Məhkəmə qərarları › İş №3(080)-36/2023

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərar — İş №3(080)-36/2023

03.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ordubad şəhəri İş № 3(080)-36/2023 03.07.2023 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Hakim Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, Əsədov Aqil Akif oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Ordubad Rayon Polis Şöbəsinin, Polis Sahə rəisi Polis baş leytenantı X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1994-cü il Ordubad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, öz deməsinə görə əvvəllər məhkum olmamış, Ordubad şəhəri Babək küçəsi ev 36-da qeydiyyatda olan və yaşayan. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ordubad Rayon Polis Şöbəsinin, Vənənd kənd ərasizində Polis işçiləri ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, Şəxs onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Belə ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 16:45 radələrində Ordubad Rayon Vənənd kənd ərazisində polis əməkdaşlarının xidməti vəzifələrini icra etmələrinə mane olmağa çalışmış, polis tərəfindən xəbərdarlıq edilsə də xəbərdarlığa məhəl qoymadan polisin qanuni tələbinə tabe olmamışdır. Bu səbəbdən də Şəxs Ordubad Rayon Polis Şöbəsinə dəvət edilmiş və barəsində inzibati xata haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Ordubad Rayon Polis Şöbəsinin, Polis Sahə rəisi Polis baş leytenantı X2, inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs barəsində qanuni tədbirlər tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 001878 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, Ordubad Rayon Vənənd kəndində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış və bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilən Ordubad Rayon Polis Şöbəsinin, Post-Patrul Xidməti Tağımının polis nəfəri, polis baş serjantı Şahid vermiş olduğu izahatında göstərdi ki, 18 iyun 2023-cü il tarixdə, saat 16:45 radələrində X1 Vənənd kənd ərazisində polis nəfərinin xidməti vəzifəsini yerinə yetirərkən Şəxs polisə mane olduğunu, üstəlik polis nəfərinin iş vaxtı iş fəaliyətini videoya çəkərək sosial platformlarda paylaşacağını bildirimişdi, Polis tərəfindən Şəxs nizam-intizama dəvət etməsinə baxmayaraq o, daha da aqressivləşərək ona aqressiv bir şəkildə ifadələr işlətmiş və polisin qanuni tələbinə əməl etməmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan xətanı törətməsi inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş Ordubad Rayon Polis Şöbəsinin, Post- Patrul Xidməti Tağımının polis nəfəri, polis baş serjantı Şahid tərəfindən Ordubad Rayon polis şöbəsinin rəisinə ünvanlanmış raportun məzmunundan görünür ki, Şəxs 18 iyun 2023-cü il tarixdə, Ordubad Rayon Vənənd kənd ərazisində polisin işinə mane olmaqla və polis əməkdaşlarının onu nizam intizama dəvət etməsinə məhəl qoymayaraq qanunazidd əməllərinə davam etdiyinə görə şöbə rəhbərliyinə raportla müraciət olunmuşdur. Azərbaycan Respubliksı İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, proses iştirakşılarının verdikləri ifadələr və digər iş materialları ilə X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olması tam sübuta yetirildi. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs əməlini etiraf etməsi və səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Həmin Məcəllənin 33.1.1-ci maddəsinə əsasən Şəxs polisin öz vəzifələrini yerinə yetirərkən hüquqazidd hərəkətlərinin davam etdirməsini məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin onun cəmiyyətdən təcrid edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müstəsna halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür. Ona görə də, onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 535.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən:Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar