Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-42/2023 10.10.2023 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək Rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Əhmədova (Nəcəfova) Kəmalət Hüseyn qızının iştirakları ilə xx.xx.1960-cı il tarixdə Babək Rayonu, Aşağı Uzunoba kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı Əhmədova (Nəcəfova) Kəmalət Hüseyn qızının haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsindən Əhmədova (Nəcəfova) Kəmalət Hüseyn qızının barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə material daxil olmuşdur. Əhmədova (Nəcəfova) Kəmalət Hüseyn qızının barəsində 19 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə EP-A № ******* nömrəli inzibati xəta haqqında protokola əsasən xx.xx.2023-cü il tarixdə saat 23:00 radələrində Sədərək gömrük postu vasitəsilə Türkiyə Respublikasından gələn, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan, xx.xx.2015-ci il tarixdə verilmiş C00704332 nömrəli pasportun sahibi, xx.xx.1960-cı il təvəllüdlü Əhmədova (Nəcəfova) Kəmalət Hüseyn qızının hərəkət və davranışları şübhə doğurduğundan və üzərində kommersiya məqsədli malların olduğuna dair əsaslı şübhələr olduğu üçün şəxsin üzərində gömrük nəzarətinə yazılı və şifahi bəyan edilmədiyi hər hansı predmetin olmasına əsaslı şübhə yaranmış, qanunvericiliyin tələblərinə uyğun olaraq Əhmədova (Nəcəfova) Kəmalət Hüseyn qızının üzərində şəxsi yoxlama aparılmış, şəxsi yoxlama zamanı Əhmədova (Nəcəfova) Kəmalət Hüseyn qızının üzərindən gömrük orqanına yazılı və şifahi şəkildə bəyan edilməyən 1 ədəd qızılı rəngli metaldan hazırlanmış çəkisi 15.9 qram olan boyunbağı və 1 ədəd qızılı rəngli metaldan hazırlanmış çəkisi 3.7 qram olan qolbaq aşkar edilmiş və qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Əhmədova (Nəcəfova) Kəmalət Hüseyn qızı izahatında Naxçıvan şəhərində qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə birlikdə yaşadığını, dəqaüddə olan evdar qadın olduğunu, xəstəliyi ilə əlaqədar müalicə olmaq üçün xx.xx.2023-cü il tarixdə o, qızı və qaynı ilə birlikdə Sədərək gömrük postundan keçərək Türkiyə Respublikasının İstanbul şəhərinə getdiklərini,xx.xx.2023-cü il tarixdə ölkəyə qayıdarkən Sədərək gömrük postundan keçən zaman gömrük əməkdaşlarının onların üzərini yoxlamadıqlarını, Türkiyə Respublikasından aldıqları gömrük orqanına bəyan etmədikləri qızlları özü gömrük əməkdaşlarına təqdim etdiyini, daha sonra isə qızılların götürülməsi barədə sənədlərin tərtib edildiyini və həmin zənədləri imzaladıqlarını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Naxçıvan Baş Gömrük İdarəsinin Sədərək gömrük postunun inspektoru X3 izahatında göstərilən vəzifədə işlədiyini, xx.xx.2023-cü il tarixində gündəlik iş qrafikinə uyğun olaraq xidmətdə olduğunu və sərnişinlərin gömrük yoxlamasını həyata keçirdiyini, həmin vaxt sərnişinlərdən Əhmədova (Nəcəfova) Kəmalət Hüseyn qızı yoxlama keçirilməsi üçün “Rapiscan” rentgen qurğusuna yaxınlaşdığını, bu zaman adı çəkilən qadınla birlikdə gələn X4 gömrük əməkdaşlarında birinin tanıdığını və qızıl satışı ilə məşğul olduğunu bildirdiyini, Əhmədova (Nəcəfova) Kəmalət Hüseyn qızının şübhəli davranışlarını əsas götürərək şəxsi yoxlama aparmaq qərarına gəldiyini, müvafiq icazələr aldıqdan sonra iki nəfər hal şahidinin iştirakı ilə adı çəkilən qadının üzərinə baxış keçirmək üçün şəxsi yoxlama otağına dəvət etdiyini, daha sonra yoxlama keçirdiyini, yoxlama zamanı Əhmədova (Nəcəfova) Kəmalət Hüseyn qızının üzərindən gömrük orqanına yazılı və ya şifahi şəkildə bəyan edilməyən 1 ədəd qızılı rəngli metaldan hazırlanmış çəkisi 15.9 qram olan boyunbağı və 1 ədəd qızılı rəngli metaldan hazırlanmış çəkisi 3.7 qram olan qolbaq aşkar edilərək götürdüyünü, sonra şəxsi yoxlama protokolu tərtib etdiyini, həmin protokolu onun, şahidlərin və Əhmədova (Nəcəfova) Kəmalət Hüseyn qızının oxuyaraq imzaladığını bildirdi. Məhkəmə iclasında hal şahidi qismində dindirilən Şahid2 izahatında Sədərək gömrük postunda xadiməçilik edərək ailəsini dolanışığını təmin etdiyini, xx.xx.2023-cü il tarixdə Sədərək gömrük postunda çalışdığı zaman gömrük əməkdaşı Kübra xanımın ona yaxınlaşaraq Azərbaycan Respublikası vətəndaşı Əhmədova (Nəcəfova) Kəmalət Hüseyn qızının üzərində şəxsi yoxlama aparmaq qərarına gəldiyini və hal şahidi qismində iştirak etməsini xahis etdiyini, etiraz etməyərək qəbul etdiyini, daha sonra şəxsi yoxlama otağına getdiklərini, həmin otaqda onun işlədiyi iş yerində aşbaz işləyən Yetər xanımın da orda hal şahidi qismində iştirak etdiyini gördüyünü, Kübra xanımın vətəndaş Əhmədova (Nəcəfova) Kəmalət Hüseyn qızını təqdim etdiyini və həmin şəxsin üzərinə baxış keçirəcəyini bildirdiyini, daha sonra isə onlara və həmin vətəndaşa hüquqları haqqında məlumat verdiyini, yoxlama zamanı Əhmədova (Nəcəfova) Kəmalət Hüseyn qızının üzərindən bir ədəd qızılı rəngli boyunbağı və bir ədəd qızılı rəngli qolbağın aşkarlandığını, Kübra xanımın aşkar olunmuş predmentin qızıl ola biləcəyini söylədiyini, sonra həmin qızıl rəngli boyunbağını onların iştirakı ilə tərəzidə çəkdiklərini, boyunbağının 15.9 qram, qolbağının isə 3.7 qram olduğunu, həmin boyunbağı və qolbağı ilə bağlı sənədlər yazıldığını, onlarında imzaları ilə təsdiq etdiklərini bildiridi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, şahidlərinin izahatlarını nəzərdən keçirib, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Əhmədova (Nəcəfova) Kəmalət Hüseyn qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Əhmədova (Nəcəfova) Kəmalət Hüseyn qızı tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi özünün, şahidlərin izahatı, inzibati xəta haqqında işin materialları ilə öz təsdiqini tapmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş: xx.xx.2023-cü il tarixli şəxsi yoxlama aparılması haqqında protokoldan görünür ki, şəxsi yoxlama zamanı Əhmədova (Nəcəfova) Kəmalət Hüseyn qızının üzərində gömrük nəzarətinə yazılı və ya şifahi bəyan edilməyən 1 ədəd çəkisi 15.9 qram olan qızılı rəngli metaldan hazırlanmış boyunbağı və 1 ədəd çəkisi 3.7 qram olan qızılı rəngli metaldan hazırlanmış qolbağı aşkarlanaraq götürülmüşdür. 14 sentyabr 2023-cü il tarixli 3-16-16/2-6/4737-9/6843 nömrəli məhkəmə iqtisad ekspertizasının rəyindən görünür ki, ekspertizaya tədqiqatına təqdim edilmiş 15.88 qram kütləli, sarı rəngli, 01 dəst boyunbağı-qolbaq 585 əyarlı qızıldan hazırlanmış və 3.67 qram kütləli, sarı rəngli, 01 ədəd qolbaq 585 əyarlı qızıldan hazırlanmışdır. Ekspertiza təqdimatına təqdim edilən 1 ədəd 15.88 qram kütləli, sarı rəngli 01 dəst boyunbağıqolbaq 1350 manat və 1 ədəd 3.67 kütləli, sarı rəngli qolbaq 312 manat olmaqla ümumilikdə 19.55 qram kütləli, sarı rəngli 585 əyarlı qızıldan hazırlanmış 1 dəst boyunbağı-qolbaq və 1 ədəd qolbağın xx.xx.2023-cü il tarixə olan orta bazar qiyməti təxminən 1662 manat müəyyən edilmişdir. İnzibati materiala əlavə edilmiş ekspertiza xərclərinə dair bidirişə əsasən ekspertiza tədqiqatının dəyəri 128 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətala Məcəlləsinin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Azərbaycan Respublikası İnzibati Xətala Məcəlləsinin 55.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflərin məbləği məsrəflərə aid olan çəkilmiş xərcləri təsdiq edən işə əlavə edilmiş sənədlər əsasında müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli, 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 2.1-ci bəndinə əsasən, göstərilən mallar güzəştli qaydada gömrük sərhədindən keçirilə bilər. Həmin qərarın 2.1.10-cu bəndinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 188.1.1-ci maddəsi ilə müəyyən olunmuş aksiz vergisindən azadolmalar nəzərə alınmaqla, hər təqvim ayı ərzində bir dəfə 18 yaşına çatmış hər bir fiziki şəxs tərəfindən şəxsi istifadə üçün gömrük ərazisinə gətirilən 1,5 litr alkoqollu içki, 200 ədəd siqaret və 20 qram qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almaz keçirə bilər. Həmin qərarın 1.5 bəndində isə göstərilmişdir ki, fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların təyinatı fiziki şəxsin səfərinin bütün halları nəzərə alınmaqla, malların gömrük sərhədindən fiziki şəxsin və onun ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün keçirildiyi yəqinləşdirilməklə, onların xassələri, miqdarı, habelə sərhəddən keçirilməsinin mütəmadiliyi əsasında gömrük orqanları tərəfindən müəyyən edilir. Fiziki şəxs özünün və ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün 2 (iki) ədəd eyni və (və ya) eynicinsli malı bu Qaydaların 2.1.2-ci yarımbəndi ilə müəyyən edilmiş hədlər çərçivəsində güzəştli qaydada (gömrük ödənişləri ödəmədən) gömrük sərhədindən keçirmək hüququna malikdir. Beləliklə işin araşdırılan halları ilə müəyyən olunur ki, inzibati xəta törətmiş şəxs Əhmədova (Nəcəfova) Kəmalət Hüseyn qızı ümumi çəkisi 19.55 qram olan qızıl-zinət əşyalarını Azərbaycan Respublikasının gömrük sərhədindən keçirərkən bəyan etməmiş və bununla da İXM-in 482.1-ci maddəsinin tələbləri həmin şəxs tərəfindən pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. 479-cu maddəsinin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 479 - 481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. 19 sentyabr 2023-cü il tarixli, 3-33-1200/2-003266/2023 nömrəli müşayiət məktubunun qeyd hissəsindən görünür ki, maddi sübut Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılır. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Əhmədova (Nəcəfova) Kəmalət Hüseyn qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinməli və maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olan malların ümumi dəyərinin 40 faizi məbləğində cərimə edilməlidir. Əlavə olaraq inzibati xətanın bilavasitə obyekti olan, Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 15.88 qram kütləli, sarı rəngli, 585 əyarlı, 01 dəst dəyəri 1350 manat olan boyunbağı və 3.67 qram kütləli, sarı rəngli, 585 əyarlı, dəyəri 312 manat olan qolbaq olmaqla ümumilikdə dəyərləri 1662 manat olan 1 ədəd boyunbağı və 1 ədəd qolbağı müvafiq gömrük rəsmiləşdirilməsi həyata keçirildikdən sonra qanuni sahibi Əhmədova (Nəcəfova) Kəmalət Hüseyn qızına qaytarılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti dövlət hesabından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzininin (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 115.4.1-ci bəndinə əsasən dövriyyədən çıxarılmamış sənədlər və əşyalar onun qanuni sahibinə qaytarılmalı, qanuni sahibi müəyyən edilmədikdə isə dövlətin mülkiyyətinə verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Əhmədova (Nəcəfova) Kəmalət Hüseyn qızının əməlini səmimi etiraf etməklə peşman olmasını Azərbaycan Respublikası İXM-in 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati məsuliyyəti ağırlaşdıran hallar, icraatı rədd edən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən İnzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 143-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirəsalmanın müddəti bitdikdən on gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: xx.xx.1960-cı il təvəllüdlü, Azərbaycan Respublikası vətəndaşı Əhmədova (Nəcəfova) Kəmalət Hüseyn qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. Əhmədova (Nəcəfova) Kəmalət Hüseyn qızı 15.88 qram kütləli, sarı rəngli, 585 əyarlı, 01 dəst dəyəri 1350 manat olan boyunbağı və 3.67 qram kütləli, sarı rəngli, 585 əyarlı, dəyəri 312 manat olan qolbaq olmaqla ümumilikdə dəyərləri 1662 manat olan 1 ədəd boyunbağı və 1 ədəd qolbağın dəyərinin 40 (qırx) faizi məbləğində, yəni 664.80 (altı yüz altmış dörd manat, səksən qəpik) manat cərimə edilsin. İnzibati xətanın bilavasitə obyekti olan, maddi sübut, Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 15.88 qram kütləli, sarı rəngli, 585 əyarlı, 01 dəst dəyəri 1350 manat olan boyunbağı və 3.67 qram kütləli, sarı rəngli, 585 əyarlı, dəyəri 312 manat olan qolbaq olmaqla ümumilikdə dəyərləri 1662 manat olan 1 ədəd boyunbağı və 1 ədəd qolbağ qərar qanuni qüvvəsini aldıqdan və müvafiq gömrük rəsmiləşdirilməsi həyata keçirildikdən sonra inzibati xəta törətmiş (əşyaların qanuni sahibi) Əhmədova (Nəcəfova) Kəmalət Hüseyn qızına qaytarılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti dövlət hesabından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzininin (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov
Məhkəmə qərarları › İş №3(088)-42/2023
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-42/2023
10.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver