Məhkəmə qərarları › İş №3(080)-13/2023

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərar — İş №3(080)-13/2023

22.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ordubad şəhəri İş № 3(080)-13/2023 22.02.2023 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Hakim Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs: xx.xx.2005-ci il tarixdə Ordubad Rayonu Parağa kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı,məktəbli, Ordubad rayonu Parağa kəndində qeydiyyatda olmaqla yaşayan. Barəsində Azərbaycan Respublikası İXM-nin 227-cu maddəsi ilə Ordubad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Şəxs xx.xx.2023-cü il tarixdə Ordubad rayonu, Parağa kənd sakini Zərərçəkmiş şəxs məxsus 1 ədəd qırmızı rəngli qaz balonu, 7 ədəd dairəvi formada bükülmüş alminum məftil, bir ədəd avtomobil ressoru,bir ədəd filyaq, 1 ədəd çuğun peç, və həmin peçin qapağını oğurlayaraq xırda talama əməli törətmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə 21 fevral 2023-cü il tarixli, seriya N 009343 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokolu tərtib etmiş Ordubad RPŞ-nin X3 polis sahə inspektoru kiçik leytinant X2 məhkəmə iclasında izahatında göstərdi ki, Şəxs həqiqətən yuxarıda göstərilən ünvanda qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. Məktəblidir, 11-ci sinifdə oxuyur. xx.xx.2023-cü il tarixdə saat təxminən 13 radələrində Şamaxı xalanın evinin yanından keçərkən Şəxs Məhəmmədə bildirmiş ki, gəl Şamaxı xalanın tövləsinin üzərinə baxaq, yararsız metal olarsa götürək. Onların həyət qapısı bağlı olduğundan onların həyətyanı sahəsindən həyətə daxil olmuşlar. Sonra hər ikisi tövlənin damına qalxaraq oradan bir neçə istifadə olunmuş, istifadəyə yararsız qısa metal boruların olduğunu gördüklərini, həmin boruları və əlavə olaraq bir ədəd təxminən 25 sm uzunluqda metal parçasını götürdüklərini, sonra oradan aşağı endiklərini, tapdıqları metal parçası ilə Şəxs tövləyə bitişik yardımçı tikilinin qapısının üzərində olan asma qıfıla salınmış zənciri açaraq hər ikisinin içəri daxil olaraq oradan bir ədəd metal kəsmək üçün istifadə olunmuş qayçı, bir ədəd istifadəyə yararsız mexaniki əl dreli, bir ədəd istifadəyə yararsız bıçaq itiləmək üçün çarx, 3 ədəd istifadəyə yararsız mis qab, 5 ədəd alüminium qab və 5 ədəd istifadəyə yararsız, yəni alt hissəsində deşikləri olan metal vedrənin olduğunu gördüklərini, həmin əşyaları oradan götürərək yardımçı tikilinin önünə yığdıqlarını, Şəxs yenidən mis qab axtarmaq məqsədi ilə Şamaxı xalanın zirzəmisinə girmələrini təklif etdiyini, Məhəmməd də onun bu təklifi ilə razılaşdığını, Şamaxı xalanın evinin giriş qapısı qıfılla bağlı olduğundan ikinci mərtəbəyə qalxmaq üçün nəzərdə tutulmuş taxta pillələrin yanına bağlanmış birinci pillənin qarşısında olan taxtalara bir-iki təpik vuraraq taxtaları çıxarmış, taxtaların yerindən Məhəmmədlə birlikdə içəri daxil olmuş, orada olan zirzəminin qapısı üzərində qıfıl olduğunu görmüş, Şəxs üzərində olan, tövlə damından götürdüyü metal parçası ilə həmin qıfıla salınmış zənciri açmış və hər ikisi zirzəmiyə daxil olmuşlar. Bir neçə dəqiqə orada mis axtardıqlarını, mis tapa bilmədikləri üçün ikinci mərtəbəyə qalxdıqlarını, orada olan otaq və mətbəx qapısının bağlı olduğunu gördüklərini, sonra aşağı enərək yardımçı tikilidən çıxardıqları həmin əşyaları gecə kənd mərkəzinə apararaq satmalarını planlaşdırdıqlarını,həmin gün saat 20 radələrində Heydərlə birlikdə yamacdan çıxardıqları və həyətlərində olan metalları kənd mərkəzinə gətirmişlər. Sonra Məhəmmədlə birlikdə Şamaxının yardımçı tikilisindən çıxararaq həyətlərinə yığdıqları metalları kənd mərkəzinə gətirdiklərini, Məhəmməd Ramin adlı şəxsə zəng vuraraq metal olduğunu və metalların satılması üçün kənd mərkəzinə gəlməsini bildirdiyini, bir neçə dəqiqə keçdikdən sonra Ramin həmin yerə gəldiyini, metal əşyaları tərəzidə çəkdiklərini, Şamaxı xalanın yardımçı tikilisindən götürdükləri metal əşyaların ümumi çəkisi 35 kq, mis əşyaların çəkisi 8 kq, alüminium əşyaların çəkisi isə 3 kq olduğunu, həyətlərindən götürdükləri və yamacdan çıxardıqları metalın ümumi çəkisi 150 kq yaxın olduğunu, Ramin həmin metalların qarşılığında onlara olan 32 manat borcu ilə birlikdə 122 manat pul verdiyini, hər birinə 61 manat düşdüyünü, Şəxs 14 yanvar 2023cü il tarixdə Məhəmmədə yaxınlaşaraq yenidən Zərərçəkmiş şəxs məxsus yardımçı tikilisinə getmələrini təklif etdiyini, 14 yanvar 2023-cü il tarixdə saat 13 radələrinə kimi Məhəmmədi gözlədiyini, amma Məhəmmədin gəlmədiyini, həmin saatlarda Şəxs Şamaxının yardımçı damına yenidən daxil olduğunu, oradan 1 ədəd qırmızı rəngli qaz balonu, 7 ədəd dairəvi formada bükülmüş alüminium məftil, bir ədəd avtomobil resoru, bir ədəd flyaq, bir ədəd çuqun peç və həmin peçin qapağını götürüb yardımçı damın qarşısına qoyduğunu, mis əldə etmək məqsədi ilə yenidən Şamaxının ikinci mərtəbədə yerləşən evinə qalxdığını, sol tərəf istiqamətdə yerləşən otağa yaxınlaşdığını, həmin otağın qapısı üzərində olan qıfılı metal parçası ilə zor tətbiq etmə üsulu qapıdan aralayaraq qapını açdığını, orada olan iki otağa daxil olaraq mis axtardığını, amma otaqlardan mis tapa bilmədiyini, oradan heç nə götürmədən mətbəxə yaxınlaşdığını, mətbəx qapısının üzərində olan qıfılı eyni üsulla əlində olan metal parçası ilə açdığını, mətbəxə daxil olan zaman mətbəx qaranlıq olduğundan mətbəxin elektrik lampasını işə saldığını, orada olan soyuducunun alt qapısını açdıqda boş olduğunu gördüyünü, oradan mis tapa bilmədiyi üçün aşağı endiyini və yardımçı tikilidən çıxardığı əşyaları heç kim görməsin deyə axşam aparılmasını planlaşdırdığını, həmin gün saat 22 radələrində yaşadığım evdən həmin yerə getdiyini, əşyaları götürərək yaşadığı evin həyətyanı sahəsinə apardığını, həmin əşyaları Raminə satmaq üçün Raminin harada olduğununu maraqlandığını, Ramin kənd ərazisində olmadığından həmin əşyaları sata bilmədiyini, xx.xx.2023-cü il tarixdə onu çağıraraq Şamaxının evindən oğurluq etdiyimi bildikdə Şəxs etdiyi əməli etiraf etdiyini bildirdi. Məhkəmədə barəsində inzibati xətaya dair icraat aparılan şəxs Şəxs izahat verərək özünü inzibati xətanı törətməkdə təqsirli bilərək, törətdiyi əməldən səmimi peşman olduğunu bildirmişdir.Yetkinlik yaşına çatmadığından barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə barəsində inzibati xətaya dair icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil və qanuni nümayəndəsi Qanuni nümayəndə Şəxs yetkinlik yaşına çatmadığını, inzibati xətanı törətməkdə təqsirli bildiyini, törətdiyi əməldən səmimi peşman olduğunu nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 16 fevral 2023-cü il tarixli qərardan görünür ki, toplanmış materiallar üzrə cinayət işinin başlanılması rədd edilmiş, Şəxs əməlində İXM-nın 227-ci maddəsinin tərkibi olduğuna görə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Ordubad RPŞ-nin X4 göndərilmişdir. Şəxs təqsiri, Ordubad RPŞ-nin X3 polis sahə inspektorunun izahatı, inzibati xəta haqqında protokol, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla, habelə işə əlavə edilmiş digər sənədlər ilə tam sübuta yetirilmişdir. Odur ki, Şəxs İXM-in 227-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hal inzibati xətanın törədilən vaxt onun yetkinlik yaşına çatmamışdır.; məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyası həddində nəzərdə tutulumuş ictimai işlər inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək barəsində 160 (yüz altmış) saat ictimai işlər inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Ordubad Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Şəxs üzərinə həmin işlərin (ictimai işlərin) yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ordubad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar