Məhkəmə qərarları › İş №3(088)-36/2024

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-36/2024

20.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-36/2024 20.06.2024 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, 09 avqust 1975-ci il tarixdə Şərur rayon Dəmirçi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Naxçıvan Muxtar Respublikasının Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Naxçıvan Muxtar Respublikasının Baş Gömrük İdarəsindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə material daxil olmuşdur. Şəxs barəsində 03 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə EP № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, 13 may 2024-cü il tarixində saat 00:05-də “Sədərək” gömrük postu vasitəsi ilə ölkəyə giriş istiqamətində qeydiyyata alınan Azərbaycan Respublikası vətəndaşı xx.xx.1975-ci il təvəllüdlü Şəxs 13308 və 13778 nömrəli etibarnamə ilə idarə etdiyi **-KY-*** və **-BZ-*** dövlət nömrə nişanlı “Mercedes benz Axor 1840LS” markalı yük nəqliyyat vasitəsi gömrük nəzarəti xəttində yoxlanılmış, yoxlama zamanı həmin yük nəqliyyat vasitəsinin qoşqusunun altında gizlədilmiş ümimi çəkisi 85 kq olan 1 ədəd avtomobil ehtiayyat hissəsi traktor üçün qırıcı ucluq aşkar edilərərək götütülmüşdür. Azərbaycan Respublikası İXM-nin 480-ci maddəsində malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda inzibati məsuliyyət müəyyən edilmişdir. Az miqdarda olduqda dedikdə əlli min manatadək olan məbləğ başa düşülür. Məhkəmə iclasında iştirak etməsi üçün barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi olaraq məlumatlandırılsada o, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, hər hansı vəsatət və məlumat verməmişdir. Bu halda məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı olmadan inzibati materiala baxılmasını məqsədə müvafiq hesab edir. Ona görə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin “Sədərək” gömrük postunun inspektoru Şahid1 izahatında bildirmişdir ki, səkkiz ilə yaxındır ki, gömrük orqanlarında xidmət etdiyini, hal-hazırda “Sədərək” gömrük postunun inspektoru vəzifəsində çalışdığını, 13 may 2024-cü il tarixdə gündəlik iş qrafikinə uyğun olaraq “Sədərək” gömrük postunda giriş istiqamətində yük nəqliyyat vasitələrinin müayinəsi postunda xidmətdə olarkən səhər saatlarında Azərbaycan Respublikasına məxsus bir yük nəqliyyat vasitəsinin müyinə postuna yaxınlaşdığını, onun ilk olaraq həmin yük nəqliyyat vasitəsinin sürücüsü ilə şifahi söhbət apardığını, bu zaman həmin sürücünün adının Nəsib olduğunu və onun Gürcüstana yük aparıb boşaldıb qayıtdığını və yüksüz giriş etdiyinin ona məlum olduğunu, onun sürücü ilə biraz söhbət etdikdən sonra sürücünün hərəkətlərinin onda şübhə doğurduğu üçün həmin şəxsin idarə etdiyi **-KY-*** və **-BZ-*** dövlət nömrə nişanlı “Mercedes benz Axor 1840LS” markalı yük nəqliyyat vasitəsini əsaslı yoxlamaq qərarına gəldiyini, qanunvericiliyin tələblərinə uyğun olaraq yoxlamada iştirak etmələri üçün ərazidə yük boşaldan iki nəfəri hal şahidi olaraq dəvət etdikdən sonra ilkin olaraq Nəsib adlı sürücüdən nəqliyyat vasitəsində qadağan olunmuş və ya bəyan olunmalı hər hansı predmetin olub-olmamasını soruşduğunu, sürücünün ona nəqliyyat vasitəsində gizlədilmiş nəsə olmadığının dediyini, daha sonra onun hal şahidlərinin iştirakı ilə maşını yoxlamağa başladığını, yoxlama zamanı həmin yük nəqliyyat vasitəsinin qoşqusunun alt tərəf ön hissəsindən 1 ədəd çəkisi 85 kq olan təxmini uzunluğu 1-2 metr olan diyircək formasında ehtiyyat hissəsinin aşkar edildiyini, sürücüdən onun nə olduğunu soruşduqda avtomobil ehtiyyat hissəsi olduğunu və traktora qoşularaq beton qırmaqda istifadə edildiyini dediyini, sonra yoxlamanın aparılması və aşkarladığı predmetin götürülməsi barədə protokol tərtib etdiyini və iştirakçıların imza etdiyini bildirdi. Məhkəmə iclasında hal şahidi qismində dindirilən Şahid2 izahatında bildirmişdir ki, hazırda işsiz olduğum üçün ara-sıra Sədərək Gömrük İdarəsində yüklərin nəqliyyat vasitələrinə doldurulub boşaldılmasında fəhləlik etdiyini, 13 may 2024-cü il tarixində səhər saatlarında gömrük ərazisində olarkən gömrük əməkdaşı Kamal müəllimin ona yaxınlaşdığını və Türkiyədən gələn bir yük nəqliyyat vasitəsinə şübhəli olduğu üçün baxış keçirəcəyini və onun da orda hal şahidi qismində iştirak etməyini xahiş etməsini istədiyini, onunda ona etiraz etmədiyini, daha sonra Kamal müəllimin digər fəhlə yoldaşı Elxanı da hal şahidi kimi ora çağırdığını, Kamal müəllimin əvvəlcə onları şöfirlə tanış etdiyini, daha sonra isə onlarla həmin tırı yoxlamağa başladığını, yoxlama zamanı tırın qoşqusunun alt tərəfindən 1 ədəd diyircək formalı təxmini uzunluğu 1.5 metr olan dəmirin aşkar edildiyini, onların həmin dəmiri çəkdikdən sonra çəkisinin 85 kq olduğunu bildiklərini, sonra isə yoxlama barədə sənədləşmə aparıldığını və onlarında həmin sənədləri imza etdiyini bildirdi. Məhkəmə iclasında hal şahidi qismində dindirilən Şahid3 da digər hal şahidi Şahid2 izahatına tam uyğun olaraq izahat verdi. Məhkəmə şahidlərin izahatlarını nəzərdən keçirib, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi şahidlərin izahatı, inzibati xəta haqqında işin materialları ilə öz təsdiqini tapmışdır. İş materillarına əlavə edilmiş 03 iyun 2024-cü il tarixli nəqliyyat vasitəsinin yoxlanılması haqqında protokoldan görünür ki, yoxlama zamanı Azərbaycan Respublikası vətəndaşı, 25 avqust 2032-cu il tarixədək etibarlılıq müddəti olan C03189271 nömrəli xarici pasportun sahibi xx.xx.1975-ci il təvəllüdlü Şəxs 13308 və 13778 nömrəli etibarnamə ilə idarə etdiyi **-KY-*** və **-BZ-*** dövlət nömrə nişanlı “Mercedes benz Axor 1840LS” markalı yük nəqliyyat vasitəsi gömrük nəzarəti xəttində yoxlanılmış, yoxlama zamanı həmin yük nəqliyyat vasitəsinin qoşqusunun altında gizlədilmiş ümimi çəkisi 85 kq olan 1 ədəd avtomobil ehtiayyat hissəsi traktor üçün qırıcı ucluq aşkarlanması müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş 14 may 2024-cü il tarixli 497 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilən 01 ədəd ümumi çəkisi 85 kq olan metal qırıcı ucluğun (traktor üçün ehtiyyat hissəsi) orta bazar qiyməti təxminən 850,00 (səkkiz yüz əlli) manat manat həcmində müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 479-cu maddəsinin qeyd hissəsində qeyd edilmişdir ki, “ İnzibati Xətalar Məcəllənin 479-481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinməli və maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cərimə edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilk dəfə inzibati xəta törətməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati məsuliyyəti ağırlaşdıran hallar, icraatı rədd edən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə iş üzrə maddi sübutların taleyi ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, maddi sübut, Naxçıvan Muxtar Respublikası Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan 01 ədəd ümumi çəkisi 85 kq olan metal qırıcı ucluğun (traktor üçün ehtiyyat hissəsi) inzibati xəta törətmiş Şəxs qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 77.3-cü maddəsinə görə icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.4.1-ci maddəsinə görə dövriyyədən çıxarılmamış sənədlər və əşyalar onun qanuni sahibinə qaytarılmalı, qanuni sahibi müəyyən edilmədikdə isə dövlət mülkiyyətinə verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq,məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. Şəxs 850 (səkkiz yüz əlli) manat məbləğində malın dəyərinin 40 (qırx) faizi məbləğində, yəni 340,00 (üç yüz qırx) manat cərimə edilsin. Məhkəmə Ekspertizası Xərci olan 50,00 (əlli) manat pulun inzibati xəta törətmiş Şəxs alınaraq Azərbaycan Respublikası Naxçıvan Muxtar Rspublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az21NABZ******************** bank hesabına keçirilsin. Maddi sübut, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin maddi sübutların saxlanc anbarında saxlanılan 01 ədəd ümumi çəkisi 85 kq olan metal qırıcı ucluğun (traktor üçün ehtiyyat hissəsi) qərar qanuni qüvvəsini aldıqdan sonra gömrük rəsmiləşdirilməsi aparılmaqla, inzibati xəta törətmiş Şəxs qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar