Məhkəmə qərarları › İş №3(088)-53/2025

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-53/2025

17.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-53/2025 17.11.2025 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək Rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin təsisçisi Nümayəndə iştirakı ilə, "xxxx" MMC-nin tərəfindən Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsi xx.xx.2025-ci il tarixli, 3-33-1200/2-004060/2025 №-li məktubu ilə hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2025-ci il tarixli, EP № ******* №-li inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər baxılması üçün Sədərək Rayon Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin təsisçisi Nümayəndə izahatında Sədərək raon Dəmirçi kəndində yaşadığını, həmin kənddə “priket kərpiç istehsalı” müəssisəsinin sahibi olduğunu, müəssisənin sürücüsü ilə aralarında yaranmış anlaşılmamazlıq və gömrük ərazisində xidmət aparan sərhədçilərin tələsdirməsi səbəbindən sürücünün 99FF643/68ZA084 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə qısa idxal bəyannaməsi üçün müəyyən olunmuş 1 saat müddətin tamam olmağını gözləmədən beş dəqiqə tez gömrük ərazisinə daxil olduğunu, özünün və sürücünün heç bir günahının olmadığını, lakin sərhədçilərin və gömrük əməkdaşlarının sürücünü tələsdirməsi ucbatından gömrük ərazisinə 4-5 dəqiqə tez daxil olduğunu, qisa idxal bəyannaməsini vaxtında sistemə vurduğunu ona görə də icraatda olan işə xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -xx.xx.2025-ci il tarixli, **********9086 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, "xxxx" MMC tərəfindən “qısa idxal bəyannaməsi verilmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 saat əvvəl verilməlidir. İstinad edilən Qanunun və inzibati xətalar qanunvericiliyinin mənasına görə, qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi və ya verilmiş müddətdə gömrük ərazisinə daxil olmaması hüquqi şəxsin inzibati qaydada məsuliyyətə cəlb olunmasına səbəb olur. Lakin "xxxx" MMC-nin təsisçisi Nümayəndə izahatından və xx.xx.2025-ci il tarixli, **********9086 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, "xxxx" MMC tərəfindən “qısa idxal bəyannaməsindən və iş materialından müəyyən olunur ki, sürücü qısa idxal bəyannaməsinin verilməsindən bir saat sonra keçməli olduğu halda sərhədçilərin və gömrük əməkdaşlarının onu tələsdirməsi ucbatından sürücü bilmədən və onun təqsiri olmadan 4-5 dəqiqə tez gömrük ərazisinə daxil olmuşdur. Bu baxımdan "xxxx" MMC-nin malı gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsini vaxtında verməsi onun hər hansı inzibati xəta törətməsini özündə əks etdirmir. İnzibati xəta tərkibinin olmaması, edilən hərəkətin inzibati xəta sayılmamasıdır, çünki bu zaman inzibati məsuliyyət üçün tələb olunan obyektiv (hərəkətin hüquqazidd olması, zərərli nəticənin olması) və subyektiv (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilməsi) əlamətlər tam olaraq mövcud deyildir. Sadəcə bir əlamətin, məsələn, hüquqazidd xarakterin olmaması belə, inzibati xətanın tərkibinin olmadığını göstərir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası,ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə, məhkəmə iclasında "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmədi. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 53, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Мəcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar