Məhkəmə qərarları › İş №3(080)-20/2025

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərar — İş №3(080)-20/2025

15.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ordubad şəhəri İş № 3(080)-20/2025 15.04.2025 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Hakim Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, Əhmədli Əliağa Hüseyn oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1973-cü il tarixdə Ordubad rayonunun Vənənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, deməsinə görə əvvəllər məhkum olunmuş, işsiz, Ordubad rayonunun Vənənd kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Ordubad rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Ordubad Rayon Polis Şöbəsinin polis sahə inspektoru, polis leytenantı X2 tərəfindən tərtib edilmiş 14 aprel 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Ordubad rayonu, Vənənd kəndində ünvansız nalayiq ifadələr işlətmiş və polisin qanuni əmrinə tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Ordubad rayon Vənən kəndində yerləşən Xançinar adlı kafedə piyvə içdikdən sonra keflənmişdir. Kefli olduğu üçün ünvansız söyüş söyməyə başlamış, həmin yerə gələn polis əməkdaşları ona söyüş söyməməyə, nizam intizama dəvət etsələr də, içkinin təsirindən hərəkətlərini davam etdirmişdir.Polis əməkdaşları onu dəfələrlə nizam-intizamlı olmağa dəvət etsələrdə o polis əməkdaşlarına məhəl qoymayaraq tabesizlik göstərməyə və söyüş söyməyə davam etmişdir. Bundan sonra o, polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirilmişdir. Məhkəmə iclasında Ordubad Rayon Polis Şöbəsinin polis sahə inspektoru, polis leytenantı X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş xətaların törədildiyini bildirərək barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: Məhkəmə iclasında Ordubad Rayon Polis Şöbəsinin polis sahə inspektoru, polis leytenantı X2 tərəfindən tərtib edilmiş 14 aprel 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Ordubad rayonu, Vənənd kəndində xırda xuliqanlıq etmiş və polisin qanuni əmrinə tabe olmamışdır. Bununlada o, ictimai qaydanı kobud surətdə pozmaqla və polisin qanuni tələblərinə tabe olmamaqla Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan əməlləri törətdiyindən barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati qaydada tutma haqqında 14 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə, saat 14:10-da tutulmuş və16:45-də azad edilmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və protokolu tərtib edən şəxsin izahatlarını, eləcə də inzibati xəta haqqında materialı araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcələnin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsaən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini, inzibati məsuliyyəti yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılıq çəkməsini (İXM-nin 32.1.1) və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və həmin Məcəllənin 34.3cü maddəsinə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbiri tətbiq edilməli və inzibati həbsdə saxlamanın əvvəli xx.xx.2025-ci il tarixdən, saat 14:10-dan hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3, 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq daha ciddi xətaya görə - İXM-nin 535.1-ci maddəsi ilə 15 (on beş ) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Şəxs həmin müddətdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin müvəqqəti saxlama yerində saxlanılsın. İnzibati həbsdə saxlamanın əvvəli xx.xx.2025-ci il tarixdən, saat 14:10-dan hesablansın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən : Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar