Məhkəmə qərarları › İş №3(088)-30/2025

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-30/2025

08.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-30/2025 08.07.2025 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, xx.xx.1971-ci il tarixdə Şahbuz rayonu Yuxarı Qışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə material daxil olmuşdur. Şəxs barəsində tərtib edilmiş 18 iyun 2025-ci il tarixli EP № ******* nömrəli inzibati xəta haqqında protokola əsasən xx.xx.2025-ci il tarixində saat 12:41-də Azərbaycan Respublikasından Türkiyə Respublikasına gedən Azərbaycan Respublikasının vətəndaşı Şəxs idarə etdivi 77KR895/10ZK256 qeydiyyat nişanlı “Volvo FH 440” markalı yük nəqliyyat vasitəsinə ölkədən çıxıs istiqamətində “Sədərək" gömrük postunda nəqliyyat vasitələrinin yoxlama ardıcıllığına uyğun olaraq yoxlanılmış və X-Rav rentgen qurğusuna yönləndirilmis, daha sonra X-RAY rentgen qurğusunun verdiyi şübhəli təsvirlər əsasında yük nəqliyyat vasitəsinin yanacaq daşınması ücün nəzərdə tutulan çən tipli qoşqusundan aşkar edilməsini çətinləşdirən üsullarla gizlədilmiş 360 litr dizel yanacağı aşkar edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində olan inzibati xəta haqqında işə baxılması xx.xx.2025-cü il tarixə təyin edilmiş, məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə belə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı olmadan işə baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin “Sədərək” Gömrük Postunun inspektoru Şahid1 izahatında 12 iyun 2025-cı il tarixində iş qrafikimə uyğun olaraq “Sədərək' gömrük postunda xidmətdə olarkən Azərbaycan Respublikasının vətəndaşı Şəxs 'idarə etdiyi 77KR895/10ZK256 qeydiyyat nişanlı “Volvo FH 440” markalı yük nəqliyyat vasitəsinin ölkədən çıxış istiqamətində nəqliyyat vasitələrinin müayinəsi potsuna yaxınlaşdığını, həmin yük nəqliyyat vasitəsinin ilkin olaraq X-ray rentgen yoxlama qurğusuna yönləndirildikdən sonra həmin qurğunun verdiyi şübhəli təsvirlər əsasında qeyd edilən yük nəqliyyat vasitəsini əsaslı yoxlamaya cəlb etdiyini, ərazidə yük boşaldan iki nəfər şəxsi hal şahidi olaraq dəvət etdikdən sonra aparılan gömrük yoxlaması zamanı yük nəqliyyat vasitəsinin yanacaq daşınması üçün nəzərdə tutulan çən tipli qoşqusundan aşkar edilməsini çətinləşdirən üsullarla gizlədilmiş halda 360 litr dizel yanacağı aşkar etdiyini, daha sonra həmin dizel yanacağını plastik bidonlara boşaldaraq saxlanılması üçün postun anbarına təhvil verdiyini, nəqliyyat vasitəsinin yoxlanılması barədə protokol tərtib etdiyini və iştirakçılar tərəfindən imzalandığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X4 izahatında hazırda müvəqqəti işsiz olduğu üçün ara-sıra Sədərək gömrüyündə yük boşaltmağa getdiyini, 12 iyun 2025-ci il tarixində Sədərək gömrük postunda yük boşaltmağa getdiyini, yük boşaltdığı zaman Şahmar adlı gömrük əməkdaşının onu və onunla birgə orada yük boşaldan Azadı çağırdığını, ölkədən çıxış istiqamətində hərəkət edən bir yük nəqliyyat vasitəsinə baxış keçirəcəyini, onlarında həmin yoxlamada hal şahidi qismində iştirak etmələrini xahiş etdiyini, qəbul etdiklərini, gömrük əməkdaşı ilə birgə yoxlamanın keçiriləcəyi nəqliyyat vasitəsinin yanına getdiklərini, gömrük əməkdaşı Şahmarın onların iştirakıları ilə Tahir adlı sürücünün idarə etdiyi 77KR895/10ZK256 qeydiyyat nişanlı “Volvo' markalı yük nəqliyyat vasitəsinə yoxlama keçirdiyini, yoxlama zamanı nəqliyyat vasitəsinin çən tipli qoşqusunun ön tərəf aşağı hissəsində olan taxtaları kənara çəkdikdən sonra orada yanacaq boşaltmaq üçün vintil olduğunu gördüyünü, sonra həmin vintil açıb oradan 360 litr dizel yanacağını plastik bidonlara boşaltdıqlarını, sonda yoxlamalar barədə sənədlər yazıldığını və imzaladıqlarını bildirdi. Məhkəmədə şahid qismində dindirilən Şahid3 işsiz olduğu üçün ara-sıra Sədərək gömrüyündə yük boşaltmağa getdiyini, 12 iyun 2025-ci il tarixdə iş yoldaşı Şahid2 ilə birlikdə Sədərək Gömrük idarəsində olduqlarını bildirərək şahid X2 qeyd etdiyi halları təsdiq edərək onunla eyni məzmunlu izahat vermişdir Məhkəmə şahidlərin izahatlarını nəzərdən keçirib, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində göstərilir ki, malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 479-cu maddəsinin Qeydinə əsasən bu Məcəllənin 479 - 481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi şahidlərin izahatları, inzibati xəta haqqında işin materialları ilə öz təsdiqini tapmışdır. İş materiallarına əlavə edilmiş 13 iyun 2025-ci il tarixli nəqliyyat vasitəsinin yoxlanılması haqqında protokoldan görünür ki, yoxlama zamanı Şəxs idarə etdiyi 77KR895/10ZK256 qeydiyyat nişanlı “Volvo FH 440” markalı yük nəqliyyat vasitəsinin yanacaq daşınması ücün nəzərdə tutulan çən tipli qoşqusundan aşkar edilməsini çətinləşdirən üsullarla gizlədilmiş 360 litr dizel yanacağı aşkar edilmişdir. Bununla da müəyyən olunur ki, Şəxs 12 iyun 2025-ci il tarixdə Naxçıvan Muxtar Respublikasından Türkiyə Respublikasına keçərkən idarə etdiyi 77KR895/10ZK256 qeydiyyat nişanlı “Volvo FH 440” markalı vük nəqliyyat vasitəsinin yanacaq daşınması ücün nəzərdə tutulan çən tipli qoşqusundan aşkar edilməsini çətinləşdirən üsullarla gizlədilmiş 360 litr dizel yanacağı gömrük nəzarətindən kənar keçirmək istəmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının xx.xx.2024-cü il tarixli 7 saylı “ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2022-ci il 26 iyul tarixli 04 nömrəli qərarına dəyişiklik edilməsi barədə qərardan və Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının xx.xx.2024-cü il tarixli 7 nömrəli qərarına əlavə olan ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının istehsalçı, təchizat, topdansatış və pərakəndə satış tarifləri haqqında cədvəldən görünür ki, 1 litr dizel yanacağının qiyməti 1 manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 3-33-1200/2-002095/2025 nömrəli müşayiət məktubunun qeyd hissəsindən görünür ki, inzibati xətanın bilavasitə obyekti olan 360 litr dizel yanacağı Naxçıvan Baş Gömrük İdarəsinin “Sədərək” gömrük postunun anbarında saxlanılır. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinməli və maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə predmeti olan Naxçıvan Baş Gömrük İdarəsinin “Sədərək” gömrük postunun anbarında saxlanılan bir litrinin qiyməti 1 manat olmaqla 360 litrinin ümumi dəyəri 360 manat olan dizel yanacağı dövlət nəfinə müsadirə edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 16.1-ci maddəsinə görə İnzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: xx.xx.1971-ci il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. İnzibati xətanın bilavasitə obyekti olan, Naxçıvan Baş Gömrük İdarəsinin “Sədərək” gömrük postunun anbarında saxlanılan bir litrinin qiyməti 1 manat olmaqla 360 litrinin ümumi dəyəri 360 manat olan dizel yanacağı dövlət nəfinə müsadirə edilsin. Qərar qanuni qüvvəsini aldıqdan sonra qərar icra olunması üçün Naxçıvan şəhəri İcra və Probasiya şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar