Məhkəmə qərarları › İş №3(080)-43/2024

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərar — İş №3(080)-43/2024

25.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ordubad şəhəri İş № 3(080)-43/2024 25.07.2024 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Hakim Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, X1 iclas katibliyi, Ordubad RPŞ-in Biləv Polis PB-in Polis sahə rəisi X2 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1987-ci il tarixdə Ordubad Rayonu Aza kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 2 uşaq atası, müvəqqəti işsiz, Ordubad Rayonu Azadkənd kəndində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Ordubad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İnzibati xəta haqqında işin materiallarından müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 24 iyul 2024-cü il tarixdə saat 21:30 radələrində Azadkənd kəndində yaşadığı evin önünə çığıraraq ünvansız nalayiq ifadələr işlətməyə başlamış ictimai qaydanı pozmuş, ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamış, Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, 25 iyul 2024-cü il tarixdə tərtib olunmuş inzibati xəta haqqında ******* nömrəli protokol baxılması üçün Ordubad Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş Şəxs Ordubad RPŞ-in Biləv Polis PB-in Polis sahə rəisi X4 izahatında Şəxs 24 iyul 2024cü il tarixdə saat 21:30 radələrində Azadkənd kəndində yaşadığı evin önündə çığıraraq ünvansız nalayiq ifadələr işlətməyə başlamış ictimai qaydanı pozmuş, ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamış, Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyini ifadəsində bildirmiş və məhkəmədən qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki 24 iyul 2024-cü il tarixdə öz evimdə spritli içki qəbul etmişdim. Həyat yoldaşım X3 ilə ailə daxilində mübahisə və münaqişə edirdik. Bu zaman həyat yoldaşım X7 zəng vuraraq məni evdə münaqişə yaratdığım üçün şikayət etdi və kömək istədi. Mən də bunu eşidən zaman küçəyə, yaşadığım evin önünə çığıraraq ünvansız nalayiq ifadələr işlətməyə başladım. Bir neçə dəqiqə sonra evimin önünə polis əməkdaşları gəldilər. Həmin vaxt Vaqif müəllim mənə dəfələrlə etdiyim əmələ son qoymağa dəvət etsədə mən polisləri saymayaraq öz əməlimi davam etdirdim. Polislərə tabe olmayaraq onları saymadım. Hərəkətlərindən çox peşmanır, ona köməklik edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində izahat vermiş Şahid1 izahatında bildirmişdir ki, 24 iyul 2024-cü il tarixdə saat 21:30 radələrində Polis sahə rəisi Vaqif Məmmədov mənə zəng vuraraq kənd sakini Şəxs evində münaqişə yaratdığı üçün birlikdə hadisə yerinə getmək zərurəti yarandığını bildirdim. Məndə dərhal evdən çıxım Vaqif müəllimlə hadisə yerinə getdim. Həmin vaxt Samir evlərinin qabağında sərxoş vəziyyətdə ağzına gələn nalayiq ifadələr işlədərək yüksək səslə qışqırırdı. Şəxs polisləri görərək bir az daha etdiyi əməli artırdı. Polislərin Şəxs dəfələrlə etdiyi əməli yekunlaşdırması və qanuna tabe olmasını bildirsələrdə, yenədə O, öz bildiyini təkrar etdi. Polislərə tabe olmadığını ifadəsində bildirmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş Şahid2 izahatında bildirmişdir ki, Ordubad Rayon Polis Şöbəsinin PPXT-nın polis nəfəri kimi xidmət edir. 24 iyul 2024-cü il tarixdə xidmətdə olduğum zaman X5 növbətçi hissəsindən mənə zəng gəldi ki, Azadkənd kəndində ailə münaqişəsi var və polis sahə rəisi Vaqif Məmmədovla hadisə yerinə gedin. Saat 21:30- da polis sahə rəisi Vaqif Məmmədov və icra nümayəndəsi Osman müəllimlə birlikdə Şəxs yaşadığı evə getdik. Bu zaman Şəxs evlərinin önündə sərxoş vəziyyətdə yüksək səslə nalayiq ifadələr işlədirdi. Şəxs bizi görüb bir az daha etdiyi qanunsuz əməli artırdı. Biz Şəxs dəfələrlə etdiyi əməli yekunlaşdırması və qanuna tabe olmasını bildirsəkdə, O yenə də qanunsuz əməllərini təkrar etdiyini ifadəsində bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddələrlə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddələrlə təqsirli bilinməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Odur ki, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli, lakin İXM-nin 34.3-cü maddəsinin tələbləri baxımından daha ciddi xəta hesab olunan İXM-nin 535.1-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İnzibati xəta törətmiş şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən hal kimi Şəxs səmimi peşmançılığını, cümlədən həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar kimi isə Şəxs əməli törədərkən sərxoş vəziyyətdə olması, və 13. 11.2023-cü il tarix eyni əməlləri törətməsi və inzibati qaydada həbs olunaraq inzibati məsuliyyətə cəlb olunması və həmin inzibati qərar qüvvəyə mindiyi gündən həmin əməlləri təkrar törətməsi məsuliyyəti ağırlaşdıran hallar kimi nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən halları, o cümlədən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini nəzərə alaraq, İXMnin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət hesab etməyib, onun barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş materialları ilə müəyyən olunur ki, Şəxs hazırkı işlə bağlı 25 iyul 2024-cü il tarixdə saat 09:30-da tutulmuşdur, ona görə məhkəmə hesab edir ki, inzibati həbsin başlanğıcı həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən həmin Məcəllənin 535.1-ci maddəsi ilə barəsində 29 (iyirmi doqquz ) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsin başlanğıcı 25 iyul 2024-cü il saat 09:30-dan hesablansın. Şəxs həmin müddətdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar