Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-25/2025 10.06.2025 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Hakim Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 503cü maddəsi ilə xx.xx.2025-ci il tarixli EP № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Sədərək Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsi ilə EP № ******* nömrəli inzibati xəta haqqında protokola əsasən xx.xx.2025-ci tarixində saat 15:30-da "Sədərək” gömrük postu vasitəsilə Azərbaycan Respublikasına gələn vətəndaş Şəxs Türkiyə Respublikasından almış olduğu tütün məmulatlarını Türkiyə Respublikasından ölkə ərazisinə gələn vətəndaşlara paylayaraq "Sədərək" gömrük postunda gömrük nəzarətindən kəçirtmiş, daha sonra həmin məcburi nişanlanma ilə nişanlanmayan tütün məmulatlarının "Sədərək" gömrük postunun girişində Azərbaycan Respublikası vətəndaşı. xx.xx.2021-ci il tarixində verilmiş AA******* nömrəli səxsiyyət vəsiqəsinin sahibi xx.xx.1999-cu il təvəllüdlü Şahid1 məxsus **-BC-*** dövlət nömrə nişanlı, “Mercedes" markalı minik nəqliyyat vasitəsinə yığılması barədə məlumat daxil olmus və həmin əməliyyat məlumatı əsasında minik nəqliyyat vasitəsinə baxıs keçirilmiş, baxış zamanı nəqliyyat vasitəsinin içərisində 70 qutu (1400 ədəd) məcburi nisanlanma ilə nişanlanmayan Marlboro markalı siqaretlər müəyyən edilmiş və gömrük əməkdaşı tərəfindən araşdırma üçün qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirdi ki, 2025-ci ilin mayın 7-də üzüm yarpağı satmaq üçün Türkiyə Respublikasının İğdır şəhərinə getdiyini, İğdırda olduğu zaman özünün istifadə etməsi üçün 7 blok Marlboro markalı siqaret aldığını, türk gömrüyündə olduğu zaman tanımadığı bir neçə nəfərdən almış olduğum 7 blok Marlboro markalı siqaretləri öz adlarına keçirib-keçirə bilməyəcəklərini soruşduğunu və əgər imkanları olarsa, həmin siqaretləri öz adlarına bəyan edərək keçirmələrini xahiş etdiyini, onların da razılaşdıqlarını, həmçinin onlara siqaretləri bəyan etdikdən sonra Sədərək gömrük postunun kənarında gözləyən minik nəqliyyat vasitəsinə buraxmalarını xahiş etdiyini, Sədərək gömrük postuna çatdıqdan sonra onların həmin siqaretləri öz adlarına bəyan edərək gömrüyü keçirtdiklərini və siqaretləri Sədərək gömrük postunun kənarında gözləyən Şahid1 məxsus **-BC-*** dövlət nömrə nişanlı, “Mercedes” markalı minik nəqliyyat vasitəsinə buraxdıqdan sonra öz yollarına davam etdiklərini, daha sonra həmin minik nəqliyyat vasitəsinə əyləşib oranı tərk etməyə hazırlaşdığı zaman mülki geyimli bir gömrük əməkdaşının nəqliyyat vasitəsinə yaxınlaşaraq həmin nəqliyyat vasitəsinə Sədərək gömrük postunun ərazisində yoxlama keçirəcəyini bildirdiyini, yoxlama başlamamışdan qabaq gömrük əməkdaşının minik nəqliyyat vasitəsində qanunla qadağan olunmuş və ya gizlədilmiş malın olub-olmadığını soruşduğunu, cavabında isə qanunla qadağan olunmuş hər hansı bir şeyin olmadığını bildirdiyini, daha sonra gömrük əməkdaşının iki nəfər hal şahidinin və **-BC-*** nömrəli minik nəqliyyat vasitəsinin sürücüsü Şahid1 iştirakı ilə minik nəqliyyat vasitəsini yoxlamağa başladığını, yoxlama zamanı gömrük əməkdaşı paylayaraq gömrük ərazisini keçirtdiyi ümumilikdə 70 qutu (1400 ədəd) Marlboro markalı siqaretləri müəyyən etdiyini və həmin siqaretləri araşdırma üçün götürdünü, gömrük əməkdaşının daha sonra müəyyən sənədlər hazırladığını və imzaladıqlarını, əməlindən peşman olduğunu bildirdi. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq İdarəsinin Əməliyyat şöbəsinin böyük əməliyyat müvəkkili Şahid2 izahatında xx.xx.2025-ci il tarixində iş qrafikinə uyğun olaraq Sədərək gömrük postunda xidmətdə olarkən Türkiyə Respublikasından gələn Azərbaycan Respublikasının vətəndaşı Şəxs gömrük nəzarətindən aksiz markası olmayan siqaretləri paylayaraq keçirtməsi barədə əsaslı şüphələr olduğundan Sədərək gömrük postunun giriş ərazisində gözləyən **-BC-*** dövlət nömrə nişanlı, Mercedes markalı minik nəqliyyat vasitəsinə iki nəfər hal şahidinin iştirakı ilə yoxlama keçirmək qərarına gəldiyini, minik nəqliyyat vasitəsinin sürücüsü Şahid1, Şəxs və iki nəfər hal şahidinin iştirakı ilə minik nəqliyyat vasitəsinə yoxlama keçirdiyi zaman nəqliyyat vasitəsində 70 qutu (1400 ədəd) Marlboro markalı məcburi nişanlama ilə nişanlanmayan siqaretləri müəyyən etdiyini və sonrakı araşdırma üçün qablaşdıraraq götürdüyünü, yoxlama prossesi bitdikdən sonra yoxlama prossesi ilə əlaqədar olaraq sənədlər hazırladığını, həmin sənədlərin oxunularaq iştirakçılar tərəfindən imzalandığını bildirdi. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid1 izahatında 2025-ci ilin mayın 7-də Sədərək gömrük postunun kənarında müştəri gözlədiyi vaxt Şəxs zəng edərək Türkiyə Respublikasından gəldiyini və çıxışda bəzi adamların onun maşınına siqaret buraxacağını və daha sonra özünün də gömrüyü keçdikdən sonra onunla birlikdə rayona gedəcəyini dediyini, bir müddət sonra Mərdanın qeyd etdiyi kimi bəzi adamların avtomobilinə siqaretlər buraxmağa başladıqlarını, bir qədər sonra Mərdanın özünün də nəqliyyat vasitəsinə yaxınlaşaraq əyləşdiyini və yola düşməyə hazırlaşdıqları zaman mülki geyimli bir gömrük əməkdaşının nəqliyyat vasitəsinə yaxınlaşaraq Sədərək gömrük postunun ərazisində minik nəqliyyat vasitəsini yoxlayacağını bildirdiyini, daha sonra gömrük əməkdaşının iki nəfər hal şahidinin və Şəxs iştirakı ilə minik nəqliyyat vasitəsini yoxlamağa başladığını, yoxlama zamanı gömrük əməkdaşı avtomobildə ümumilikdə 70 qutu (1400 ədəd) Marlboro markalı siqaretləri müəyyən etdiyini və həmin siqaretləri araşdırma üçün götürdüyünü, gömrük əməkdaşının daha sonra müəyyən sənədlər hazırladığını onlarında imzaladıqlarını bildirdi. Məhkəmə iclasında hal şahidi qismində iştirak etmiş Şahid4 izahatında xx.xx.2025-ci il tarixində yük boşaltmağa işçi lazım olduğu üçün dostu Azad ilə birlikdə Sədərək gömrük postuna getdiklərini, yük boşaltdıqları zaman Tural adlı gömrük əməkdaşının çağırdığını, gömrük əməkdaşının ona və onunla birlikdə yük boşaldan Azada yaxınlaşaraq, Sədərək gömrük postunun giriş hissəsində gözləyən taksi fəaliyyəti ilə məşğul olan minik avtomobilinə baxış keçirəcəyini və baxış zamanı hal şahidi kimi iştirak etmələrini xahiş etdiyini, razılaşdıqlarını, daha sonra Tural müəllimin Şəxs və Şahid1 təqdim edərək yoxlama prossesinə başladığını, yoxlama başlamazdan əvvəl Tural müəllimin onlara hüquq və vəzifələri barədə məlumat verdiyini, daha sonra minik nəqliyyat vasitəsini yoxlamağa başladığını, Tural müəllimin yoxlama zamanı minik nəqliyyat vasitəsindən 70 qutu (1400 ədəd) Marlboro markalı siqaretləri müəyyən etdiyini və araşdırma üçün götürdüyünü, yoxlama bitdikdən sonra Tural müəllimin yoxlama barədə sənədləri hazırladığını və imzaladıqlarını bildirdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını dinləyib, şahidlərin izahatlarını nəzərdən keçirib, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli nəqliyyat vasitəsinin yoxlanılması haqqında protokoldan görünür ki, yoxlama zamanı Azərbaycan Respublikasının vətəndaşı Şahid1 idarə etdiyi **-BC-*** dövlət qeydiyyat nişanlı, "Mercedes" markalı minik nəqliyyat vasitəsinin içərisində 70 qutu (1400 ədəd) məcburi nişanlanma ilə nişanlanmayan, “Marlboro“ markalı tütün məmulatları müəyyən edilmişdir. İş materiallarında olan X1 xx.xx.2025-ci il tarixli NQM 005-05/25 nömrəli tütün məhsullarının dəyərinin müəyyən edilməsi haqqında rəyindən görünür ki, ekspertizaya təqdim edilən 70 qutu (1400 ədəd) “Mariboro" markalı Azərbaycan Respublikasına məxsus məcburi nişanlanma ilə nişanlanmayan siqaretlərin aşkar olunduğu tarixə 1 qutusunun qiyməti 5 manat olmaqla 70 qutu (1400 ədəd) “Mariboro" markalı siqaretlərin ümumi bazar dəyəri 350 manat müəyyən olunmuşdur. İş materiallarında olan 20 may 2025-ci il tarixli, 3-33-1200/2-001707/2025 nömrəli müşayiət məktubunun qeyd hissəsindən görünür ki, maddi sübutlar Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılır. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsinə əsasən istehsal və ya digər kommersiya fəaliyyəti üçün nəzərdə tutulan malların Azərbaycan Respublikasının gömrük sərhədindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi keçirilməsinə görə - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud onların dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsi ilə təqsirli bilinməli və maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə predmeti olan Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 1 qutusunun qiyməti 5 manat olmaqla 70 qutu (1400 ədəd) ümumi bazar dəyəri 350 manat müəyyən olunmuş Azərbaycan Respublikasına məxsus məcburi nişanlanma ilə nişanlanmayan siqaretlər dövlət nəfinə müsadirə edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası İXM-nin 16.1-ci maddəsinə görə İnzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Əməlindən peşmançılıq hissi keçirməsini məhkəmə, iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22.1.3-cü maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi inzibati tənbeh növlərinə aiddir. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi, fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması, Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma həm əsas, həm də əlavə inzibati tənbeh növləri kimi tətbiq edilə bilər. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Belə ki, Azərbaycan Respublikası İXM-in 55.2-ci maddəsinə əsasən, fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Həmçinin 55.3 və 55.4-cu maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflərin məbləği məsrəflərə aid olan çəkilmiş xərcləri təsdiq edən işə əlavə edilmiş sənədlər əsasında müəyyən edilir və məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 1 qutusunun qiyməti 5 manat olmaqla 70 qutu (1400 ədəd) ümumi bazar dəyəri 350 manat müəyyən olunmuş Azərbaycan Respublikasına məxsus məcburi nişanlanma ilə nişanlanmayan siqaretlər dövlət nəfinə müsadirə edilsin. Qərar qanuni qüvvəsini aldıqdan sonra qərar icra olunması üçün Naxçıvan şəhər İcra və Probasiya şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov
Məhkəmə qərarları › İş №3(088)-25/2025
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-25/2025
10.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver