lazım olduğundan bankdan kredit götürdüyünü, özünün isə İbrahimə zamin durduğunu, İbrahimin zaminlik qarşılığında ondan 400 manat alması barədə dediklərinin yalan olduğunu, İbrahim banka olan borcunu ödəmədiyindən bankın əməkdaşının ona zəng etdiyini və İbrahim telefonlara cavab vermədiyindən zamin kimi ona zəng etdiyini bildirdiyini, bundan sonra aralarında kredit borcunun ödənilməməsi ilə bağlı mübahisə yarandığını, 08 və ya 09 iyul 2023-cü ildə anası və bacısının balaca qızı ilə birlikdə Əfqan adlı taksi sürücüsü ilə İbrahimin yaşadığı yerə getdiyini, əvvəlcə kənddə yaşayanlardan onun evinin soruşub tapdığını, lakin evdə olmadığından və ona İbrahimin toyda olmasını dediklərindən, maraqlanıb tapıb toy yerinə getdiyini, orada bir nəfərdən İbrahimi toydan çağırmasını xahiş etdiyini, təqribən 10-15 dəqiqə sonra onun gəldiyini, onun içki qəbul etmədiyini, bununla bağlı dediklərinin yalan olduğunu, İbrahimin onlara tərəf gəlməsindən sonra əli ilə işarə edərək arxasınca apardığını, sonra onu döyməyə başladığını, həmin anasını da vurduğunu, zərbənin təsirindən anasının yeriyə bilmədiyini, toy yerində olan insanların onları aralaşdırdığını, lakin İbrahimin yenidən onların üzərinə gədiyini və özü maşına mindikdən sonra gəlib onun saçından tutub onu vurduğunu qeyd etmişdi. Şahid2 məhkəmədə verdiyi izahatında taksi fəaliyyəti ilə məşğul olduğunu, Nazilə və onun ailəsini də elə bu vasitə ilə tanıdığını, demək olar ki, onların ailəvi sürücüsü olduğunu, bir gün Durnanın ona zəng edərək onları Cəhri qəsəbəsinə aparmasını istədiyini, həmin günü Nazilə, Durna və Nazilənin bacısının qızını Naxçıvan şəhərində yerləşən Cahan xeyir-şər məclisinin yanından götürüb Cəhriyə apardığını, söhbət zamanı Durnanın ona Nazilənin bir nəfərə zamin durduğunu, onun isə bankın pulunu vermədiyini, bu səbəbdən də Cəhriyə getdiyi dediyini, ora çatanda Durna və Nazilənin Cəhri qəsəbəsində olan adamlardan soruşub İbrahimin evini tapdıqlarını, onun evinə getsələr də evdə olmadığını, qonşuluqda yaşayan bir qadından onların toy məclisində olduğu öyrəndiklərini, bundan sonra isə soruşa-soruşa toy yerinə getdiklərini, özünün maşında Durnanın nəvəsi ilə oturduğunu, Nazilə və Durnanın isə toy çadrına tərəf getdiklərini, orada təqribən 15 dəqiqə durduqdan sonra İbrahimin toy çadırından çıxıb gəldiyini, əli ilə onlara işarə edib arxasınca apardığını, onların gəlib özünün saxladığı maşının yanından keçdiyini, həmin vaxt İbrahimin “gəlin sizə deyəcəyəm” sözünü eşitdiyini, əslində özünün heç vaxt İbrahimin Naziləyə əl qaldıracağını düşünmədiyini, elə buna görə də maşından düşmədiyini, bundan sonra dava düşdüyünü, İbrahimin Naziləni vurduğunu, həmin vaxt onları heç kimin aralaşdırmadığnı, sonra özünün maşından düşdüyünü və Nazilənin qolundan yapışıb maşına gətirdiyini, həmin vaxt orada olan maşınlardan onlara çıxması üçün yol verməsini istədiyini, bu zaman maşının arxa pəncərəsi açıq olduğundan İbrahimin gəlib Naziləni vurduğunu, həmin vaxt hava qaranlıq və hadisənin baş verdiyi yer toy yeri olduğundan adamların çox olması ilə bağlı İbrahimin Durnanı vurmasını görmədiyini, amma orada böyük biabırçılığın olduğunu və İbrahimin Nazilənə vurmasını şəxsən görməsini bildirmişdi. Şahid1 izahatında qızı Nazilənin İbrahimə zamin durduğunu, lakin onun bankın pulunu vermədiyindən bank tərəfindən onlara zəng edildiyini, bu vaxt özünün də İbrahimə dəfələrlə zəng edərək qızının nişanlı və atasız olduğunu, onun başını böyütməməsini, bankın pulunu ödəməsini dediyini, hadisə baş verən günü özünün n. şəhərində bacısının evində olduğunu, Əfqanın maşını ilə onun qapısına getdiyini, oradan isə toyda olduğunu öyrənib ora getdiklərni, əslində özü imkansız olduğundan bir də maşın tutmasın deyə toy yerinə getdiyini, orada tanımadığı bir nəfərdən İbrahimi çağırmasını xahiş etdiyini, ora getmədə məqsədinin ona borcun verilməsini istəməsi olduğunu, təqribən 10-15 dəqiqə sonra İbrahimin gəldiyini, əli ilə işarə edərək onları toy çadırından kənara apardığını, həmin vaxt İbrahimin Naziləyə əl qaldıracağına düşünmədiyini, İbrahim Naziləni vurduqdan sonra özünü Nazilənin üstünə atdığını, bundan sonra Əfqanı səslədiyini, bu zaman İbrahimin onu da vurduğunu, həmin vaxt onların hər ikisini döydüyünü, ona durduğu zərbələrin təsirindən qulağında olan sırğanın düşdüyünü və qulağında qan axdığını, alnının şişdiyini, özünün aldığı zərbə və zədənin Nazilədən çox olduğunu, əslində özünün də şikayətçi olduğunu, amma anlaşılmazla şikayət ərizəsinin ancaq qızının adından tərtib edildiyini qeyd etmişdi. Şəxs törətdiyi inzibati xəta əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinin mahiyyətinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə maddi sübutlar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları, digər sənədlər, xüsusi texniki vasitələrin göstəriciləri, ekspertin rəyi, inzibati xəta haqqında protokol, həmin Məcəllə ilə müəyyən edilmiş digər protokollar sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin maddənin tələbinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməlidir. Qeyd edilən normaların tələbindən yola çıxaraq məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında araşdırılmış sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində inzibati xəta əməlinin anlayış verilib. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bundan əlavə qeyd edilən Məcəllənin 13-cü maddəsində inzibati xətanın qəsdən törədilməsinə aydınlıq gətirilərək müəyyən edilib ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Şəxs təqsirləndirildiyi maddənin dispozitiv şərtlərindən aydın olur ki, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə inzibati xəta tərkibinin yaranmasına səbəb olan əməldir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi məhkəmədə tədqiq edilən sübutlarla öz təsdiqini tapır. Bu səbəbdən də o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbehin məqsədləri isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində öz əksini tapıb. Həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsində qeyd edilir ki, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş 10 iyul 2023-cü ərizəsindən aydın olur ki, yalnız Əliyeva X3 Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Babək Rayon Polis İdarəsinə özünün və anası Şahid1 döyməsi ilə bağlı şikayət ərizəsi ilə müraciət etmişdi. Yuxarıda qeyd edilən hüquq normasının tələbindən çıxış edərək məhkəmə bildirir ki, iş materiallarına əlavə edilmiş sənədlərdən Babək Rayon Polis İdarəsinə ünvanlanmış ərizənin yalnız Zərərçəkmiş şəxs tərəfindən verilməsi müəyyən edildiyindən, məhkəmə onu zərər çəkmiş şəxs kimi qəbul etmişdi. Çünki qanun normasından da görünür ki, şikayət etmək şəxsin hüququdur, vəzifəsi deyil. Həmçinin zərər çəkmiş şəxsin məhkəmədə verdiyi izahatından görünür ki, onunla Şəxs arasında barışıq mövcud deyil. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edilərkən şəxsin törətmiş olduğu inzibati xətanın xarakteri və təqsirin dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin əməl qəsdən törədilmiş və eyni zamanda sağlamlıq əleyhinə olan inzibati xətadır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əmlak vəziyyətinin qiymətləndirilməsi ilə bağlı isə məhkəmə qeyd edir ki, hazırda iş materiallarından da aydın olur ki, işsizdir və müharibə veteranıdır. Məhkəmə qeyd edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində göstərilən məsuliyyəti yüngülləşdirilən və ağırlaşdıran hallara rast gəlinmir. Lakin məhkəmə onun müharibə veteranı olmasını, övladının İ dərəcə əlilliyi olmasını və Şəxs ona qulluq etməsini məsuliyyəti yüngülləşdirilən hal hesab edir. Bunlar "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatlar, Şahbuz rayonu, Daylaqlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 02 avqust 2023-cü il tarixli, 132 və 133 nömrəli, Şahbuz Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin 02 avqust 2023-cü il tarixli, 327 nömrəli arayışları ilə müəyyən edilir. İş materiallarına əlavə edilmiş sənədlərdən o da aydın olur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsində qeyd edilən barəsində həbs inzibati tənbeh tədbiri tətbiq edilə bilməyən şəxslər dairəsinə daxil deyil. Belə ki, Şahbuz rayonu, Daylaqlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 02 avqust 2023-cü il tarixli, 133 nömrəli arayışından görünür ki, X2 onun arvadıdır. Yəni onun birinci dərəcə əlilliyi olan övladı həm də arvadı ilə birlikdə yaşayır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin qeyd hissəsində göstərilir ki, bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Bununla bağlı məhkəmə bildirir ki, iş materiallarına əlavə edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 29 iyul 2023-cü il tarixli qərarla Babək Rayon Polis İdarəsinin İstintaq və Təhqiqat Bölməsinin əməkdaşının şikayət ərizəsi əsasında toplanmış materiala baxaraq cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs əməlində inzibati xəta tərkibinin əlamətləri olduğundan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi üzrə inzibati məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul edilmişdir. Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X4 tərəfindən verilmiş 10 iyul 2023-cü il tarixli, 826 saylı canlı şəxsin ekspertizası üzrə rəydə qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər – hər iki gicgah nahiyyəsində tüklərin yolunması, tük diblərinə qansızma, sol bazusunda iki ədəd qançır, sağ budunda qançır bərk kut əşyanın (əşyaların ) təsirindən törənmişdi, müddəti müayinə olunanın özünün dediyi tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Həmçinin həmin birlik tərəfindən verilmiş 10 iyul 2023-cü il tarixli, 827 saylı canlı şəxsin ekspertizası üzrə rəydən görünür ki, Şahid1 bədənində müəyyən edilmiş xəsarətlər – hər iki gözünün ətrafında qançır, alnında şişkinlik, sağ bilək nahiyyəsinin qançır və sıyrığı, başında şışkinlikvətüklərin yolunması, tük diblərinə qansızma, sağ budunda və sağ sarğısında hematoma bərk küt əşyanın ( əşyaların) təsirindən törənmişdir, xəsarətlərin yetirilmə müddəti müayinə olunanın dediyi tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Yuxarıda qeyd edilənlərin nəticəsi olaraq məhkəmə hesab edir ki, Şəxs barəsində təqsirləndirildiyi əməlin sanksiyasında qeyd olunmuş həbs inzibati tənbeh növü tətbiq edilməlidir. Çünki baş vermiş inzibati xətanın xarakteri və nəticələri onu deməyə imkan verir ki, maddəsinin sanksiyasında qeyd edilən digər tənbeh növü inzibati tənbehin məqsədinə cavab vermir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasından da aydın olur ki, inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbeh növü olan həbsin yalnız yuxarı həddi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinin tələbinə görə isə həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yəni, hazırki vəziyyətdə Şəxs 15 (on beş) gündən az inzibati tənbeh növündə həbs tətbiq oluna bilməz. Beləliklə, Şəxs törətdiyi inzibati xəta sağlamlıq əleyhinə olmasını, həmin əməlin ictimai təhlükəliliyini və işin yuxarıda qeyd edilən hallarını nəzərə alan məhkəmə hesab edir ki, ona 17 (on yeddi) gün müddətinə inzibati həbs tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə müvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş materiallarında olan 02 avqust 2023-cü il tarixli, 0465 nömrəli tutma haqqında protokoldan da aydın olur ki, Şəxs barəsində həmin tarixdən tutulma tədbiri tətbiq edilmişdir. Eyni zamanda həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən şəxsin barəsində həbs haqqında qərar çıxarıldıqda həmin qərar dərhal icra olunur. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, onun barəsində 17 (on yeddi) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs müddəti 02 avqust 2023-cü il tarixdən hesablansın. Bu qərar dərhal icra olunsun. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X5 həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Sədrlik edən:- Zamiq Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar