Azərbaycan Respublikası adından QƏRAR Ordubad şəhəri İş № 3(080)-46/2025 13.10.2025 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakim əvəzi Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs- xx xxxxxx 1985-ci il tarixdə Ordubad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkumluğu olmayan, müvəqqəti işsiz, Ordubad rayonunun Düylün kəndində qeydiyyatda olmaqla yaşayan-barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə Ordubad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Ordubad Rayon Polis Şöbəsinin sahə rəisi, X2 tərəfindən tərtib edilmiş 13 oktyabr 2025-ci il tarixli, MN ******* nömrəli “inzibati xəta haqqında” protokol, inzibati xəta haqqında iş üzrə toplanmış material ilə birlikdə baxılması üçün Ordubad Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində izahat vermiş Şəxs izahatında bildirmişdir ki, özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilir. 12 oktyabr 2025-ci il tarixdə yaşadığı Ordubad rayonunun Düylün kəndində mal almaq üçün gələn 3 nəfərlə birlikdə həmin kənddə yerləşən çayçıda çay içdikdən sonra özünə məxsus olan iribuynuzlu heyvanı satmaq üçün öz yaşadığı mənzilə yola düşmüşlər. Yolda olan vaxt mağazanın qarşısında o həmin 3 nəfər şəxsdən arxada getdiyi üçün onların polis əməkdaşları ilə söhbət etdiyini görmüş, onlara yaxınlaşmış, həmin şəxslərdən yerə zibil-atıb atmadıqlarını soruşmuş, həmin şəxslər də ona atmadıqlarını bildirmişlər. Daha sonra polis əməkdaşı ona da gözləməsini bildirmiş, telefonla danışaraq onlardan uzaqlaşmış, 5 dəqiqəyə yaxın polis əməkdaşını gözləmiş, daha sonra həmin mal almağa gələn şəxslərə “gəlin, gedək” demişdir. Bunda sonra digər polis əməkdaşı onlara yaxınlaşmış, gözləmələrini bildirmiş, o da polis əməkdaşından onu nə üçün saxladıqlarını soruşmuş, polis əməkdaşı yenə gözləməsini demiş, o isə təkrar-təkrar eyni sualı vermiş, polis əməkdaşı əsaslı bir səbəb bildirmədiyi üçün 102 Xidmətinə zəng etmiş, polis əməkdaşının onu saxladığını, səbəbini isə bildirmədiyini demişdir. Təxminən 20 dəqiqə gözlədikdən sonra heç kimin gəlmədiyini görmüş, təkrar 102 Xidmətinə zəng etmiş, “Türkiyədən ya Moskvadan gəlirlər” demiş, telefonda ona yenə də gözləməsini bildirmişlər. Daha sonra həmin olduğu yerə Ordubad rayon Polis Şöbəsininin əməkdaşları gəlmiş, gələn polis əməkdaşları onu Şöbəyə dəvət etsə də, o, polis əməkdaşlarına hazırda şöbəyə gedə bilməyəcəyini, 2 saat sonra gedə biləcəyini bildirmiş, lakin polis əməkdaşları ona indi getməli olduğunu bildirmişlər. Bundan sonra da polis əməkdaşları ilə bu səbəbdən mübahisə etmiş, səs-küy salmışdir. Hadisə zamanı polis əməkdaşı ilə ucadan danışmış, polis əməkdaşının qanuni tələblərinə tabe olmamışdır. Onun səsindən və hərəkətlərindən ətrafdakı insanlar narahat ola bilərmiş. Şəxs izahatında onu da bildirmişdir ki, inzibati qaydada tutularkən ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan hüquq və vəzifələri izah olunmuş, iş materialları ilə tanış olmuş, təzyiq və təsirə məruz qalmamışdır. Hərəkətlərindən peşmandır, məhkəmədən ona köməklik edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 12 oktyabr 2025-ci il tarixdə, Ordubad rayonunun Düylün kəndində ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmaması, xırda xuliqanlıq hərəkətləri etməsi məhkəmə iclasında dindirilmiş şahidlər Şahid1, Şahid2 və Şahid3 izahatları ilə də öz təsdiqini tapır. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən Ordubad rayon Polis Şöbəsinin polis nəfəri Şahid2 izahatında bildirmişdir ki, 12 oktyabr 2025-ci il tarixdə, təxminən saat 16:30 radələrində xidmət vəzifələrini yerinə yetirən zaman Ordubad rayonu, Düylün kənd mağazasının önündə “Qazel” markalı avtomobilin üzərində iribuynuzlu heyvan görmüş, tanımadığı 3 nəfərə yaxınlaşmış, özünü təqdim etdikdən sonra həmin şəxslərdən malları hara apardıqlarını soruşmuş, onlar da malları satdıqlarını bildirmişlər. O bu məsələ ilə bağlı komandirinə telefonla məruzə edən zaman Düylün kənd sakini Şəxs ona yaxınlaşmış, həmin şəxsləri nə üçün saxladığını soruşduqda o, həmin şəxsə “səni saxlamamışam” cavabını vermiş, bu zaman Şəxs səs-küy salaraq onlarla mübahisə etməyə başlamış, mübahisə edən zaman 102 Xidmətinə zəng edərək polis əməkdaşlarının onu saxlaması barədə məlumat vermiş, təxminən 10 dəqiqə keçdikdən sonra təkrar 102 Xidmətinə zəng etmiş, “Amerikan, türk polisi göndərin, bizim polislər gəlmir” demişdir. O, Şəxs dəfələrlə alçaq səslə danışmağı barədə xəbərdarlıq etsə də, o, yüksək səslə mübahisə etməyə davam etmişdir. Daha sonra Ordubad Rayon Polis Şöbəsinin Əməliyyat və İstintaq Qrupunun əməkdaşları həmin ünvana gəlmiş, Şəxs dəfələrlə Şöbəyə gəlməyə dəvət etmiş, lakin o polis əməkdaşlarına tabesizlik göstərmiş, Şöbəyə getməyəcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 Şahid2 izahatında verdiyi xüsusatları təkrar etməklə eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 izahatında bildirmişdir ki, Ordubad rayonunu Düylün kəndində yerləşən ərzaq mağazasında işləyir. 12 oktyabr 2025ci il tarixdə mağazanın qarşısında səs eşitmiş, çölə çıxmış və “Qazel” markalı avtomobilin dayandığını, üzərində də iribuynuzlu heyvan olduğunu görmüşdür. Polis əməkdaşı yaxınlaşaraq oradakı şəxslərdən nə işlə məşğul olduğunu soruşan zaman həmkəndlisi Şəxs onlara yaxınlaşmış, nə üçün həmin şəxsləri saxladıqlarını, qanunsuz saxladıqlarını bildirərək polis əməkdaşları ilə yüksək səslə mübahisə etməyə başlamışdır. Polis əməkdaşı Pərvizə dəfələrlə səs tonunu aşağı salmasını xahiş etmiş, o, məhəl qoymamış, hərəkətlərinə davam etmişdir. Daha sonra Pərviz 102 Xidmətinə zəng etmiş, polis göndərilməsini xahiş etmiş, təxminən 15-20 dəqiqə keçdikdən sonra təkrar zəng etmiş, “polis gəlmirsə, Türkiyədən və ya Moskvadan polis göndərin” demişdir. Bundan sonra mağazaya girmiş, sonrakı proseslərdən xəbəri olmamışdır. İş materiallarına əlavə edilmiş- 13 oktyabr 2025-ci il tarixli, 0015 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 13 oktyabr 2025-ci il tarixdə, saat 11:00-da inzibati qaydada tutulmuş, 13 oktyabr 2025-ci il tarixdə, saat 12:45-də azad edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, şahidlərin ifadəsini dinləyib, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında MN ******* nömrəli protokolla, özünün və şahidlərin izahatları ilə tam sübuta yetmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs düzgün olaraq inzibati məsuliyyətə cəlb edilmiş, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. O, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli, barəsində inzibati tənbeh növü tətbiq edilməlidir. Məhkəmə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh növlərindən hansının tətbiqi ilə bağlı məsələni müzakirə edib, belə nəticəyə gəlir ki, Şəxs şəxsiyyəti, törədilmiş inzibati xətanın xarakteri, təqsirinin dərəcəsi nəzərə alınmalı inzibati qaydada cərimə edilməlidir. Məhkəmə Şəxs peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi, məsuliyyəti ağırlaşdıran halın olmamasını nəzərə alır. İcraatı rədd edən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə qeyd edilənlərdən belə nəticəyə gəlir ki, Şəxs tətbiq edilən inzibati cərmənin həddi 150 manatdan çox ola bilməz. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərar verdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən 150 manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №3(080)-46/2025
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərar — İş №3(080)-46/2025
13.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver