Məhkəmə qərarları › İş №3(088)-20/2023

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-20/2023

05.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-20/2023 05.05.2023 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Hakim v.m.i.e Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Sədərək Rayon Polis Şöbəsindən daxil olmuş, xx.xx.1982-ci il ildə Şərur rayonu, Sədərək kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 3 uşaqlı, fərdi təsərrüfatla məşğul olan, Sədərək rayonu, Sədərək kəndində qeydiyyatda duran və yaşayan Şəxs (fin: xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tənbeh edilmələrinə dair inzibati xəta haqqında materiala Sədərək Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sədərək rayonu, Sədərək kənd sakini Şəxs xx.xx.2023-cü il tarixdə Sədərək rayon ərazisində ucadan səs-küy salaraq polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamış və ictimai qaydanı kobud surətdə pozmuş bununla da Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxs əməli inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər, şahidlərin və özünün izahatı ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında və verilmiş suallara cavabında Sədərək rayon Sədərək kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşadığını, xx.xx.2023-cü il tarixdə anası xəstə olduğu üçün ona məxsus olan lada vaz 2107 markalı **-BC-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsini oğlu Buluda Sədərək rayon Sədərək kəndində yerləşən mərkəzi xətəxanadan şəkər xəstələri üçün insulin gətirməsi üçün verdiyini, təxminən 10-15 dəqiqə sora oğlunun ona zəng etdiyini, təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün polis əməkdaşlarının saxlayaraq şöbəyə apardıqlarını dediyini, sonra polis şöbəsinə gəldiyini, əmioğlusu X1 zəng edərək onu polis şöbəsinə aparmağını istədiyini, dərhal gələrək polis şöbəsinə apararkən yolda yol polis əməkdaşı X2 gördüyünü və onun nəqliyyat vasitəsini saxlayaraq əsəbi halda onunla mübahisə etdiyini, naməlum ünvanlara nalayiq ifadələr işlətdiyini, həmin zaman polis sahə rəisi Rəşad müəllimin oraya gələrək mübahisəni görüb etdiyi əmələ son qaymağını tələb etdiyini və polis şöbəsinə dəvət etdiyini, əsəbi olduğu üçün bu əməli etdiyi, birinci qrup əlil olduğunu bildirərək məhkəmədən yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilən X4 izahatında və verilmiş suallara cavabında cavabında xx.xx.2023-cü il tarixdə təxminən saat 17:30 radələrində Sədərək Rayon Elektrik Şəbəkəsinin yaxınlığında xidməti vəzifələrini yerinə yetirən zaman lada vaz 2107 markalı **-BC-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinin sürücüsünün təhlükəsizlik kəmərindən istifadə etmədiyini gördüyünü və onu saxladığını, ona yaxınlaşaraq sənədləri təqdim etməyi istədiyini, ancaq həmin şəxsin sənədlərinin olmadığını bildirdiyini, sonra həmin şəxsə nəqliyyat vasitəsini Sədərək Rayon Polis şöbəsinə gətirməsini dediyini, nəqliyyat vasitəsini polis şöbəsinə gətirdiyini, bundan sonra əvvəlki xidmət yerinə qayıtdığını, təxminən 20 dəqiqə sonra həmin şəxsin atası Şəxs xidmət etdiyi yerə gəldiyini və ona yaxınlaşaraq ucadan ünvansız ifadələr işlətdiyini, bu zaman İTB-nin polis sahə rəisi polis leytenantı X3 ona yaxınlaşaraq etdiyi əmlə son qaymağını və niza-intizamlı olağını dediyini və polis şöbəsinə gəlməyini tələb etdiyini ancaq Şəxs buna da məhəl qoymayaraq etdiyi əməli davam etdirdiyini bildirdi. Məhkəmədə şahid qismində dindirilən X5 izahatında və verilmiş suallara cavabında X4 izahatında dediklərini təstiq edərək onunla eyni məzmunda izahat verdi. Sənədlər: İş materiallarında olan Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sədərək rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfində verilmiş xx.xx.2023-cü il tarixli 05/134 nömrəli arayışdan görünür ki, Şəxs birinci qrup əlil kimi qeydiyyatda durur. Məhkəmənin əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs əməli yuxarıda göstərilən maddənin tövsifedici əlamətlərinə uyğundur və iş üzrə toplanmış sübutlar əsasında tam təsdiqini tapır. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmişşəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə şəxsin əməlindən səmimi peşman olmasını, birinci qurup əlil kimi qeydiyyatda durması, inzibati xətanı ilk dəfə törətməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Şəxs əməlini ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və həmçinin işin hallarını və birinci qrup əlillərə inzibati həbs tənbeh növünü tətbiq oluna bilməməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati cərimə tənbeh növü tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Azərbaycan Respublikasının vətəndaşı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Sədərək Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim v.m.i.e: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar