Məhkəmə qərarları › İş №3(088)-6/2025

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-6/2025

12.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-6/2025 12.02.2025 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək Rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə. xx.xx.1988-ci ildə Şərur rayon Dəmirçi kəndində doğulmuş, orta təhsilli, işsiz, subay, Sədərək rayon Dəmirçi kəndində qeydiyyatda olan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsi ilə Sədərək Rayon Polis şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Vətəndaş Şəxs xx.xx.2025-ci il tarixdə Sədərək rayon Dəmirçi kəndi ərazisində hərbi qulluqçuların xüsusi geyim formasını qanunsuz olaraq daşımışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında xx.xx.2025-ci il tarixdə qohumu və həmkəndlisi X1 evində qardaşı X4 ilə birlikdə fəhlə işlədiklərini, təxminən saat 20:00-dək işlədikdən sonra evə gəlmək üçün hazırlaşdığını, bu zaman Zülfüqarın olara övladının hərbi geyimi olan puşlatını verərək tərləmisiz alın geyinin xəstələnməyin dediyini, həmin hərbi geyim formasını geyinərək evlərinə getdiklərini, xx.xx.2025-ci il tarixdə səhər saat 09:10 radələrində yenidən işləmək üçün evdən çıxıb gedərkən Sədərək rayon Polis şöbəsinin əməkdaşlarının onları saxlayaraq hərbi geyim formasının mülki şəxslər tərəfindən geyinilməsinin qadağan olduğunu bildirdiklərini və Sədərək rayon Polis şöbəsinə dəvət etdiklərini, əməldindən peşman olduğunu, həmin geyim formasının qadağan olunduğunu bilmədiyini bildirərək bundan sonra bu hərəkətlərə yol verməyəcəyini bildirdi. Maddi sübut kimi məhkəməyə təqdim edilmiş hərbi geyim forması olan puşlatın üzərində “Kiçik çavuş” hərbi rütbəsi və “Azərbaycan Respublikasının Dövlət Gerbi” təsvir olunan emblemlər vardır. Məhkəmə iclasında şahid qismində dindirilən Sədərək rayon Polis şöbəsinin PPXTnın polis nəfəri Şahid2 izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə təxminən saat 09:10 radələrində polis nəfəri X2 ilə birlikdə Sədərək rayon Dəmirçi kənd ərazisində xidmət apardıqları zaman iki nəfər mülki şəxsin hərbi xüsusi geyim forması olan puşlat geyindiyini gördüklərini, həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim etdiklərini, həmin şəxsləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsinin tələbini pozduqlarına görə Sədərək rayon Polis şöbəsinə dəvət etdiklərini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X2 izhatında Şahid2 verdiyi izahata tam uyğun olaraq izahat verərək izahatda göstərilənləri bir daha təsdiq etdi. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsi ilə tövsif olunmuşdur. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib tənbeh olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti subyektlərinin, hərbi qulluqçuların və prokurorluq işçilərinin fərqlənmə nişanları olan hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşımağa görə inzibati xətanın obyekti olmuş hərbi və xüsusi geyim forması müsadirə edilməklə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi əməliyyat-axtarış fəaliyyəti subyektlərinin, hərbi qulluqçuların və prokurorluq işçilərinin fərqlənmə nişanları olan hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşımağa görə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 35-ci maddəsinə əsasən hərbi qulluqçular və toplanışlar keçən hərbi vəzifəlilər hərbi rütbə və qoşun (xidmət) növü üzrə fərqləndirmə nişanları olan hərbi geyim forması geyinirlər. Fərqləndirmə nişanları olan hərbi geyim formasını qanunsuz olaraq daşıyan şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Göründüyü kimi, fərqləndirmə nişanları olan hərbi geyim formasını qanunsuz olaraq daşıyan şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 25 iyun tarixli, 514 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında Əsanamə”nin: 1-ci bəndinə əsasən hərbi geyim forması - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyəti və hərbi litseyin kursantları üçün müəyyən edilmiş, hərbi qulluqçuların hərbi geyim predmetləri, fərqləndirmə nişanları və hərbi ləvazimatlarının komplektidir; 3- cü bəndinə əsasən hərbi qulluqçuların fərqləndirmə nişanları – hərbi geyim formasında rəmzi şərti təsvir olub, müəyyən anlayışı əks etdirir və dövlət mənsubiyyətini, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə, Silahlı Qüvvələrin növünə, qoşun (xidmət) növünə, ixtisasına, hərbi rütbəyə, hərbi qulluqçuların heyətinə və konkret qoşun vahidinə mənsubiyyəti göstərir. 4- cü bəndinə əsasən fərqləndirmə nişanlarına aiddir: paqonlar, yaxa nişanları, döş və qol nişanları (jetonlar, tikmələr), baş geyimlərindəki nişanlar (kokardalar, emblemlər), paqon və yaxalıqlardakı nişanlar (emblemlər, ulduzlar və s.), kantlar və lampaslar. Bundan əlavə hərbi geyim formasındakı rəng, biçim, geyimin komplektliyi, düymələr və geyimin başqa detalları kimi digər xarici fərqləndirmə əlamətlərindən də həmin məqsədlərlə istifadə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 77.1. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. İş üzrə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmışdır. İş üzrə inzibati xəta törətmiş şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halları və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın obyekti olmuş hərbi geyim forması müsadirə edilməklə inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq qərar verdi: xx.xx.1988-ci il təvəllüdlü Sədərək rayon Dəmirçi kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsi ilə təqsirli bilinib, inzibati xətanın obyekti olmuş hərbi geyim forması müsadirə edilməklə 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərar qanuni quvvəsini aldıqdan sonra maddi sübut- hərbi geyim forması olan bir ədəd puşlatın hərbi hissəyə təhvil verilməsi Sədərək Rayon İcra və Probasiya bölməsinə həvalə edilsin. Qərardan, qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar