Məhkəmə qərarları › İş №3(088)-19/2022

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-19/2022

19.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-19/2022 19.09.2022 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, X5 iclas katibliyi, Protokolu tərtib etmiş şəxs Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin X6 Gömrük Xidməti X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə. xx.xx.1995-ci il tarixdə Babək rayon Cəhri kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə material daxil olmuşdur. Şəxs barəsində 05 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə DGK-A № 119059 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, 31 avqust 2022-ci il tarixində Sədərək gömrük postu vasitəsilə Türkiyə Respublikasından Naxçıvan Muxtar Respublikasına gələn, Azərbaycan Respublikası vətəndaşı, Daxili İşlər Nazirliyi tərəfindən 23 may 2022-ci il tarixdə verilmiş C03244250 nömrəli pasportun sahibi, Naxçıvan MR, Babək rayonu, Cəhri qəsəbə sakini xx.xx.1995-ci il təvəllüdlü Şəxs idarə etdiyi Azərbaycan Respublikasında daimi qeydiyyatda olan 77JB576 dövlət nömrə nişanlı “DAF” markalı, 2012-ci il buraxılışlı, ağ rəngli, şassi nömrəsi XLRTE47MS0E942147 olan (qoşqu nömrəsi-99ZE376, “SCHMİTZ” markalı, 2007-ci il buraxılışlı, boz rəngli, şassi nömrəsi WSM**********5598) yük nəqliyyat vasitəsinə əsaslı şübhələr olduğu üçün nəqliyyat vasitəsinə ümumi yoxlama keçirilmiş, yoxlama zamanı həmin nəqliyyat vasitəsinin dartıcı hissəsində, kabində yerləşən yatağın altındakı dolabın alt hissəsində olan boşluqda gizlədilmiş 150 qutu (3000 ədəd) “Marlboro touch one” markalı aksiz markası ilə markalanmayan siqaretlər aşkarlanaraq götürülüb qablaşdırılmışdır. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında xx xxxxx 1995-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Cəhri kəndində anadan olduğunu, hal-hazırda Cəhri qəsəbəsində yaşadığını, yeddi ilə yaxın müddətdir ki, sürücülüklə məşğul olduğunu, hal-hazırda 77JB576 dövlət nömrə nişanlı “DAF” markalı yük nəqliyyat vasitəsi ilə Türkiyədən və Gürcüstandan Azərbaycana müxtəlif çeşidli yüklər daşıdığını, sonuncu dəfə təxminən 21 avqust 2022-ci il tarixdə Türkiyə Respublikasına keçdiyini, Türkiyənin İzmir şəhərindən yük götürərək Bakıya aparmaq üçün yola düşdüyünü, xx.xx.2022-ci il tarixdə Türkiyənin Dilucu gömrüyünə gəldiyini, həmin gömrüyün içərisində yerləşən “Duty Free” mağazasıdan 200 dollar verib 15 blok “Marlboro” markalı siqaretlər aldığını, həmin siqaretləri Bakı şəhərinə aparıb orda yol kənarında yerləşən mağazalara satmaq niyyətində olduğunu, aldığı 15 blok siqareti türk gömrüyünün çıxışında nəqliyyat vasitəsinin kabinindəki yatağın alt hissəsinə gizlətdiyini, daha sonra Sədərək gömrük keçid məntəqəsinə gəldiyini gömrükdə yoxlama zamanı yatağın altında olan həmin 15 blok siqaretlərin aşkar edilərək götürüldüyünü və sənənədləşdirildiyini, əməlindən çox peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs qismində iştirak etmiş Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin X6 Gömrük Xidməti X2 izahatında, 31 avqust 2022-ci il tarixində saat 22:04 radələrində Sədərək gömrük postu vasitəsilə Türkiyə Respublikasından Naxçıvan Muxtar Respublikasına gələn, Azərbaycan Respublikası vətəndaşı, Daxili İşlər Nazirliyi tərəfindən 23 may 2022-ci il tarixdə verilmiş C03244250 nömrəli pasportun sahibi, Naxçıvan MR, Babək rayonu, Cəhri qəsəbə sakini xx.xx.1995-ci il təvəllüdlü Şəxs idarə etdiyi Azərbaycan Respublikasında daimi qeydiyyatda olan 77JB576 dövlət nömrə nişanlı “DAF” markalı, 2012-ci il buraxılışlı, ağ rəngli, şassi nömrəsi XLRTE47MS0E942147 olan (qoşqu nömrəsi-99ZE376, “SCHMİTZ” markalı, 2007-ci il buraxılışlı, boz rəngli, şassi nömrəsi WSM**********5598) yük nəqliyyat vasitəsinə əsaslı şübhələr olduğu üçün nəqliyyat vasitəsinə ümumi yoxlama keçirildiyini, yoxlama zamanı həmin nəqliyyat vasitəsinin dartıcı hissəsində, kabində yerləşən yatağın altındakı dolabın alt hissəsində olan boşluqda gizlədilmiş 150 qutu (3000 ədəd) “Marlboro touch one” markalı aksiz markası ilə markalanmayan siqaretlər aşkarlandığını, aşkar olunmuş siqaretlərin sənədləşdirilərək götürüldüyünü, sonra həmin siqaretlərin yararlı olubolmaması və ayrılıqda və ümumilikdə orta bazar qiymətinin öyrənilməsi məqsədi ilə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərildiyini və müvafiq rəylər alındıqdan sonra 05 sentyabr 2022-ci il tarixdə protokol tərtib etdiyini, inzibati materialın təhqiqatı qurtardıqdan sonra qərardad qəbul edildiyini və baxılması üçün aidiyyatı üzrə Sədərək rayon məhkəməsinə göndərildiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin Sədərək Gömrük İdarəsinin Sədərək gömrük postunun baş müfəttişi Şahid1 izahatında göstərilən vəzifədə işlədiyini, xx.xx.2022-ci il tarixdə Sədərək Gömrük İdarəsində ölkəyə giriş istiqamətində yük nəqliyyat vasitələrinin müayinəsi postunda xidmətdə olarkən axşam saatlarında Türkiyədən ölkə ərazisinə giriş edən 77JB576 nömrəli yük nəqliyyat vasitəsinin yoxlama yerinə gəldiyini, yaxınlaşaraq nəqliyyat vasitəsinin sürücüsü ilə şifahi sorğu sual etdiyini, həmin sürücünün adının Yusif olduğunu öyrəndiyini, söhbət zamanı həmin sürücünün hərəkət və davranışlarının şübhə yaratdığı üçün onun idarə etdiyi yük nəqliyyat vasitəsinə əsaslı gömrük yoxlaması keçirmək qərarına gəldiyini, yoxlama üçün müvafiq icazələri aldıqdan sonra iki nəfər hal şahidi və gömrük əməkdaşı Şahid2 iştirakı ilə həmin yük nəqliyyat vasitəsini yoxlamağa başladığını, bu zaman nəqliyyat vasitəsinin kabinində yatağın alt hissəsindəki dolabın arxasındakı boşluqda gizlədilmiş halda 150 qutu (3000 ədəd) üzərində heç bir aksiz markası olmayan “Marlboro touch one” markalı siqaretlər aşkar etdiyini, yoxlama bitdikdən sonra sürücü və hal şahidlərinin iştirakı ilə nəqliyyat vasitəsinin yoxlaması və siqaretlərin qablaşdırılması ilə bağlı protokol tərtib edildiyini bildirdi. Məhkəmədə şahid qismində dindirilən Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin Sədərək Gömrük İdarəsinin Sədərək gömrük postunun inspektoru Şahid2 izahatında hal-hazırda Sədərək gömrük postunun inspektoru vəzifəsində işlədiyini, xx.xx.2022-ci il tarixdə axşam saatlarında Şahid1 ilə birlikdə Sədərək gömrük postunda xidmətdə olduqlarını bildirərək Şahid1 qeyd etdiyi halları təsdiq edərək onunla eyni məzmunlu izahat verdi. Məhkəmə iclasında hal şahidi qismində dindirilən X11 izahatında uzun illərdir ki, Sədərək Gömrük İdarəsində yüklərin nəqliyyat vasitələrinə doldurulub-boşaldılmasında fəhləlik etdiyini, 31 avqust 2022-ci il tarixdə axşam saatlarında gömrükdə olarkən gömrük əməkdaşı Şahid1 onu və fəhlə yoldaşı İlknuru çağırdığını və yerli nömrə ilə bir nəqliyyat vasitəsini göstərərək onu yoxlayacağını onlarında yoxlamada hal şahidiliyi etmələrini istədiyini, onlara hüquq və vəzifələrini izah etdiyini, Şahid1 həmin nəqliyyat vasitəsini yoxlamağa başladığını, nəqliyyat vasitəsinin kabinində yatağın altında yerləşən çəkməcənin altındakı boşluqda gizlədilmiş 15 blok (3000 ədəd) Marlboro markalı siqaretlərin aşkar edildiyini, Şahid1 sənədlər yazıldıqdan sonra həmin sənədləri imzaladıqlarını, siqaretləri qutuya yığdıqlarını və qutunun üzərinə də imza atdıqlarını bildirdi. Məhkəmədə hal şahidi qismində dindirilən X3 Gömrük İdarəsində fəhləlik edərək yüklərin nəqliyyat vasitələrinə doldurulub-boşaldılması ilə məşğul olduğunu, xx.xx.2022-ci il tarixdə fəhlə yoldaşı X11 ilə birlikdə Sədərək Gömrük idarəsində olduqlarını bildirərək hal şahidi X8 qeyd etdiyi halları təsdiq edərək onunla eyni məzmunlu izahat verdi. Məhkəmə protokolu tərtib etmiş şəxsin izahatını dinləyib, şahidlərin izahatlarını nəzərdən keçirib, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsinə əsasən malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin mallar və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 479-cu maddəsinin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 479 - 481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi protokolu tərtib etmiş şəxsin izahatı, şahidlərin izahatı, inzibati xəta haqqında işin materialları ilə öz təsdiqini tapmışdır. İş materiallarına əlavə edilmiş 31 avqust 2022-cı il tarixli nəqliyyat vasitəsinin yoxlanması haqqında protokoldan görünür ki, yoxlama zamanı Azərbaycan Respublikası vətəndaşı, Daxili İşlər Nazirliyi tərəfindən 23 may 2022-ci il tarixdə verilmiş C03244250 nömrəli pasportun sahibi, Naxçıvan MR, Babək rayonu, Cəhri qəsəbə sakini xx.xx.1995-ci il təvəllüdlü Şəxs idarə etdiyi Azərbaycan Respublikasında daimi qeydiyyatda olan 77JB576 dövlət nömrə nişanlı “DAF” markalı, 2012-ci il buraxılışlı, ağ rəngli, şassi nömrəsi XLRTE47MS0E942147 olan (qoşqu nömrəsi 99ZE376, “SCHMİTZ” markalı, 2007-ci il buraxılışlı, boz rəngli, şassi nömrəsi WSM**********5598) yük nəqliyyat vasitəsinin dartıcı hissəsində, kabində yerləşən yatağın altındakı dolabın alt hissəsində olan boşluqda gizlədilmiş 150 qutu (3000 ədəd) “Marlboro touch one” markalı aksiz markası ilə markalanmayan siqaretlər aşkarlanaraq götürülüb qablaşdırılmışdır. Bununla da müəyyən olunur ki, Şəxs 31 avqust 2022-ci il tarixdə axşam saatlarında Sədərək Gömrük postundan Naxçıvan Muxtar Respublikasına keçərkən nəqliyyat vasitəsinin dartıcı hissəsində gizlətdiyi 150 qutu (3000 ədəd) “Marlboro touch one” markalı siqaretləri gömrük əməkdaşlarına bəyan etmədən, gömrük nəzarətindən gizlətməklə keçirmək istəmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli, 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 2.1-ci bəndinə əsasən, göstərilən mallar güzəştli qaydada gömrük sərhədindən keçirilə bilər. Həmin qərarın 2.1.10-cu bəndinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 188.1.1-ci maddəsi ilə müəyyən olunmuş aksiz vergisindən azadolmalar nəzərə alınmaqla, hər təqvim ayı ərzində bir dəfə 18 yaşına çatmış hər bir fiziki şəxs tərəfindən şəxsi istifadə üçün gömrük ərazisinə gətirilən 1,5 litr alkoqollu içki, 200 ədəd siqaret və 20 qram qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almaz keçirə bilər. Həmin qərarın 1.5 bəndində isə göstərilmişdir ki, fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların təyinatı fiziki şəxsin səfərinin bütün halları nəzərə alınmaqla, malların gömrük sərhədindən fiziki şəxsin və onun ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün keçirildiyi yəqinləşdirilməklə, onların xassələri, miqdarı, habelə sərhəddən keçirilməsinin mütəmadiliyi əsasında gömrük orqanları tərəfindən müəyyən edilir. Fiziki şəxs özünün və ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün 2 (iki) ədəd eyni və (və ya) eynicinsli malı bu Qaydaların 2.1.2-ci yarımbəndi ilə müəyyən edilmiş hədlər çərçivəsində güzəştli qaydada (gömrük ödənişləri ödəmədən) gömrük sərhədindən keçirmək hüququna malikdir. İş materiallarına əlavə edilmiş 02 sentyabr 2022-ci il tarixli 244 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya tədqiqatına təqdim edilmiş üzərində heç bir aksiz markası olmayan istifadəyə yararlı 150 qutu (3000 ədəd) “Marlboro touch one” markalı siqaretlərin topdansatış qiyməti 705 (yeddi yüz beş) manat, 1 qutunun qiyməti isə 4.70 (dörd manat, yetmiş qəpik) manat müəyyən olunmuşdur. Əlavə olaraq rəydə tədqiqata təqdim edilmiş ümumilikdə 150 qutu (3000 ədəd) “Marlboro touch one” markalı siqaretlərdən 1 qutu (20 ədəd) götürülərək tədqiqata sərf edildiyi və tədqiqat aparıldıqdan sonra 149 qutu (2980 ədəd) “Marlboro touch one” markalı siqaretlər Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinə geri qaytarıldığı göstərilmişdir. İş materiallarında olan 05 sentyabr 2022-ci il tarixli, 1010-150/0xx-xx/000721 nömrəli müşaət məktubunun qeyd hissəsindən görünür ki, 149 qutu (2980 ədəd) “Marlboro touch one” markalı siqaretlər Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Sədərək Gömrük İdarəsinin maddi sübutların müvəqqəti saxlanc anbarında saxlanılır. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinməli və maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə predmeti olan Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Sədərək Gömrük İdarəsinin maddi sübutların müvəqqəti saxlanc anbarında saxlanılan heç bir aksiz markası ilə markalanmayan istifadəyə yararlı bir qutusu 4.70 manat olan 149 qutu (2980 ədəd) ümumilikdə qiyməti 700.30 (yeddi yüz manat otuz qəpik) manat olan “Marlboro touch one” markalı siqaretlər dövlət nəfinə müsadirə edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq,məhkəmə qərara aldı: xx xxxxx 1995-ci il təvəllüdlü, Naxçıvan Muxtar Respublikasının Babək Rayonu Cəhri qəsəbəsində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. İnzibati xətanın bilavasitə obyekti olan, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Sədərək Gömrük İdarəsinin maddi sübutların müvəqqəti saxlanc anbarında saxlanılan 1 qutusu (20 ədəd) 4.70 manat olan 149 qutu (2980 ədəd) ümumilikdə qiyməti 700.30 (yeddi yüz manat, otuz qəpik) manat olan “Marlboro touch one” markalı siqaretlər dövlət nəfinə müsadirə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar