Azərbaycan Respublikası adından QƏRARDAD Heydərabad qəsəbəsi İş № 3(088)-51/2023 15.11.2023 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Şəxs MMC barəsində Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materialı məhkəmə iclasında baxılmağa hazırlayarkən müəyyən etdim: Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Sədərək Rayon ərazisində şirarxı kanalının mühafizə zolağında yaş halda olan 6 ədəd yulğun kolunu ekoloji ekspertiza rəyi olmadan xx.xx.2023-cü il tarixdə İğdır-Naxçıvan qaz-boru kəmərinin tikintisi zamanı texnika vasitəsilə məhv edilməsinə görə Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 253.3.3-cü maddəsində məsuliyyət nəzərdə tutulan xx.xx.2023-cü il tarixli, 016013 saylı tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün Sədərək Rayon Məhkəməsinə göndərilmiş xx.xx.2023-cü ildə məhkəməyə daxil olmuşdur. Hakim inzibati materialı araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs MMC barəsində təqdim edilmiş materiallar natamam olduğundan və sənədlər düzgün tərtib olunmadığından inzibati xətalar haqqında protokol və digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında material heç bir araşdırma aparılmadan 31 oktyabr 2023-cü il tarixdə akt tərtib etməklə 01 noyabr 2023-cü ildə protokol tərtib edib məhkəməyə göndərilməsi aşağıdakı normaların pozuntusuna səbəb olmuşdur. Azərbaycan Respublikası İXM-nin 102-ci maddəsinə əsasən ( ətraf mühitin mühafizəsi ) inzibati araşdırılma tələb olunur, inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır. Həmin məcəlləyə əsasən inzibati araşdırılma tələb olunduğu hallarda inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında qərardad (qərar) qəbul edilir. Lakin inzibati materialda araşdırma aparılmasına ilə bağlı qərardad (qərar) qəbul edilməmiş və araşdırma aparılmasına dair sənədər iş materialına əlavə edilməmiş, xx.xx.2023-cü il tarixli akt hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən( maraqlı şəxslər tərəfindən) tərtib edilmiş, iş materiallarına Şəxs MMC-nin, nə də onun nümayəndəsinin təhsisedici sənədləri əlavə edilməmişdir. Həmin məcəllənin 57-ci maddəsinin tələblərinə uyğun olaraq Şəxs MMC-nin nümayəndəsinin tərtib edilmiş xx.xx.2023-cü il tarixli 016013 nömrəli protokola imza etməsindən imtina etməsi göstərilsədə bunula bağlı heç bir sənədləşmə aparılmamış, yalnız nümayəndə ilə telefon əlaqəsi saxlanılması göstərilsədə həmin telefon nömrəsinin kimə məxsus olması barədə də heç bir rəsmi sənəd materiala əlavə olunmamışdır. Bundan əlavə nüməyəndənin şəxsiyyəti, həmin müəssisədə vəzifəsi və ünvanı müəyyən edilməmiş, inzibati xəta haqqında protokolda həmin protokolun hüquqi şəxsin ünvanına göndərilməsi qeyd edilsədə göndərilməni təsdiq edən sənədlər inzibati materiala əlavə edilməmişdir. Həmin məcəllənin 100.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Lakin, iş materialına şahidlərin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları əlavə edilməmişdir. Həmin məcəllənin yuxarıda göstərilən maddələrinin mətnindən görünür ki, inzibati materialda dəqiq araşdırma aparılmadan, təhsisedici sənədlər əlavə edilmədən, tərəflərin izahatları alınmadan inzibati protokol tərtin edilmişdir. İş üzrə materiallardan görünür ki, Azərbaycan Respublikası İXM-nin 253.3.3-cü maddəsində məsuliyyət nəzərdə tutulan xx.xx.2023-cü il tarixli, 016013 saylı protokol düzgün tərtib edilməmiş, dəqiq araşdırma aparılmamış, hüquqi şəxsin nümayəndəsinin şəxsiyyəti müəyyən edilməmiş, tərəflərin izahatları və təhsisedici sənədlər iş materialına əlavə edilmədən inzibati material məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. 61.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs bu Məcəllə ilə müəyyən edilmiş digər hüquqlardan da istifadə edə bilər. 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. 64.3-cü maddəsinə əsasən hüquqi şəxs tərəfindən törədilmiş inzibati xətalar haqqında işlərə hüquqi şəxsin nümayəndəsinin və ya vəkilinin iştirakı ilə baxılır. Həmin şəxslərin iştirakı olmadan inzibati xəta haqqında işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. 64.4-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxarkən hakim hüquqi şəxsin nümayəndəsinin iştirakını məcburi hesab edə bilər. 99.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan inzibati araşdırılma tələb olunduğu hallarda inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında qərardad (qərar) qəbul edilir. 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.6-cı maddəsinə əsasən olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. 101.2-ci maddəsinə əsasən işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. 101.3-cü maddəsinə əsasən inzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir. 102.1-ci maddəsinə əsasən sağlamlıq əleyhinə, yaxud maliyyə, vergi, rüsum, gömrük işi, ətraf mühitin mühafizəsi, yanğın təhlükəsizliyi və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində, habelə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, hərbi xidmət əleyhinə və bu Məcəllənin 227-ci, 232-1-ci, 351-1-ci, 371-1-ci, 398-ci, 602.1-ci, 602.2-ci və 602-3cü maddələrində nəzərdə tutulmuş inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır. 102.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardad bu Məcəllənin 42.2 və 43.2-ci maddələrinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib etmək və inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən qəbul edilir. Prokuror isə inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərar qəbul edir. Azərbaycan Respublikasının İXM-nin 109.1.6-cı maddəsinə görə protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Beləliklə həmin məcəllənin yuxarıda göstərilən maddələrinin mətnindən bir daha aydın olurki, inzibatı tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqan tərəfindən inzibati xəta haqqında protokol düzgün tərtib edilməmiş, Azərbaycan Respublikası İXM-nin 57, 64, 99, 100, 101 və 102-ci maddələrinin tələblərinə riayət edilməmiş, xx.xx.2023-cü il tarixli, 016013 saylı protokol düzgün tərtib edilməmiş, dəqiq araşdırma aparılmamış, hüquqi şəxsin nümayəndəsinin şəxsiyyəti müəyyən edilməmiş, tərəflərin izahatları və təhsisedici sənədlər iş materialına əlavə edilmədən inzibati material məhkəməyə göndərilmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2019-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Belə olan halda, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nın 253.3.3cü maddəsində məsuliyyət nəzərdə tutulan inzibati xəta haqqında təqdim edilmiş materiallar natamam olduğundan və sənədlər düzgün tərtib olunmadığından inzibati xətalar haqqında protokol və digər sənədlər onu tərtib etmiş orqana vəzifəli şəxsə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq Q ə r a r a a l d ı m: Şəxs MMC barəsində Azərbaycan Respublikasının İXM-nin 253.3.3-cü maddəsinə əsasən tərtib olunmuş inzibati xəta haqqında protokol və digər sənədlər onu tərtib etmiş orqana Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə geri qaytarılsın. Hakim: Hüseyn Zülfüqarov
Məhkəmə qərarları › İş №3(088)-51/2023
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərardad — İş №3(088)-51/2023
15.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver