Məhkəmə qərarları › İş №3(080)-76/2025

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərar — İş №3(080)-76/2025

27.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ordubad şəhəri İş № 3(080)-76/2025 27.11.2025 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Hakim Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, Məmmədəliyev Oruc Əli oğlunun katibliyi ilə, Şikayət verən şəxs X2 iştirakları ilə, X2 Ordubad Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Ordubad Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından Ordubad Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Şikayətdə bildirmişdir ki, Ordubad rayon İcra Hakimiyyətini məlumatlandırmaqla və müvafiq razılıq almaqla Ordubad rayon Dəstə kəndində yerləşən mənə məxsus fərdi yaşayış evinin həyətyanı hasar divarını sökərək nəqliyyat vasitəsini həyətə girməsi üçün darvaza qapısı qoymaq üçün həyətimdə ustalar işləyirdi. Ordubad rayon Dəstə kəndinin polis sahə rəisi X5 məmə məxsus mobil nömrəmə zəng edərək məni Ordubad rayon Polis şöbəsinə gəlməyimi bildirdi. Səbəbini soruşduqda, apardığım tikinti ilə əlaqədar gəlməli olduğumu bildirdi. Mən ona bildirdim ki, mən Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında 4 saylı ərazi vergiləri idarəsində baş dövlət vergi müfəttişi işləyirəm, mənə yazlı bildiriş göndərin ki, rəhbərliyimə təqdim edim məlumatları olsun gəlim. Lakin o belə bir bildiriş göndərə bilməyəcəyini bildirdi. 3 gündən sonra sahə müvəkkili yenidən mənə zəng edərək Ordubad rayon Polis şöbəsinin müavininin yanma gəlməyimi bildirdikdə, ona yenədə yazılı bildiriş göndərməyini dedikdə, o, yenədə belə bir bildiriş göndərə bilməyəcəyini bildirdi. 4 noyabr 2025-ci il tarixdə mənə yenidən zəng edərək bildirdiki, axşam işdən çıxandan sonra evdə olun gəlib sizdən izahat alacağam. Axşam 7 raddələrində sahə müvəkkili yenidən mənə zəng edərək Dəstə kəndində yerləşən polis məntəqəsinə çağırdı. Orada mənə bildirdiki, 01 noyabr 2025-ci il tarixdə Dəstə kəndində reyd keçirilən zaman mənim məişət tullantılarını kənar yerlərə atılmağımı müşahidə etmişlər. Mən isə bina etiraz edərək, heç bir məişət tullantısını kənar yerlərə atmadığımı bildirdim. Eyni zamanda özünə məxsus mobil telefonda xeyli kənardan çəkilmiş fotoşəkil göstərdiyi zaman, həmin fotoşəkilin aparılan tikinti ərazisində çəkildiyini gördüm. Mənə bildirdiki sənin barəndə vəzifəli şəxs kimi protokol tərtib edərək 1000 (bir min ) manat məbləğində cərimə edəcəm. Mən də ona bildirdim ki, siz mənim barəmdə vəzifəli şəxs kimi cərimə yaza bilməzsiniz. Buna baxmayaraq 06 noyabr 2025-ci il tarixdə Dəstə kənd Bələdiyyəsinin sədri mənə bildirdi ki, sənə bir mməktub gəlib, məhlədə yerləşən marketə verilib, oradan götürərsiniz. Marketə gedib məktubu götürdüm və o zaman bildim ki, Ordubad Rayon Polis Şöbəsinin xx.xx.2025-ci tarixli, MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsilə təqsirli bilinərək vəzifəli şəxs kimi 1000 (bir min manat məbləğində cərimə edilmişəm. Qeyd edim ki, tikin aparılan ərazidə həmin ərəfədə usta və fəhlələr işləyirdilər ki, tikintidən çıxan tikinti tullantılarını (boş sement paketlərini) kənar yerlərə deyil tikintini aparıldığı mənə məxsus əraziyə toplayıb, iş vaxtı bitəndən sonra isə həmin tullantıları daşıyıb tullantılar üçün nəzərdə tutulmuş tutumlara tökürdük. Həmçinin qeyd edim ki, mən kənd ərazisinə hər hansı bir məişət tullantısı atmamışam. Ona görədə mənim barəmdə tərtib edilmiş inzibati xəta haqqında protokol və bu protokola müvafiq olaraq tərtib edilmiş İnzibati tənbeh vermə haqqında qərar tamamilə qanunsuz və qərəzli olaraq tərtib edilmişdir. Belə ki, Ordubad rayon Dəstə kəndinin polis sahə rəisi X5 onun çağırışı üzrə Ordubad Rayon Polis Şöbəsinə getmədiyim üçün qərəzli olaraq mənim barəmdə həmin tədbir görülmüşdür. Həmin qərarla razılaşmıram və qəti etiraz edirəm. qında protokol və bu protokola müvafiq olaraq tərtib edilmiş İnzibati tənbeh vermə haqqında qərarla qanunsuz olaraq vəzifəli şəxs kimi cərimə edilmişəm. Çünki mən həmin əməli etmiş olsaydım belə, həmin əməl vəzifəli şəxs kimi öz vəzifələrimi yerinə yetirilməmə və ya lazımınca yerinə yetirilməmə ilə əlaqədar deyildir. Məhkəmə iclasında iştirak edən X6 şikayət ərizəsini müdafiə edərək təmin edilməsini və xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini, iş üzrə icrata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında inzibati qərar qəbul edən qurumun nümayəndəsi iştirak etməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarında olan MN seriyalı ******* saylı xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, sahə rəisi X5 tərəfindən Ordubad Rayonunun Dəstə kəndində reyd keçirilən zaman X2 məişət tullantılarını tutumlardan kənara atdığı aşkar edilməsi nəticəsində X6 barəsində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsinə əsasən protokol tərtib edilmişdir. Ordubad Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı qərarından görünür ki, Ordubad Rayonunun Dəstə kəndində reyd keçirilən zaman X2 məişət tullantılarını tutumlardan kənara atdığı aşkar edilməsi qeyd edilmış və buna görə o, 1000 (min) manat cərimə edilmşdir. X1 məhkəmə tərəfindən əldə olunan sorğu məlumatlarından görünür ki, Daxili İşlər Nazirliyinin İnzibati cərimə olunanlar siyahısında MN seriyalı ******* saylı xx.xx.2025-ci il tarixli protokola əsasən X6 300 manat cərimə olunmuşdur. MN seriyalı ******* saylı xx.xx.2025-ci il tarixli protokola əsasən 300 manat, Ordubad Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı qərarına əsasən isə 1000 manat cərimənin göstrəilməsi halında X2 İXM-in 266.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı fiziki şəxs kimi vəya vəzifəli şəxs kimi törədib törətməməsini müəyyən etmək mümkün deyil. Məhkəmə, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, X3 İXM-in 266.3-cü maddəsi ilə təqsirli bilinərək cərimə olunmasına dair Ordubad Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməlidir. İXM-in 266.3-cü maddəsinə əsasən məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə - fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı X2 İXM-in 266.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədib törətməməsini müəyyən etmək mümkün deyil. İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə müvafiq olaraq, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Göründüyü kimi, vəzifəli şəxs öz vəzifələrini yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində törətdiyi inzibati xətalara görə məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinin Qeyd hissəsinə müvafiq olaraq, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Müraciətedən hesab edir ki, Ordubad rayon Dəstə kəndində yerləşən ona məxsus fərdi yaşayış evinin həyətyanı hasar divarını söküntüsü zamanı təqsirkarın həm vəzifəli şəxs olaraq, həm də fiziki şəxs olaraq eyni vaxtda, eyni məkanda və eyni hərəkətlərlə vahid inzibati xəta törətməsi halında inzibati məsuliyyətə cəlb edilməsi ədalətsiz inzibatihüquqi tədbir kimi qiymətləndirilə bilər. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalı, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Belə ki, səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir ki, qərarın əsaslılığını məhkəmədə sübuta yetirsin. Halbuki, həmin halları sübutetmə vəzifəsi bilavasitə qərarı qəbul etmiş orqanın üzərinə düşür. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-in tələblərini işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozmuş, təqdim olunmuş sənədlər əsasında X4 İXM-in 266.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olmasının müəyyən edilməsi mümkün deyil və bu səbəbdən o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından, X2 Ordubad Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı i inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayət təmin edilməli, qeyd olunan qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 53, 109, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X6 barəsində Ordubad Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı (MN seriyalı ******* saylı xx.xx.2025-ci il tarixli protokol) ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Ordubad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar