Məhkəmə qərarları › İş №3(080)-92/2024

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərar — İş №3(080)-92/2024

28.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ordubad şəhəri İş № 3(080)-92/2024 28.11.2024 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad şəhəri Ordubad Rayon Məhkəməsinin hakimi Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədli Əliağa Hüseyn oğlunun katibliyi ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 485.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İXM-in 485.2-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 18000-01818/24 nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Ordubad şəhəri Ordubad Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti baş leytenantı X4 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, 18000-01818/24 nömrəli inzibati xəta haqqında protokola əsasən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yüklər Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. Ona görə də, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İXM-in 485.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada proses iştirakçılarına məlumat verilmiş, lakin proses iştirakçıları məhkəməyə gəlməmiş və məhkəməyə işə baxılmanın təxirə salınması haqqında vəsatət verilməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, proses iştirakçılarının iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti İXM-in 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, məhkəmədə tədqiq edilmiş və işdə olan Gömrük Xidmətinin “VAİS” informasiya resursunun portal çıxarışından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanına Türkiyə Respublikasıdan gələn malların daşındığı 34GOA237 nömrəli nəqliyyat vasitəsilə göndərilmiş mallar “Sədərək” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına verilməmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan Gömrük Xidmətinin X1 Sistemi informasiya resursuna baxış keçirilməsinə dair protokoldan görünür ki, xx.xx.2024-cü il tarixli **********4261 nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən malların Azərbaycan Respublikası gömrük ərazisinə gətirilməzdən əvvəl qısa idxal bəyannaməsinin verilibverilməməsini müəyyən etməkdən ötrü X1 Sistemi informasiya resursuna baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, "xxxx" MMC-nin adına 34GOA237 nömrəli nəqliyyat vasitəsilə göndərilmiş ümumi çəkisi 16460 kq. olan yük xx.xx.2024-cü il tarixdə saat 15:33 radələrində “Sədərək” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 18000-01818/24 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “ORDUBAD QUŞÇULUQ" MMC-nin ünvanına Türkiyə Respublikasıdan 34GOA237 nömrəli nəqliyyat vasitəsi ilə daxil olmuş yüklərin **********4261 sorğu nömrəli xx.xx.2024-cü il tarixli Gömrük bəyannaməsi ilə X6 İdarəsində bəyan edildiyi, lakin mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilməli olduğu halda verilmədiyi müəyyən edilmişdir. Nəticədə "xxxx" MMC tərəfindən İXM-in 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Qeyd olunan məsələ ilə əlaqədar izahatı alınmış "xxxx" MMC-nin direktoru olan X2 bildirmişdir ki, bəyannamədə qeyd olunan Türkiyə Respublikasıdan ölkə ərazisinə daxil olmuş “cücə” yüklü nəqliyat vasitəsinin gələcəyini unuttuğu üçün sürücüyə bu haqda məlumat verməmiş, sürücü də qısa idxal bəyannaməsinin verilib-verilməməsini dəqiqləşdirmədən ölkəyə keçmiş, belə ki, bəyannaməni ən azı 1 saat öncə elektron qaydada təqdim etməli idi, amma bəyannaməni 1 saat öncə təqdim edə bilməmiş və keçikdirdikləri üçün nəticədə qısa idxal bəyannaməsinin gec verilməsinə səbəb olmuşdur. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə maneə olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli, 920 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. İXM-in 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan iş materiallarından, eləcə də Gömrük Xidmətinin X1 sisteminin portal çıxarışından, elektron çıxarışlardan müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanına gətirilən yüklər gömrük ərazisinə gətirilməzdən əvvəl qısa idxal bəyannaməsi tərtib edilərək elektron formada verilməməmişdir. Bununla yanaşı, qanunvericiliyin tələblərindən müəyyən edilmişdir ki, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir və bu proses malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl olmalıdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən qısa idxal bəyannaməsinin qanunvericilikdə müəyyən edilmiş qaydada verilməməsi iş materialları ilə öz təsdiqini tapmış və Cəmiyyətin İXM-in 485.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmədə tam sübuta yetirilmişdir. Ona görə də məhkəmə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İXM-in 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri məhkəmədə tam sübuta yetirildiyindən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüquqi şəxs qismində inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İXM-in 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-in 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində İXM-in 32-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən hallar və həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, törədilmiş inzibati xətanın xarakteri, hüquqi şəxsin maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti İXM-in 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və hüquqi şəxs qismində barəsində həmin maddənin sanksiyası həddində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və İXM-in 18, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər Hakim: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar