Məhkəmə qərarları › İş №3(088)-41/2025

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-41/2025

22.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-41/2025 22.07.2025 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək Rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakı ilə xx.xx.1999-cu ildə Şərur rayonu, Məmmədsabir kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, Şərur rayonu, Məmmədsabir kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə Sədərək rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi: xx.xx.2025-ci il tarixdə, Azərbaycan Respublikası vətəndaşı Şəxs psixotrop maddə olan metamfetamin adlı maddəni əldə edilməsi, saxlanılması, daşınması və qəbul etməsi barədə daxil olmuş məlumat əsasında həmin şəxsin saxlanılaraq Sədərək rayon Polis şöbəsinə dəvət edilərək narko-testdən keçirilməsi üçün Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X2 sidik narko-test vasitəsilə müayinə edilmiş, xx.xx.2025-ci il tarixli tibbi komisiyanın rəyinə əsasən, nəticədə MET (metamfetamin) və AMP (amfetamin) istifadə etməsi aşkar edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində tam təqsirli bilmiş, izahatında 2022-ci il tarixdən Rusiya Federasiyasında işlədiyini, təxminən 2025-ci ilin may ayından Türkiyə Respublikasına getdiyini, həmin ilin iyul ayına kimi Türkiyədə ev təmiri ustası işlədiyini, Türkiyədə işləyən zaman oteldə Türkmənistan Respublikası vətəndaşları ilə qaldığını, həmin şəxslərin narkotik vasitə və psixotrop maddə istifadə etdiklərini, həmin vaxt onunda narkotik psixotrop madda istifadə etdiyini, Naxçıvana gələcəyi üçün özü ilə həmin maddələrdən Naxçıvan MR-na gətirmək qararına gəldiyini, elə həmin Türkmənistan vətəndaşlarından 1000 türk lirəsi qarşılığında kristal (metamfetamin) aldığını, 16 iyul 2025ci il tarixdə yaşadığı kəndə gəlib bibisigil ilə görüşdüyünü, təxminən saat 21:00 radələrində dostlarına zəng edərək psixotrop maddə gətirdiyini və görüşüb çəkmələrini dediyini, Asim və İsanın onu yaşadığı Şərur rayon Məmmədsabir kəndindən avtomobil ilə götürdüklərini, sonra gedib psixotrop maddəni istifadə etdiklərini, 17 iyul 2025-ci il tarixdə İsa ilə görüşüb Şərur şəhərində yerləşən Zet adlı restoranda oturub pivə içdiklərini, sonra ayrılıb evlərinə getdiklərini, evə gəlib evin arxasındakı əkin sahəsinə keçdiyini, özünə saxladığı 04 ədəd metamfetamin kristalından 02 ədədini avtomobil lampasının içərisinə ataraq yandırıb istifadə etmək istədiyini, lakin kristalın su kimi oldu deyə istifadə edə bilmədiyini, lampanı və 02 ədəd meamfetamin kristallarını siqaret qutusunun içərisinə qoyub kolun dibinə atıb evə getdiyini, 18 iyul 2025-ci il tarixdə yenə İsa ilə görüşüb şərur şəhərində yerləən Zet adlanan restoranında oturub pivə içib yemək yediklərini, ondan ayrılıb evə getdiyini, evdə olan zaman özündə saxladığı 02 ədəd meamfetamin kristalını yenə evin arxasında olan əkin sahəsində avtomobil lampasının içərisinə atıb lampanı yandırdığını, bir iki dəfə çəkdikdən sonra bibisinin yoldaşı Mikayılın arxaya tərəf keçdi deyə lampanı siqaret qutusuna qoyub kolluğa atdığını, 19 iyul 2025-ci il tarixdə Sədərək rayon Polis Şöbəsinin əməkdaşlarının evə gələrək Polis şöbəsinə dəvət etdiklərini, oradan isə narkotestdən keçirmək üçün Naxçıvan Muxtar Respublikası X4 apardıqlarını, narkotestdən keçən zaman psixotrop maddə qəbul etməsinin aşkar edildiyini hərəkətindən çox peşman olduğunu bildirərək məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 izahatında xx.xx.2025-ci il tarixdə X5rşısında Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 ilə birlikdə xidməti ərazidə olan vaxt Şərur rayon sakini Şəxs psixotrop maddə olan metamfetamin adlı maddəni əldə edilməsi, saxlanılması, daşınması və qəbul etməsi barədə əməliyyat məlumatının daxil olduğunu və dərhal Şəxs yaşadığı evə gedərək Sədərək Rayon Polis Şöbəsinə dəvət etdiklərini, sonra tesdən keçirmək üçün Naxçıvan şəhərinə apardıqlarını, həkim komissiyasının rəyinə görə Şəxs metamfetamin və amfetamin qəbul etdiyini bildiridi. Məhkəmə iclasında Şahid1 İdiris oğlu Şahid2 ilə eyni məzmunlu izahat verərək Şahid2 izahatında göstərilənləri bir daha təsdiq etdi. İnzibati materiala əlavə olunmuş 22 iyul 2025-ci il tarixli MN № ******* inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə, Azərbaycan Respublikası vətəndaşı Şəxs psixotrop maddə olan MET (metamfetamin) və AMP (amfetamin) istifadə etməsi müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş Y.Budaqov adına Naxçıvan MR X3 21.07 2025-ci il tarixli 347 saylı rəyindən müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs narkomaniyaya xas əlamətlər müşahidə edilmir Lakin fiziki-psixi asılılıq əlamətləri olmadan narkotik maddə istifadə etməsi inkar edilmir. Hal-hazırda abstinensiya əlamətləri olmadığına görə məcburi müalicəyə ehtiyacı yoxdur. Şəxs xx.xx.2025-ci il tarixdə Y.Budaqov adına Naxçıvan MR X2 sidik narko-test, vaşitəsilə müayinə olunub, nəticə MET (metamfetamin) və AMP (amfetamin) müsbət aşkar olunmuşdur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təstiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına AMP (amfetamin) (İİ siyahı; sıra № 2), MET (metamfetamin) (İİ siyahı; sıra № 27) daxildir Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. Belə ki, toplanmış sübutlarla təsdiq olunur ki, Şəxs AMP (amfetamin) və MET (metamfetamin) istifadə etmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinməli və inzibati qaydada həbs edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən işin hallarını və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 32-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən hallar müəyyən edildi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmançılıq hisləri keçirməsini yüngülləşdirən hallar kimi nəzərə almışdır. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən, məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. İş üzrə maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: xx.xx.1999-cu il təvəllüdlü, Şərur rayonu, Məmmədsabir kəndində qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, 1(bir) ay 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. Qərar dərhal icra edilsin. İnzibati həbsin əvvəli 22 iyul 2025-ci il tarixdən saat 18:00-dan hesablansın. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Sədərək rayonu Polis şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar