Məhkəmə qərarları › İş №3(088)-14/2023

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-14/2023

21.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-14/2023 21.02.2023 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək rayon məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1993-cü ildə Şərur rayon Dəmirçi kəndində anadan olmuş, Sədərək rayon Dəmirçi kəndində qeydiyyatda olan, Azərbaycan Respublikası vətəndaşı Şəxs barəsində Sədərək rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq məhkəmə müəyyən etdi:̇ Şəxs 04 sentyabr 2022-ci il tarixdə, Sədərək rayon Dəmirçi kənd sakini Zərərçəkmiş şəxs2 məxsus evin həyətindən Zərərçəkmiş şəxs1 məxsus bir ədəd WSTER markalı mp3 musiqi oxudan qurğunu, bir ədəd usb yaddaş kartını, bir ədəd Samsung s5 mini markalı mobil telefonu və Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd Rusiya istehsalı olan влц 7x50 markalı uzaq görmə cihazı (binokl) qiyməti 45 manat və bir ədəd alminum metaldan hazırlanmış, üzərində rezindən tutacaqları olan sapandı oğurlayaraq xırda talama ilə inzibati xəta törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında törətdiyi inzibati xətada özünü təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, 2022-ci il tarixdə təxminən sentyabr ayında həmkəndlisi olan Zərərçəkmiş şəxs2 həyətində artezian quraşdırdığını və əlavə olaraq evin içərisində təmir işlərini gördüyünü, təxminən 10 gün müddət işlədikdən sonra Rəşidin evində pəncərənin önündə 1 ədəd WSTER markalı MP3 çaların olduğunu, həmin WSTER markalı MP3 çaları pəncərənin önündən götürərək həyətdə gizlətdiyini, axşam işini bitirdikdən sonra evə gedən zaman WSTER markalı MP3 çaları gizlətdiyi yerdən götürərək evə apardığını, MP3 çaların üzərində 1 ədəd 8 GB ölçüdə yaddaş kartının olduğunu, əlavə olaraq iki gün keçdikdən sonra həmin evdə balaca masanın üzərində 1 ədəd Rusiya istehsalı влц 7x50 markalı durbin (binokl) olduğunu, yenə axşam iş bitdikdən sonra həmin durbini götürərək evə apardığını, bundan təxminən 6 yada 5 gün keçdikdən sonra isə yenə evin içərisindən sapandı götürərək çölə çıxardığını, həyətdə olan masanın üzərindəki çamadanın içində Samsung 5s markalı mobil telefonun olduğunu, iş bitdikdən sonra evə gedən zaman 2 əşyanı da götürüb evə apardığını, bir neçə ay keçdikdən sonra Sədərək rayon Polis şöbəsinin əməkdaşları onu saxlayaraq həmin əşyaların onda olub olmamasını soruşduqlarını, bu zaman səmimi etiraf edərək əşyaların onların evində olduğunu bildirdiyini, polis əməkdaşları evlərinə baxış keçirərkən Rəşidin evindən oğurladığı həmin əşyaların onun evindən çıxdığını o, etdiyi əməldən peşman olduğunu, gələcəkdə bir daha belə işlərlə məşğul olmayacağını bildirərək ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs1 izahatında bildirmişdir ki, Sədərək rayon dəmirçi kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşadığını, 2022-ci il sentyabr ayında həmkəndlisi Zərərçəkmiş şəxs2 evində usta işlədiyini, həmin müddətdə özü ilə birlikdə bir ədəd mp3 musiqi oxudanını, onun üzərində bir ədəd 8 gb-lıq USB yaddaş kartını və mobil telefonunu apardığını, orda işləyən müddətdə həmin əşyaların naməlum şəraitdə oğurlandığını, buna görə də polisə ərizə ilə müraciət etdiyini, nəticədə həmin itən əşyalarının həmkəndlisi Şəxs tərəfindən oğurlandığını bildiyini, Sədərək rayon Polis şöbəsi tərəfinfən 18 fevral 2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar qəbul edildiyini bildirərək həmkənlisi Şəxs lazımi cəzanın verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 izahatında bildirmişdir ki, Sədərək rayon dəmirçi kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşadığını, 2022-ci il sentyabr ayında Sədərək rayon Dəmirçi kəndində yerləşən evində və evinin həyətində təmir tikinti işləri gördüyünü, təmir tikinti gedən zaman evində ona məxsus olan bir ədəd durbin və bir ədəd sapandını tapa bilmədiyini, həmin zaman evdə çoxlu sayda usta və fəhlə işlədiyi üçün həmin əşyaların hardasa evdə bir yerdə olacağını düşündüyünü, bir neçə müddət evdə axtardığını lakin, tapa bilmədiyində oğurlandığından şübhələnərək ərizə ilə polisə müraciət etdiyini, nəticədə həmin itən əşyalarının həmkəndlisi Şəxs tərəfindən oğurlandığını bildiyini, Sədərək rayon Polis şöbəsi tərəfinfən 18 fevral 2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd ediləmsinə dair qərar qəbul edildiyini bildirərək həmkənlisi Şəxs inzibati qaydada ciddi cəzanın verilməsini xahiş etdi. Məhkəmə iclasında hal şahidi kimi dindirilən X2 izahatında bildirdi ki, 06 fevral 2023-cü il tarixdə Sədərək rayon Dəmirçi kəndi İcra nümayəndəsinin, Sədərək Rayon Polis şöbəsinin əməkdaşının, Sədərək kənd sakini X3 və onun iştirakı ilə Sədərək rayon Dəmirçi kənd sakini Şəxs yaşadığı binada olduqlarını, evə baxışda iştirak etdiyini, evə baxış zamanı evdə otaqların birində şkafın arxasında 1 ədəd çamadanın açıldığını, içindən 1 ədəd samsung s5 mini telefon, 1 ədəd MP3 çalar, 1 ədəd USB yaddaş kartı, 1 ədəd uzağ görmə cihazı və 1 ədəd sapand aşkarlanaraq polis əməkdaşları tərəfindən götürüldüyünü bildirdi. Məhkəmə iclasında hal şahidi kimi dindirilən X3 hal şahidi X1 izahatına tam uyğun izahat verərək, X1 bildirdiklərini bir daha təsdiq etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Məhkəmə Əmtəəşunaslıq ekspertizasının 17 fevral 2023-cü il tarixli 143 nömrəli rəyinə əsasən belə məlum olur ki, bir ədəd WSTER markalı WS-1853 nömrəli mp3 musiqi oxudan qurğunun dəyəri 24 manat, bir ədəd usb yaddaş kartının dəyəri 6 manat, 1 ədəd Rusiya istehsalı olan влц 7x50 markalı uzaq görmə cihazın (binokl) dəyəri 45 manat və bir ədəd işlək vəziyyətdə olmayan, ekranı çərçivəsindən ayrılan Samsung s5 mini markalı mobil telefonun dəyəri 15 manat olmaqla ümumilikdə dəyərləri təxminən 90 manat müəyyən edilmiş, bir ədəd alminum Metaldan hazırlanmış, üzərində rezindən tutacaqları olan sapand, mülki dövriyyədə satışı olmadığından qiymətləndirmə aparılmamışdır. Məhkəmə Sədərək rayon X6 və Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı X4 18 fevral 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarını, Sədərək rayon Polis Şöbəsinin sahə inspektoru X5 tərəfindən tərtib edilmiş 21 fevral 2023ci il tarixli, 008431 nömrəli inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəmə iclasında iştirak edən şəxsləri və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan əməli törətməsi toplanmış sübutlarla təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan Məcəllənin 227-ci maddəsi xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə inzibati məsuliyyəti müəyyən edir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs səmimi etirafı məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edilir. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati xətanın xarakterini və işin göstərilən hallarını, eləcə də inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada həbs cəzasının tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Məhkəmə iş üzrə maddi sübutla bağlı məsələni müzakirə edərək belə qərara gəlir ki, Sədərək Rayon Polis şöbəsində saxlanılan Zərərçəkmiş şəxs1 məxsus bir ədəd WSTER markalı WS-1853 nömrəli mp3 musiqi oxudan qurğunun qiyməti 24 manat, bir ədəd usb yaddaş kartının qiyməti 6 manat, bir ədəd işlək vəziyyətdə olmayan, ekranı çərçivəsindən ayrılan Samsung s5 mini markalı mobil telefonun dəyəri 15 manat dəyərində olan əşyalar və Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd Rusiya istehsalı olan влц 7x50 markalı uzaq görmə cihazın (binokl) qiyməti 45 manat olan və bir ədəd alminum metaldan hazırlanmış, üzərində rezindən tutacaqları olan sapand zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: xx.xx.1993-cü il təvəllüdlü Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 45 (qırx beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 21 fevral 2023-cü il, saat 16:30-dan hesablansın. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Sədərək rayonu Polis Şöbəsinə həvalə edilsin. Maddi sübut olan bir ədəd WSTER markalı WS-1853 nömrəli mp3 musiqi oxudan qurğunun qiyməti 24 manat, bir ədəd usb yaddaş kartının qiyməti 6 manat, bir ədəd işlək vəziyyətdə olmayan, ekranı çərçivəsindən ayrılan Samsung s5 mini markalı mobil telefonun dəyəri 15 manat dəyərində olan əşyalar qərar qanuni qüvvəyə mindikdən sonra sahibi Zərərçəkmiş şəxs1 geri qaytarılsın. Maddi sübut olan 1 ədəd Rusiya istehsalı olan влц 7x50 markalı uzaq görmə cihazın (binokl) qiyməti 45 manat olan əşya və bir ədəd alminum metaldan hazırlanmış, üzərində rezindən tutacaqları olan sapand qərar qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs2 geri qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan, qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar