Məhkəmə qərarları › İş №3(088)-37/2025

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-37/2025

28.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-37/2025 28.07.2025 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, X2 iclas katibliyi, xx.xx.1986-cı il tarixdə Naxçıvan Muxtar Respublikası Şərur rayonu Dərəkənd kəndində anadan olmuş, evli, orta təhsilli, sürücü işləyən, Azərbaycan Respublikası vətəndaşı, Naxçıvan Muxtar Respublikası Şərur rayonu Dərəkənd kəndində qeydiyyatda olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Naxçıvan Baş Gömrük İdarəsindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə material daxil olmuşdur. Şəxs barəsində 09 iyul 2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə EP № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, xx.xx.2025-ci il tarixində “Sədərək’’ gömrük postu vasitəsilə ölkəvə giriş istiqamətində Türkiyə Respublikasından gələn Azərbaycan Respublikasının vətəndaşı, xx.xx.1986-cı il təvəllüdlü Şəxs idarə etdiyi 75CA486/75ZB386 dövlət nömrə nişanlı, “X4 1844" markalı yük nəqliyyat vasitəsi gömrük nəzarət xəttində nəqliyyat vasitələrinin yoxlanılması ardıcıllığına uyqun olaraq yoxlanılmış və buraxılışı təmin edilmişdir. Daha sonra X-Ray rentgen qurğusunun qoyduğu şübhəli təsvirlər əsasında yük nəqliyyat vasitəsi geri qaytarılmış və yenidən video-çəkiliş aparılmaqla gömrük nəzarət xəttində yoxlama keçirilmiş, yoxlama zamanı yük nəqliyyat vasitəsinin dartıcısının yan sandıqcasında yükləri sıxmaq üçün olan kəmərlərin altından acıq gümüşü rəngli 1 ədəd ümumi çəkisi 49 kq olan ehtiyat hissəvə bənzər detal aşkar edilmiş və gömrük əməkdaşı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində olan inzibati xəta haqqında işə baxılması xx.xx.2025-cü il tarixə təyin edilmiş, məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə belə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı olmadan işə baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə iclasında şahid qismində dindirilən Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunun “Sədərək” gömrük postuna təhkim olunmuş inspektoru vəzifəsində çalışan Şahid1 izahatında xx.xx.2025-ci il tarixində iş qrafikinə uyğun olaraq “Sədərək” gömrük postunda giriş istiqamətində nəqliyyat vasitələrinin müayinəsi xəttində xidmətdə olduğunu, səhər saatlarında Türkiyə Respublikasından giriş edən Azərbaycan Respublikasına məxsus 75CA486/75ZB386 dövlət nömrə nişanlı, “X4 1844” markalı yük nəqliyyat vasitəsi gömrük nəzarətinə gəldiyini, sənədlərini qeydiyyat etdirdikdən sonra həmin nəqliyyat vasitəsinə yaxınlaşdığını və sürücünü sorğu-sual etməyə başladığını, bu zaman adının Şəxs olduğunu öyrəndiyini, sürücü ilə biraz söbhət etdikdən sonra onun idarə etdiyi yük nəqliyyat vasitəsinə baxış keçirməyə qərar verdiyini, yük nəqliyyat vasitəsinin sürücüsündən idarə etdiyi yük nəqliyyat vasitəsində qanunla qadağan olunmuş hər hansı bir şeyin olub-olmadığını soruşduğunu, sürücününü isə cavabında bir qədər qarışıq ərzağının və kimyəvi təmizləyici vasitələrinin olduğunu və bundan başqa qanunla qadağan olunmuş hər hansı bir şeyin olmadığını dediyini, bir qədər yük nəqliyyat vasitəsini yoxladıqdan sonra yük nəqliyyat vasitəsinin buraxılışını təmin etdiyini və yük nəqliyyat vasitəsini daha sonra X-ray yoxlanışından keçməsi üçün yönləndirdiyini, bir qədər sonra X-rayda yük nəqliyyat vasitəsinin dartıcı hissəsində şübhəli təsvirlərin olduğunu öyrəndiyini, həmin yük nəqliyyat vasitəsinə video çəkiliş vasitəsilə əsaslı yoxlama keçirmək qərarına gəldiyini, yoxlamada video çəkiliş zamanı köməklik göstəməsi üçün Şahid2 dəvət etdiyini və yoxlamaya başladığını, yoxlama zamanı yük nəqliyyat vasitəsinin dartıcısının yan sandıqcasında yükləri sıxmaq üçün olan kəmərlərin altından acıq gümüşü rəngli 1 ədəd ümumi çəkisi 49 kq olan ehtiyat hissəvə bənzər detal aşkar etdiyini, sonda yoxlamanın aparılması və aşkarladığı predmetin götürülməsi barədə protokol tərtib edərək iştirakçılar tərəfindən imzalandığını bildirdi. Məhkəmə iclasında şahid kimi dindirilən Şahid2 Şahid1 izahatına uyğun eyni məzmunlu izahat verərək Şahid1 qeyd etdiklərini bir daha təsdiqlədi. Məhkəmə şahidlərin izahatlarını dinləyib, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsinə əsasən malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin mallar və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 479-cu maddəsinin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 479 - 481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi tərtib olunmuş protokoldan, şahidlərin izahatı, inzibati xəta haqqında işin materialları ilə öz təsdiqini tapmışdır. İş materiallarına əlavə edilmiş 04 iyun 2025-ci il tarixli nəqliyyat vasitəsinin yoxlanması haqqında protokoldan görünür ki, yoxlama zamanı Azərbaycan Respublikası vətəndaşı, Şəxs idarə etdiyi dartıcı nömrəsi 75CA486/75ZB386 dövlət qeydiyyat nişanlı nömrə nişanlı ““X4 1844" markalı yük nəqliyyat vasitəsinin dartıcının yan sandıqcasında yükləri sıxmaq üçün olan kəmərlərin altından acıq gümüşü rəngli 1 ədəd ümumi çəkisi 49 kq olan ehtiyat hissəvə bənzər detal aşkar edilərək götürülmüşdür. Bununla da müəyyən olunur ki, Şəxs 04 iyun 2025-ci il tarixdə Sədərək Gömrük postundan Naxçıvan Muxtar Respublikasına keçərkən idarə etdiyi dartıcı nömrəsi 75CA486/75ZB386 dövlət qeydiyyat nişanlı nömrə nişanlı ““X4 1844" markalı yük nəqliyyat vasitəsinin dartıcının yan sandıqcasında yükləri sıxmaq üçün olan kəmərlərin altından acıq gümüşü rəngli 1 ədəd ümumi çəkisi 49 kq olan ehtiyyat hissəsini gömrük əməkdaşlarına bəyan etmədən, gömrük nəzarətindən gizlətməklə keçirmək istəmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli, 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 2.1-ci bəndinə əsasən, göstərilən mallar güzəştli qaydada gömrük sərhədindən keçirilə bilər. Həmin qərarın 2.1.10-cu bəndinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 188.1.1-ci maddəsi ilə müəyyən olunmuş aksiz vergisindən azadolmalar nəzərə alınmaqla, hər təqvim ayı ərzində bir dəfə 18 yaşına çatmış hər bir fiziki şəxs tərəfindən şəxsi istifadə üçün gömrük ərazisinə gətirilən 1,5 litr alkoqollu içki, 200 ədəd siqaret və 20 qram qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almaz keçirə bilər. Həmin qərarın 1.5 bəndində isə göstərilmişdir ki, fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların təyinatı fiziki şəxsin səfərinin bütün halları nəzərə alınmaqla, malların gömrük sərhədindən fiziki şəxsin və onun ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün keçirildiyi yəqinləşdirilməklə, onların xassələri, miqdarı, habelə sərhəddən keçirilməsinin mütəmadiliyi əsasında gömrük orqanları tərəfindən müəyyən edilir. Fiziki şəxs özünün və ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün 2 (iki) ədəd eyni və (və ya) eynicinsli malı bu Qaydaların 2.1.2-ci yarımbəndi ilə müəyyən edilmiş hədlər çərçivəsində güzəştli qaydada (gömrük ödənişləri ödəmədən) gömrük sərhədindən keçirmək hüququna malikdir. İş materiallarına əlavə edilmiş X1 xx.xx.2025-ci il tarixli NQM 003-06/25 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş açıq gümüşü rəngli 1 ədəd ümumi çəkisi 49 kq olan ehtiyyat hissəyə bənzər detalın orta bazar qiyməti 4200 manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 3-33-1200/2-002382/2025 nömrəli müşayət məktubunun qeyd hissəsindən görünür ki, maddi sübutlar Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılır. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinməli və maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə predmeti olan Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan açıq gümüşü rəngli 1 ədəd ümumi çəkisi 49 kq olan orta bazar qiyməti ilə ümumi dəyəri 4200 manat olan ehtiyyat hissəsi dövlət nəfinə müsadirə edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 16.1-ci maddəsinə görə İnzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq,məhkəmə qərara aldı: xx.xx.1986-cı təvəllüdlü Naxçıvan Muxtar Respublikası Şərur rayonu Dərəkənd kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. İnzibati xətanın bilavasitə obyekti olan, Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan açıq gümüşü rəngli 1 ədəd ümumi çəkisi 49 kq olan orta bazar qiyməti ilə ümumi dəyəri 4200 manat olan ehtiyyat hissəsi dövlət nəfinə müsadirə edilsin. Qərar qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün Naxçıvan şəhər İcra və Probasiya şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar