Məhkəmə qərarları › İş №3(088)-12/2023

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-12/2023

15.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-12/2023 15.02.2023 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Hakim Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Naxçıvan Muxtar Respublikası DİN-nin DYPİ-nin YPX inspektoru, polis baş serjantı X2 iştirakı ilə, xx xxxxx 1983-cü il tarixdə Şərur rayon Dəmirçi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, iki uşaq atası, orta təhsilli, Şərur rayonu «Siyaqut” YDM-də işləyən, Sədərək rayon Dəmirçi kəndində qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 333.2-ci maddəsi ilə Naxçıvan Muxtar Respublikası DİN-nin DYPİ-dən daxil olmuş inzibati xəta haqqında iş materialına baxaraq, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Naxçıvan Muxtar Respublikası DİN-nin DYPİ-nin Yol Patrul Xidmətinin inspektoru, polis baş serjantı X5 tərəfindən tərtib edilmiş protokol aidiyyəti üzrə baxılması üçün Sədərək Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokolun tərtib edilməsinə əsas kimi Şəxs 13 fevral 2023-cü il tarixdə saat 04: 35 radələrində QAZ 31105 minik markalı 68-Bf-969 dövlət nömrə nişanlı nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edərkən xx.xx.1983-cü ildə Şərur rayon Dəmirçi kəndində anadan olmuş Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 333.2 maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi göstərilmişdir. Məhkəmə iclasında Naxçıvan MR DİN-nin DYPİ-nin YPX inspektoru, polis baş serjantı X5 protokolda qeyd olunanlara uyğun izahat verərək, protokol üzrə inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Şəxs verdiyi izahatında törətdiyi inzibati xəta ilə bağlı təqsirini və il ərzində avtomobili spirtli içki qəbul edərək idarə etməsini etiraf edərək əməlindən səmimi peşimançılıq keçirməsini və bir daha belə hallara yol verməyəcəyini bildirdi. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Naxçıvan MR DİN-nin DYPİ-nin YPX inspektoru, polis baş serjantı X2 14 fevral 2023-cü il tarixdə tərtib etdiyi ******* nömrəli protokoldan aydın olur ki, vətəndaş Şəxs 13 fevral 2023-cü il tarixdə saat 04: 35-də QAZ 31105 minik markalı 68-Bf-969 dövlət nömrə nişanlı nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edərkən X7 əməkdaşı tərəfindən saxlanılmış və sərxoşluq vəziyyətinin müəyyən etmək üçün tibbi müayinəyə göndərilməsi barədə protokol tərtib etmiş, şəxsin sərxoşluğu müəyyən edildikdən sonra onun barəsində (il ərzində təkrar törədilməsinə görə) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi göstərilmişdir. 13 fevral 2023-ci il tarixli 37 nömrəli “sərxoşluq vəziyətinin tibbi müayinəsi” protokolundan görünür ki, Şəxs müayinədən keçirilmiş və onda (alkoqol qəbul edib- 1,49 promil) sərxoşluğ müəyyən olunmuşdur. 16 mart 2022-ci il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Şəxs Şərur rayon Polis İdarəsinin DYPB tərəfindən İXM-nin 333.1ci maddəsinə əsasən 400 manat cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinə əsasən, bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə-nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, dörd yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, Şəxs 16 mart 2022-ci il tarixdə Şərur rayon Polis İdarəsi Dövlət X10 tərəfindən İXM-nin 333.1-ci maddəsinə əsasən 400 manat cərimə edilmiş, o təkrarən 13 fevral 2023-cü il tarixdə yenidən sərxoş vəziyyətində nəqliyyat vasitəsini idarə etdiyindən Naxçıvan MR DİN-nin DYPİ-nin Yol Patrul xidməti inspektoru, polis baş serjantı X5 tərəfindən protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Sədərək Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi onun inzibati xəta ilə bağlı təqsirini etiraf etməsi ilə yanaşı iş materialları ilə tam sübuta yetir. Məhkəmə hesab edir ki, Şəxs əməli Naxçıvan MR DİN-nin DYPİ tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-in 333.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirləndirilib inzibati tənbeh edilməlidir. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakteri, Şəxs şəxsiyyəti, onun təqsirinin dərəcəsi və əmlak vəziyyəti nəzərə alınır. Məhkəmə Şəxs törətdiyi əməli səmimi etiraf edib peşmançılıq çəkməsini onun cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, ailəsinin dolandıran yeganə şəxs olmasını və tətbiq ediləcək tənbehin onun ailəsinə təsirini nəzərə alaraq hesab edir ki, Şəxs nəqliyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; X6rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: «Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqarər edildiyi də aydın görünməlidir» Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2- ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 400 (dörd yüz) manat məbləğində inzibati tənbeh növündə cərimə edilsin. Qərarın icrası nəqliyyat vasitələrini idarə etmə hüququnun iki il müddətinə məhdudlaşdırılması hissəsində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X11 İdarəsinə, 400 manat məbləğində inzibati cərimə hissəsində isə Sədərək rayon İcra və Probasiya bölməsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətinə qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar