Məhkəmə qərarları › İş №3(088)-42/2024

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-42/2024

07.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-42/2024 07.08.2024 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ X7 Əziz oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Şərur rayon Dəmirçi kəndində doğulmuş, orta təhsilli, Sədərək rayon Dəmirçi kəndində qeydiyyatda olan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Sədərək Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Sədərək Rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Sədərək Rayon Məhkəməsinə göndərilmişdir. Protokola əsasən Şəxs 27 iyun 2024-cü il tarixdə Sədərək rayon Dəmirçi kənd sakini Zərərçəkmiş şəxs döymüşdür. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında 27 iyun 2024-cü il tarixdə saat təqribən 10 radələrində yaşadığı Sədərək rayon Dəmirçi kəndində qonşusu və həmkəndlisi olan Zərərçəkmiş şəxs inəyinin onun əkin sahəsinə düşdüyünü gördüyünü, ona əvvəllər də xəbərdarlıq etdiyini və bir daha əkin sahəsinə düşməyinə imkan verməməsini dediyini, onun isə bir daha olmayacağını dediyini, qonşunun inəyinin yenə əkin sahəsində otladığını gördüyünü, bu zaman mobil telefon vasitəsi ilə inəyin əkin sahəsində otladığını qonşusuna sübut etmək məqsədi ilə videolentə aldığını, qonşusu Ramilənin isə onun inəyini videoya qeyd etdiyini görüb əsəbləşərək nalayiq ifadələr işlətməyə başladığını, ancaq yanına gəlmədiyini, onunla uzaqdan mübahisələri olduğunu, bir-birilərinə qarşılıqlı nəlayiq ifadələr işlətdiklərini, ona heç bir xəsarət yetirmədiyini, ona yetirilmiş xəsarətlərin hadisədən 1 gün əvvəl öz həyat yoldaşı tərəfindən aralarında yaranan mübahisə zamanı yetirildiyini, həyat yoldaşı tərəfindən döyüldüyünü, bu barədə polisə də xəbər verdiyini bildirdi. İnzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs izahatında 27 iyun 2024-cü il tarixdə səhər saatlarında anasigildən gəldiyini, inəyini aparıb öz yerinin başına bağladığını, sonra öz mağazasında oturduğunu, Vüsalənin qaçaraq malı bağladığı torpaq sahəsinə getdiyini və inəyi açıb qovaladağını gördüyünü, özünün də oraya getdiyini, orada Vüsalənin ona qarşı nalayiq ifadələr işlətdiyindən qarşılıqlı olaraq nalayiq ifadələrələ ona cavab qaytardığını, həmin zaman Vüsalənin onunla tutaqlaşdığını, Vüsalənin onun saçından yapışaraq əlində olan tam görə bilmədiyi telefona bənzər əşya ilə baş nahiyəsindən zərbə vuraraq yerə yıxdığını, həmin vaxt huşunu itirdiyini, ayılan vaxtı xəstəxanada olduğunu gördüyünü, sonradan qardaşının onu təcili tibbi yardım məntəqəsinə apardığını bildiyini, aldığı xəsarətlərin orada da qeydə alındığını, sonradan Sədərək Rayon Polis şöbəsinə şikayət ərizəsi yazdığını, bununla əlaqədar Polis şöbəsi tərəfindən xəsarətin dərəcəsinin müəyyən edilməsi ilə bağlı məhkəmə tibbi ekspertizası təyin olunduğunu və ora gedərək müayinə olunduğunu, xəsarətlərinin qol və çiyin nahiyəsindən olduğunu, Vüsalənin onun əri tərəfindən döyülməsinin fikirlərinin yalan olduğunu, hadisədən sonra qonşu olaraq barışacağını, lakin ikinci dəfə yenə inəyi həmin əraziyə bağladığını və həmin zaman Vüsalənin bacısının da ona hücum edərək hədələdiyindən Vüsalə ilə barışmaq istəmədiyi, ondan şikayətçi olduğunu bildirmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X3 xx.xx.2024-cü il tarixli 1236 nömrəli ekspert rəyinə əsasən vətəndaş Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizası zamanı bədən səthi üzərində aşkar edilmiş xəsarətlər - sol bazusunda və sol saidində qançırlar küt mexanizmdən, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdirlər, xəsarətlərin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcələri təyin edilmir. İş materiallarına əlavə olunmuş Sədərək Rayon Polis Şöbəsinin İstintaq və Təhqiqat Qrupunun təhqiqatçısı polis leytenantı X1 xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, vət. Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış materiallar üzrə Şəxs əməlində cinayət tərkibi olmadığı üçün Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi yarandığından onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti və toplanmış materiallar Sədərək Rayon Polis Şöbəsinin İTBnə göndərilmişdir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib tənbeh olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, məhkəmədə iştirak edən şəxslərin izahatları, tərtib edilmiş inzibati xəta haqqında protokol, Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X3 xx.xx.2024-cü il tarixli 1236 nömrəli ekspert rəyi və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs ilə Zərərçəkmiş şəxs arasında Ramilənin onun torpaq sahəsində iribuynuzlu malın otarması səbəbindən 27 iyun 2024-cü il tarixdə saat 10 radələrində mübahisə olmuş və mübahisə nəticəsində Şəxs Zərərçəkmiş şəxs döymüşdür. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Bundan başqa, məhkəmə Şəxs izahatında göstərilənləri onun inzibati məsuliyyətdən yayınmağa cəhd etməsi kimi qiymətləndirməklə nəzərə almır. Belə ki, təhqiqat zamanı toplanaraq tədqiq edilmiş sübutlarla inzibati xətanın öz təsdiqini tapdığı, o cümlədən Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı xəsarətlərin yetirilmə müddətinin qərarda göstərilən tarixə, yəni 27 iyun 2024-cü il tarixə uyğun gəlməsi və həmin xəsarətlərin 1 gün əvvəl ona həyat yoldaşı tərəfindən yetirilməsi nəticəsində alınmasının inkar olunması müəyyən edilmişdir. Eyni zamanda, məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Zərərçəkmiş şəxs ilə barışmamışdır, ona görə İXMnin 39.1-ci maddəsində nəzərdə tutulduğu qaydada iş üzrə icraata xitam verilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş üzrə inzibati xəta törətmiş şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri və törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyası hədləri daxilində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq qərar verdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz manat) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sədərək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar