Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-33/2025 15.07.2025 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə. xx.xx.1980-ci ildə Şərur rayonu, Sədərək kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, 1 uşaq anası, işləməyən, Sədərək rayonu, Sədərək kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Sədərək Rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə müəyyən etdi: Sədərək rayon Polis Şöbəsinin polis sahə rəisi X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 515.0.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir, ona görə ki, xx.xx.2025-ci il tarixdə Sədərək rayonu, Sədərək kənd sakini dini yığıncaqlar, yürüyüşlər və digər dini mərasimlərin təşkili və keçirilməsinin müəyyən edilmiş qaydalarını pozmuşdur. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs özünü təqsirli bilməyərək verdiyi izahatında bildirmişdir ki, haliyyədə Sədərək rayonu, Sədərək kəndində yaşadığını, gənc yaşlarından dinə marağının olduğunu, 2020-ci ilin oktyabr ayından, 2021-ci ilin aprel ayına qədər Şərur rayon Dini İcması tərəfindən təşkil olunmuş “Qurani-Kərim” öyrənmə kursunu bitirdiyini, həmin kursu bitirməsi ilə bağlı xx.xx.2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Şərur rayon Dini İcması tərəfindən şəhadətnamə verildiyini, Sədərək rayonunda yas mərasimləri apardığını və mərsiyələr dediyini, Naxçıvan Muxtar Respublikası X7 üzrə Dövlət Agentliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli vəsiqədə vəzifəsinin dini ainlərin icraçısı göstərildiyini, heç kimə quran dərsləri keçmədiyini, lakin arada yaxın qohum əqrabalarının dinə aid müəyyən suallarını telefon vasitəsi ilə göndərdiklərini, həmin suallara məlumatının olduğu qədər cavab verdiyini, Sərək Rayon Polis Şöbəsinin sahə rəisi protokolda Sədərək kəndində dini yığıncaqlar, yürüyüşlər və digər dini mərasimlərin təşkili və keçirilməsinin müəyyən edilmiş qaydalarını pozduğunu qeyd etsədə o, qeydlərin yalan olduğunu, polis şöbəsində ona ağ protokola imza etdirdiklərini, heç vaxt o, halların baş vermədiyini və onun qanunsuz olaraq heç kimlə yürüşlər, dini yığıncaqlar və dini mərasimlər təşkil etmədiyini bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan Sədərək rayon Polis Şöbəsinin təhqiqatçısı X2 tərəfindən qəbul edilmiş cinayət işi başlanmasının rədd edilməsi barədə 19 iyun 2025-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən Hər kəsin hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. Şəxsin dini etiqadını ifadə etməsinə, ibadətlərdə, dini ayin və mərasimlərdə iştirak etməsinə və ya dini öyrənməsinə hər hansı maneə törədilə bilməz. Heç kəs öz dini etiqadını ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz. Dini etiqadın və dini həyat tərzinin zor tətbiq etməklə və ya zor tətbiq ediləcəyi ilə hədələməklə, habelə irqi, milli, dini, sosial ədavət və düşmənçilik yaratmaq məqsədi ilə təbliğinə yol verilmir. İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği qadağandır. Dini etiqad azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda ictimai təhlükəsizlik mənafeləri üçün, ictimai qaydanın təmin edilməsi, sağlamlığın və ya mənəviyyatın və ya digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər. Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə Dini qurumların dini ibadət yerlərinə və ziyarətgahlara himayədarlıq etmək, onları saxlamaq və onlardan istifadə etmək hüququ vardır. Bu Qanunun 1-ci maddəsinin tələbləri nəzərə alınmaqla və 6-1-ci maddəsində müəyyən edilmiş hallar istisna olmaqla, dini ibadətlər, ayinlər və mərasimlər ziyarətgahlarda, dini ibadət və dəfn yerlərində, dini qurumların idarələrində, vətəndaşların mənzillərində və evlərində maneəsiz keçirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına görə məsuliyyəti müəyyən edir. Qanunun müəyyən tələblərini pozan şəxslər və ya təşkilatlar inzibati məsuliyyət daşıya bilər. Məsələn, icazəsiz dini mərasimlər keçirmək, dini təbliğat aparmaq və ya dini nifrəti təhrik etmək inzibati məsuliyyətə səbəb ola bilər. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Şəxs dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulması məhkəmə araşıdırılması zamanı müəyyən edilməmiş, bu barədə möhtəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından və bununla da onun hərəkətlərində inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Hüseyn Zülfüqarov
Məhkəmə qərarları › İş №3(088)-33/2025
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-33/2025
15.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver