Məhkəmə qərarları › İş №3(080)-31/2025

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərar — İş №3(080)-31/2025

30.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ordubad şəhəri İş № 3(080)-31/2025 30.06.2025 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Hakim Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, 12.09. 1992-ci il tarixdə Ordubad Rayonu Başdizə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 2 uşaq anası, Ordubad Rayonu Başdizə kənd tam orta məktəbində laborant vəzifəsində işləyən, Ordubad Rayonu Başdizə kəndində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair dair Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Ordubad rayon X7 Polis Bölməsi tərəfindən tərtib edilmiş 17 iyun 2025ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Ordubad Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli raportda qeyd olunmuşdur ki, Şəxs barəsində HK-1/128 nömrəli material üzrə Azərbaycan Respublikası İXM-nin 515.0.2-ci maddəsinin tərkib əlamətləri mövcud olduğundan, inzibati qaydada tədbir görülməsi üçün aidiyyəti əməkdaşlara göstəriş verilməsi xahiş olunmuşdur. Belə ki, Ordubad rayon X4 və Təhqiqat Şöbəsinin baş müstəntiqi, polis kapitanı X3 toplanmış HK-1/128 №-li material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi, materialda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci (Dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulması - dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına) maddəsinin tərkib əlamətləri olduğundan material üzrə inzibati icraat başlanılması üçün qərarın surəti Ordubad rayon X7 Polis Bölməsinə göndərilməsi barədə xx.xx.2025-cü il tarixdə material üzrə cinayət işi başlanılmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında bildirmişdir ki, həqiqətən Ordubad Rayonu Başdizə kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. Evlidir, 2 övladı vardır. 2011-ci il tarixdən Ordubad rayon Başdizə kənd tarn orta məktəbində laborant vəzifəsində işləyir. Ailə üzvləri və o dindardır, quranı oxumaq məqsədilə ərəb dilini 2 il bundan əvvəl youtube platforması vasitəsilə öyrənmişdir. Yaşadığı evdə quran və digər dini kitabları oxuyur. Boş vaxtlarında ərəb dilinin tədrisi və dini ədəbiyyatların təbliği ilə bağlı bir neçə şəxsi öyrədir. 2025-ci ilin yanvar ayının 15-də whatsapp mobil tətbiqində “Təcvid’’ adı altında qrup yaratmışdır. Qrupu yaradmaqda məqsədi bir neçə şəxsi ərəb dilini öyrətmək olmuşdur. Həmin qrupda həmkəndliləri Nuray Məmmədova, Firəngiz Məmmədova, rayonun Aza kənd sakini Təranə Səfərova və digər şəxslər olmuşdur. Qrupda adı çəkilən şəxslərə quranın təbliği ilə bağlı internet saytlarından əldə etdiyi məlumatları öyrənmək məqsəilə vermişdir. Həmin şəxslər qeyd edilən dini məzmunlu məlumatları (materialları) oxuyurdular. Adı çəkilən şəxslər məlumatları oxuduqdan sonra onlara aydın olmayan hissələr barədə ona sual edirdilər. O da yenidən dini məzmunlu ədəbiyyatların başa düşülməyən hissəsini whatsapp vasitəsilə onlara izahlı şəkildə öyrədirdi. lakin, bunun qarşılığında həmin şəxslərdən heç bir məvacib tələb etmirdi. Mobil tətbiqində hazırlanmış sənədlər vasitəsilə həmin şəxsləri həvəsləndirmək məqsədilə onlara onlayn şəkildə təşəkkürnamə göndərirdi. Qeyd edilən dini təbliğatın keçirilməsi ilə bağlı hər hansı müvafiq icazə almamışdır. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi tərəfindən verilmiş 27 may 2025-ci il tarixli məktubda qeyd olunmuşdur ki, agentliyə daxil olan sorğuya dinşünaslıq ekspertizası təyin edilmiş və məlum olmuşdur ki, X2 dini təbliğat aparmaq üçün agentlik tərəfindən hər hansısa bir icazə vərəqəsi ilə təmin olunmamışdır. Sorğuda qeyd olunan dini ədəbiyyatlardan yalnız 1 adda 1 ədədi (“X10 Təvəkkül” Hacı Xavər xanım ) Naxçıvan Muxtar Respublikası daxilində idxal və təbliğat üçün məqsədəuyğun sayılmamışdır. Sorğuda adları qeyd olunan digər dini ədəbiyyatların adları isə Azərbaycan Respublikası Dini Qurumlarla iş Üzrə Dövlət Komitəsinin qadağan olunmuş dini ədəbiyyatlar siyahısında olmadığına görə görə Muxtar Respublika ərazisində satışı və istifadəsi məqsədəuyğun sayılmışdır. 12 iyun 2025-ci il tarixli material üzrə cinayət işi başlanılmasının rədd edilməsi barədə qərarı ilə toplanmış HK-1/128 №-li material üzrə cinayət işinin başlanılması rədd edilməsi, HK-1/128 №-li materialda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci (Dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulması dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına) maddəsinin tərkib əlamətləri olduğundan material üzrə inzibati icraat başlanılması üçün qərarın surəti Ordubad Rayon X7 Polis Bölməsinin Cinayət Axtarışı üzrə əməliyyat müvəkkilinə göndərilməsi, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi, qərarın surəti iş üzrə maraqlı şəxslərə verilməklə onlara qərardan etirazlarının olduğu təqdirdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Ordubad Rayon prokuroruna və ya yuxarı prokurora, yaxud məhkəmə nəzarətini həyata keçirən Ordubad Rayon Məhkəməsinə müraciət etmək hüquqlarının izah olunması, HK-1/128 №-li materialın saxlanılması üçün Ordubad Rayon X7 Polis Bölməsinin dəftərxanasına təhvil verilməsinə qərar verilmişdir. Şəxs barəsində 17 iyun 2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsində nəzərdə tutulmuş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmədə Şəxs əməli iş materialına əlavə olunmuş sənədlər ilə tam sübuta yetirilmişdir. Onun izahatı isə özünümüdafiə xarakteri daşıyır. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməli ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməlində həmin inzibati xətanın tərkibi vardır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsinə əsasən dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına görə fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər yeddi min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Dini etiqad azadlığı haqqında Azərbaycan Respublikasının Qanununun 6-1.1-ci maddəsinə əsasən kütləvi dini ibadət, ayin və mərasimlər (dəfn, yas, iftar, kəbinkəsmə, mövlud və ehsan mərasimləri istisna olmaqla) dini ibadət yerlərində və ziyarətgahlarda keçirilir. Həmin Qanununun 6-1.2-ci maddəsinə əsasən kütləvi dini ibadət, ayin və mərasimlər (dəfn, yas, iftar, kəbinkəsmə, mövlud və ehsan mərasimləri istisna olmaqla) dini ibadət yerlərindən və ziyarətgahlardan kənarda yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə təşkil olunur. Şəxs kütləvi dini ibadəti dini ibadət yerində və ziyarətgahda deyil, evində keçirmiş, ancaq buna dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun)yəni, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin razılığını almamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə ağırlaşdırıcı və yüngülləşdirici hallar yoxdur. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halın olmamasını nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada 1500 (min beş yüz ) manat məbləğində cərim edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128, 129, 130 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1500 (min beş yüz ) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar