Məhkəmə qərarları › İş №3(088)-1/2023

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-1/2023

10.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-1/2023 10.01.2023 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, X1 iclas katibliyi ilə. xx.xx.1993-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Naxçıvan Baş Gömrük İdarəsindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə material daxil olmuşdur. Şəxs barəsində 22 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə DGK-A № 119099 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, 30 noyabr 2022-ci il tarixində Sədərək gömrük postu vasitəsilə Türkiyə Respublikasından Naxçıvan Muxtar Respublikasına gələn, Azərbaycan Respublikası vətəndaşı, Daxili İşlər Nazirliyi tərəfindən 15 fevral 2013-cü il tarixdə verilmiş P5142978 nömrəli pasportun sahibi, xx xxxx 1993-cü ildə Bakı şəhəri Sabunçu rayonunda anadan olmuş Şəxs əl yükləri Hİ-Scan rentgen qurğusundan keçərkən qurğunun müşahidə monitorunda şübhəli təsvirlər yarandığı üçün əl yüklərinə ümumi yoxlama keçirilmiş, yoxlama zamanı Şəxs əl yüklərində olan yataq örtüklərinin arasında gizlədilmiş halda olan 60 qutu (1200 ədəd) aksiz markası ilə markalanmayan “Parlament” markalı siqaretlər aşkar edilərək qablaşdırılıb götürülmüşdür. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri barədə rəsmi olaraq məlumatlandırsada Şəxs heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və hər hansı vəsatət göndərməmişdir. Ona görə də məhkəmə Şəxs iştirakı olmadan iclasın keçirilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsində göstərilir ki, İnzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə iclasında şahid qismində dindirilən Naxçıvan Baş Gömrük İdarəsinin X7 böyük inspektoru X3 izahatında üç ilə yaxındır ki, gömrük postunun inspektoru vəzifədə işlədiyini, 30 noyabr 2022-ci il tarixdə iş bölgüsünə əsasən X7 Türkiyə Respublikasından gələn sərnişinlərin əl yüklərinə “Hİ-Scan” rentgen yük yoxlama qurğusunda gömrük nəzarəti həyata keçirdiyini, həmin gün vəzifə borcunu yerinə yetirərkən Azərbaycan Respublikası vətəndaşı Şəxs piyada keçid xətti ilə gömrük nəzarəti həyata keçirilən salona daxil olduğunu, özü ilə gətirdiyi əl yüklərini sərnişin keçid xəttində olan rentgen yük yoxlama qurğusuna qoyduğunu, ona məxsus əl yüklərinin qurğudan keçən zaman müşahidə monitorunda tütün məmulatlarının rəngini ozündə əks etdirən siqaretə oxşar predmetlərin olmasının göründüyünü, sonra onunla sadələşdirilmiş bəyannamənin bəndlərinə uyğun olaraq sorğu-sual apardığını, ona məxsus əl yüklərində gömrük nəzarətindən gizlədilmiş mütləq bəyan olunası hər hansı predmetin olub-olmaması barədə sual verdiyini, o, isə öz növbəsində ona əl yüklərində gömrük nəzarətindən gizlədilmiş və mütləq bəyan ediləsi heç bir predmetin olmadığını və yüklərin şəxsi əşyalarında ibarət olduğunu bildirdiyini, sonra həmin şəxsi əşyaları yoxlamaq üçün hal şahidləri dəvət etdiyini, vətəndaşın əl yüklərini yoxlamağa başladığını, baxış zamanı Şəxs əl yüklərində olan yataq örtüyü və geyim əşyalarının içərisindən gömrük nəzarətinə şifahi, yazılı və elektdon formada bəyan olunmayan 60 qutu (1200) ədəd) üzərində aksiz markası olmayan “Parlament” markalı siqaretin aşkar olunduğunu yoxlama qurtardıqdan sonra aşkar edilən siqaretlərin tərəflərindən götürülərək qablaşdırıldığını, protokol tərtib edildiyini və bütün iştirakçılar tərəfindən imza edildiyini bildirdi. Məhkəmə iclasında hal şahidi qismində dindirilən X6 işsiz olduğu üçün, Sədərək Gömrük İdarəsində yüklərin daşınmasında fəhləlik edib ailəsini dolandırdığını, 30 noyabr 2022-ci il tarıxdə təqribən günorta saatlarında bir nəfər xanım gömrük işçisi ona və həmkəndlisi Mehmana yaxınlaşıb özünü təqdim etdiyini və Türkiyədən Azərbaycan Respublikasına gəlmiş Azərbaycan Respublikası vətəndaşının əl yüklərininin yoxlanacağını bildirdiyini, həmin vətəndaşın əl yüklərinin yoxlanmasında hal şahidi kimi iştirak etməklərini onlardan xahiş etdiyini, onlar isə hal şahidlik etdiklərinə razılıq verdikdən sonra onlara hüquq və vəzifələrini izah etdiyini, sonra gömrük işçisi ilə birgə X8 sərnişinlərə gömrük nəzarəti həyata keçirən salona getdiklərini, gömrük əməkdaşı şəxsiyyəti sonradan onlara məlum olan Azərbaycan Respublikası vətəndaşı Şəxs onların hal şahidi kimi edəcəkləri barədə məlumat verdiyini və sonra onların iştirakı ilə həmin şəxsə məxsus əl yüklərini yoxladıqlarını, yoxlama zamanı əl yüklərinə daxil olan tekstil və yataq örtüklərinin içində gizlədilmiş halda 60 qutu “Parlament” markalı siqaretlərin aşkarlanaraq götürüldüyünü, yoxlama qurtardıqdan sonra aşkar edilən siqaretlərin onların iştirakı ilə götürülərək qablaşdırıldığını, sonra protokol tərtib edildiyini və onların həmin protokolu imzaladıqlarını bildirdi. Məhkəmədə hal şahidi qismində dindirilən X4 işsiz olduğu üçün, Sədərək Gömrük İdarəsində yüklərin daşınmasında fəhləlik edib ailəsini dolandırdığını, xx.xx.2022-ci il tarixdə fəhlə yoldaşı X6 ilə birlikdə Sədərək Gömrük idarəsində olduqlarını bildirərək hal şahidi X2 qeyd etdiyi halları təsdiq edərək onunla eyni məzmunlu izahat verdi. Məhkəmə şahidlərin izahatlarını dinləyib, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsinə əsasən malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin mallar və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 479-cu maddəsinin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 479 - 481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi tərtib olunmuş protokoldan, şahidlərin izahatı, inzibati xəta haqqında işin materialları ilə öz təsdiqini tapmışdır. İş materiallarına əlavə edilmiş 30 noyabr 2022-cı il tarixli yoxlama protokoldan görünür ki, yoxlama zamanı 30 noyabr 2022-ci il tarixində Sədərək gömrük postu vasitəsilə Türkiyə Respublikasından Naxçıvan Muxtar Respublikasına gələn, Azərbaycan Respublikası vətəndaşı, Daxili İşlər Nazirliyi tərəfindən 15 fevral 2013-cü il tarixdə verilmiş P5142978 nömrəli pasportun sahibi, xx xxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş Şəxs əl yükləri Hİ-Scan rentgen qurğusundan keçərkən qurğunun müşahidə monitorunda şübhəli təsvirlər yarandığı üçün əl yüklərinə ümumi yoxlama keçirilmiş, yoxlama zamanı Şəxs əl yüklərində olan yataq örtüklərinin arasında gizlədilmiş halda olan 60 qutu (1200 ədəd) aksiz markası ilə markalanmayan “Parlament” markalı siqaretlər aşkar edilərək qablaşdırılıb götürülmüşdür. Bununla da müəyyən olunur ki, Şəxs 30 noyabr 2022-cı il saat 16:15 radələrində X8n Naxçıvan Muxtar Respublikasına keçərkən əl yüklərinin içərisində gizlətdiyi 60 qutu (1200 ədəd) “Parlament” markalı siqaretləri gömrük əməkdaşlarına bəyan etmədən, gömrük nəzarətindən gizlətməklə keçirmək istəmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli, 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 2.1-ci bəndinə əsasən, göstərilən mallar güzəştli qaydada gömrük sərhədindən keçirilə bilər. Həmin qərarın 2.1.10-cu bəndinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 188.1.1-ci maddəsi ilə müəyyən olunmuş aksiz vergisindən azadolmalar nəzərə alınmaqla, hər təqvim ayı ərzində bir dəfə 18 yaşına çatmış hər bir fiziki şəxs tərəfindən şəxsi istifadə üçün gömrük ərazisinə gətirilən 1,5 litr alkoqollu içki, 200 ədəd siqaret və 20 qram qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almaz keçirə bilər. Həmin qərarın 1.5 bəndində isə göstərilmişdir ki, fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların təyinatı fiziki şəxsin səfərinin bütün halları nəzərə alınmaqla, malların gömrük sərhədindən fiziki şəxsin və onun ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün keçirildiyi yəqinləşdirilməklə, onların xassələri, miqdarı, habelə sərhəddən keçirilməsinin mütəmadiliyi əsasında gömrük orqanları tərəfindən müəyyən edilir. Fiziki şəxs özünün və ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün 2 (iki) ədəd eyni və (və ya) eynicinsli malı bu Qaydaların 2.1.2-ci yarımbəndi ilə müəyyən edilmiş hədlər çərçivəsində güzəştli qaydada (gömrük ödənişləri ödəmədən) gömrük sərhədindən keçirmək hüququna malikdir. İş materiallarına əlavə edilmiş 02 dekabr 2022-ci il tarixli 365 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya tədqiqatına təqdim edilmiş üzərində heç bir aksiz markası olmayan istifadəyə yararlı 60 qutu (1200 ədəd) “Parlament” markalı siqaretlərin topdansatış qiyməti 330 (üç yüz otuz) manat, 1 qutunun qiyməti isə 5.50 (beş manat, əlli qəpik) manat müəyyən olunmuşdur. Əlavə olaraq rəydə tədqiqata təqdim edilmiş ümumilikdə 60 qutu (1200 ədəd) “Parlament” markalı siqaretlərdən 1 qutu (20 ədəd) götürülərək tədqiqata sərf edildiyi və tədqiqat aparıldıqdan sonra 59 qutu (1180 ədəd) “Parlament” markalı siqaretlər Naxçıvan Baş Gömrük İdarəsinə geri qaytarıldığı göstərilmişdir. İş materiallarında olan 22 dekabr 2022-ci il tarixli, 20000-0055/22 nömrəli müşayət məktubunun qeyd hissəsindən görünür ki, 59 qutu (1180 ədəd) “Parlament” markalı siqaretlər Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılır. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinməli və maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə predmeti olan Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan heç bir aksiz markası ilə markalanmayan istifadəyə yararlı bir qutusu 5.50 manat olan 59 qutu (1180 ədəd) ümumilikdə qiyməti 324.50 (üç yüz iyirmi dörd manat əlli qəpik) manat olan “Parlament” markalı siqaretlər dövlət nəfinə müsadirə edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq,məhkəmə qərara aldı: xx xxxx 1993-cü təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. İnzibati xətanın bilavasitə obyekti olan, Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 1 qutusu (20 ədəd) 5.50 manat olan 59 qutu (1180 ədəd) ümumilikdə qiyməti 324.50 (üç yüz iyirmi dörd manat əlli qəpik) manat olan “Parlament” markalı siqaretlər dövlət nəfinə müsadirə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar