Məhkəmə qərarları › İş №3(088)-54/2023

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-54/2023

21.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-54/2023 21.11.2023 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə. xx.xx.1987-ci il təvəllüdlü Şərur Rayonu Sədərək kəndində anadan olmuş, evli, 3 uşaq atası, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Sədərək Rayon Qaraağac kəndində qeydiyyatda olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Sədərək Rayon Polis şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Şəxs xx.xx.2023-cü il tarixdə Sədərək Rayon Polis şöbəsində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında iki ay əvvəl həyat yoldaşı ilə dalaşdığından həyat yoldaşı uşaqları götürüb atası evinə getdiyini, xx.xx.2023-cü il tarixdə saat 18:30 radələrində uşaqlarını görmək üçün Sədərək kəndində yerləşən qaynatasının evinə getdiyini,, sərxoş olduğu üçün həyat yoldaşı ilə aralarında mübahisə baş verdiyini, mübahisə zamanı qayınatasının polis şöbəsinə zəng vuraraq kömək istədiyini, 10-15 dəqiqə keçəndən sonra polis əməkdaşlarının gəldiklərini və onu polis şöbəsinə apardıqlarını, Polis şöbəsində olarkən spirtli içkinin təsiri altında polis şöbəsində ucadan səs-küy saldığını, polis əməkdaşlarının onu sakitləşdirməyə çalışsalarda daha da əsəbləşdiyini, polisin qanuni tələbinə tabe olmadığını, etdiyi əməldən peşman olduğunu, polis əməkdaşından bir neçə dəfə üzür istədiyini bir daha belə hərəkət etməyəcəyini bildirdi. Məhkəmədə şahid qismində dindirilən Sədərək rayon Polis şöbəsinin PPXT-nin polis nəfəri, polis baş serjantı X1 izahatında xx.xx.2023-cü il tarixdə Sədərək Rayon Polis şöbəsində xidmət apararkən ucadan səs-küy eşitdiyini, səs gələn istiqamətə getdiyini, bu zaman Sədərək rayon Qaraağac kənd sakini Şəxs olduğunu gördüyünü, həmin şəxs ucadan səs-küy salaraq polis şöbəsində olan polis sahə rəisi Rəşad müəllimin Şəxs sakitləşdirməyə çalışdığını gördüyünü, buna məhəl qoymayaraq öz hərəkətlərinə davam etdiyini, spirtli içkinin təsiri altında olduğundan polisin qanuni tələbinə qəsdən tabe olmadığını bildiridi. Məhkəmə toplanmış sübutlara, İnzibati xəta haqqında 003059 №-li protokollara qiymət verərək belə nəticəyə gəlir ki Şəxs yuxarıda sadalanan inzibati xəta törətməsi özünün səmimi etirafı və iş üzrə dindirilmiş şahidin izahatı ilə kifayət qədər sübuta yetirilir. Təhqiqat orqanı Şəxs törətdiyi inzibati xətanı Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Belə ki, səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, o öz hərəkətlərini davam etdirmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən işin hallarını və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. İnzibati xətaya görə məsuliyyətini ağırlaşdıran, iş üzrə icraatı rədd edən hallar müəyyən edilmədi. Məhkəmə Şəxs peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xətanın xarakterini və işin göstərilən hallarını, eləcədə inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati qaydada həbs cəzasının tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. İnzibati materiala əlavə edilmiş xx.xx.2023-cü il tarixli 0793 nömrəli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 19:00-dan inzibati qaydada tutulmuşdur. Belə ki, inzibati həbs cəza növünün tətbiq edilməsinin məqsədi həm inzibati xəta törətmiş şəxs Şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs inzibati tənbeh növü tətbiq edərkən belə hesab edir ki, onun Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati qaydada həbs edilməsi məqsədə uyğundur. Yuxarıda göstərilənlərə əsaslanıb Azərbaycan Respublikasının İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İnzibati xəta törətmiş şəxs xx.xx.1987-ci il təvəllüdlü Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbs etmənin əvvəli 20 noyabr 2023-cü il tarixdən saat 19:00-dan inzibati qaydada tutulduğu vaxtdan hesablanılsın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə (Naxçıvan Muxtar Respublikasının DİN-nin X2) çatdırılması Sədərək rayonu Polis Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar