Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-55/2025 27.11.2025 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Hakim Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli EP № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Sədərək Rayon Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında xx.xx.2023-cü il tarixində bazarlıq etmək üçün Türkiyə Respublikasının İğdır şəhərinə gedən zaman Sədərək gömrüyünün ərazisinə girməzdən əvvəl qapının qarşısında tanımadığı bir nəfərin ona yaxınlaşdığını və Türkiyədə təmir etmək üçün iki ədəd qaynaq aparatı apardığını və həmin qaynaq aparatının birini keçirməyini xahiş etdiyini və qarşılığında 15 manat pul verəcəyini söylədiyini, sən heç nəyə qarışmayacaqsan sadəcə pasportunu verərsən ki, aparatlardan birini sənin adına yazdırım dediyini, onunla razılaşaraq köhnə un kisəsində olan qaynaq aparatını götürdüyünü və onunla birgə gömrüyə daxil olduqlarını, gömrüyü keçərkən həmin adamla birgə pasportlarını gömrükçüyə verdiklərini və o qaynaq aparatlarının sarğısının yandığını və təmirə apardıqlarını söylədiyini, sonra gömrükçünün bəyannamə yazdığını və birlikdə gömrükdən çıxdıqlarını, Türkiyə gömrüyünü də eyni qaydada keçdiklərini, Türkiyə gömrüyündən çıxdıqdan sonra qaynaq aparatını ona verdiyini və 15 manat pul alıb iğdıra getdiyini, xx.xx.2025-ci il tarixində Türkiyəyə getmək istəyərkən saxlanıldığını və qaynaq aparatlarını gətirmədiyi üçün məsuliyyət daşıdığının bildirildiyini, savadı olmadığı üçün həmin qaynaq aparatlarının geri qaytarılmamasına görə məsuliyyətə cəlb olunacağını bilmədiyini, əməlindən peşman olduğunu, bir daha belə bir hala yol verməyəcəyini bildirərək barəsində yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin “Sədərək” Gömrük Postunun baş inspektoru Şahid izahatında həqiqətən də xx.xx.2023-cü il tarixdə Şəxs nasaz olan sarğıları yanmış 2 ədəd işlənmiş qaynaq aparatını ölkədən təmir üçün çıxarıb Türkiyə Respublikasına apardığını, qaynaq aparatlarının fotoşəkillərini çəkdiyini, həmin tarixdə bəyannamə əsasında 2 il müvəqqəti ixrac müddəti verildiyini, lakin təyin olunmuş müddət ərzində istifadə olunmuş qaynaq aparatlarını geri qaytarmamış və təyin olunmuş müddəti pozduğunu, bununla bağlı Şəxs qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunduğunu bildirdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti mayoru X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli EP № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı, xx.xx.1969-cu il təvəllüdlü, Azərbaycan Respublikası tərəfindən xx.xx.2019-cu il tarixində verilmiş C022299328 nömrəli xarici pasportun sahibi Şəxs xx.xx.2023-cü il tarixində ölkədən çıxış istiqamətində Azərbaycan Respublikası ərazisindən “Sədərək” gömrük postu vasitəsilə Türkiyə Respublikasına gedərkən təmir üçün özü ilə apardığı 2 ədəd işlənmiş qaynaq aparatına fiziki şəxslər tərəfindən verilən **********442 nömrəli bəyannaməyə əsasən xx.xx.2025-ci il tarixinədək müvəqqəti ixrac müddəti verilmiş, həmin işlənmiş qaynaq aparatları xx.xx.2025-ci il tarixində ölkə ərazisinə qaytarılmalı olduğu halda qaytarılmamış, nəticədə qaynaq aparatları üçün müəyyən olunmuş müvəqqəti ixrac müddət pozulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş X1 xx.xx.2025-ci il tarixli NQM 075-10/25 nömrəli istifadə edilmiş qaynaq aparatının dəyərinin müəyyən edilməsi barədə rəyin nəticə hissəsindən görünür ki, ekspertizaya təqdim edilən fotoşəkillər əsasında 2 ədəd İNVERTER 25İ-ULTRA markalı istifadə edilmiş və sarğısı yanmış vəziyyətdə olan qaynaq aparatının hadisənin baş verdiyi tarixə yəni xx.xx.2025-ci il tarixinə dəyəri bir ədədi 500 manat olmaqla iki ədəd qaynaq aparatının ümumi dəyəri 1000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 499.2-ci maddəsinə əsasən aparılması və ya qaytarılması məcburi olan əvvəllər gətirilmiş və ya aparılmış mallar və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmamasına və ya bu əraziyə qaytarılmamasına görə -inzibati xətanın bilavasitə obyekti olan mallar və ya nəqliyyat vasitələri müsadirə edilir, yaxud vətəndaşlar həmin malların və ya nəqliyyat vasitələrinin dəyərinin yetmiş faizindən yüz faizinədək məbləğdə cərimə edilir, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər həmin malların və ya nəqliyyat vasitələrinin dəyərinin yetmiş faizindən yüz faizinədək məbləğdə cərimə edilir və ya Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs tərəfindən **********442 qeydiyyat nömrəli sadələşdirilmiş gömrük bəyannaməsi ilə müvəqqəti idxal gömrük prosedurunda rəsmiləşdirilmiş qaynaq aparatlarının öhdəlik müddəti xx.xx.2025-ci il tarixində bitmişdir. Lakin, öhdəlik müddətinin bitməsinə baxmayarag Şəxs qaynaq aparatlarını Azərbaycan Respublikasının ərazisinə qaytarılmamasına dair tədbir görülməmişdir. Belə ki, Şəxs Azərbaycan Respublikasından “Sədərək” gömrük postu vasitəsilə Türkiyə Respublikasına gedərkən təmir üçün özü ilə apardığı 2 ədəd qaynaq aparatını fiziki şəxslər tərəfindən verilən **********442 nömrəli bəyannaməyə əsasən xx.xx.2025-ci il tarixinədək müvəqqəti ixrac müddəti verilmişdir. Şəxs tərəfindən həmin qaynaq aparatları xx.xx.2025-ci il tarixində ölkə ərazisinə qaytarılmalı olduğu halda qaytarılmamış, nəticədə 2 ədəd qaynaq aparatlarını geri qaytarılması üçün müəyyən olunmuş müddət pozulmuşdur. Məhkəmə araşdırması zamanı Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsi ilə təqsirli bilinməli və ümumi dəyəri 1000 manat olan 2 ədəd İNVERTER 25İ-ULTRA markalı istifadə edilmiş və sarğısı yanmış vəziyyətdə olan qaynaq aparatlarının dəyərinin 70 faizi yəni 700 manat məbləğində inzibati qaydada cərimə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan ümumi dəyəri 1000 manat olan 2 ədəd “İNVERTER 25İ-ULTRA” markalı istifadə edilmiş və sarğısı yanmış vəziyyətdə olan qaynaq aparatlarının dəyərinin 70 faizi yəni 700 manat məbləğində inzibati qaydada dövlət nəfinə ödənilməklə cərimə edilsin. Qərar qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün Şərur rayon İcra və Probasiya Şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Hüseyn Zülfüqarov
Məhkəmə qərarları › İş №3(088)-55/2025
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-55/2025
27.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver