Məhkəmə qərarları › İş №3(088)-61/2025

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-61/2025

08.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-61/2025 08.12.2025 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək Rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə. xx.xx.1975-cü il tarixdə Şərur rayon, Yengicə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, məktəbdə mühafizəçi işləyən, Şərur rayon, Yengicə kəndində qeydiyyatda olan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Sədərək Rayon Polis şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Vətəndaş Şəxs xx.xx.2025-ci il tarixdə Sədərək Rayon Gömrük keçid məntəqəsinin ərazisində ucadan səs-küy salaraq xırda xuliqanlıq hərəkətləri etmişdir. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə günorta saatlarında ailəsi ilə birlikdə ərzaq almaq məqsədilə Türkiyə Respublikasına getdiyini, orda işlərini gördükdən sonra qayıdarkən Sədərək Rayon Gömrük keçid məntəqəsi daxilində aldığı veşləri manitordan keçirtdikdən sonra gömrük əməkdaşının aldığı veşlərə dəymə dediyini, sonra gömrük əməkdaşlarından birinin aldığı veşlərin ağzını açdığını, ona neyləyirsən dediyini, onun isə aldığı kofelərin çox olduğunu dediyini, hər adama iki ədəd düşür nəyi çoxdu dediyini, gömrük əməkdaşının nəlayiq ifadə işlətdiyini, elə bu zaman gömrük əməkdaşı orda olan fəhlələrdən birinə veşi anbara aparmağını dediyini, aparmağa qoymadığını, öz veşlərindən birini yerə çırpdığını, elə bu zaman aralarında mübahisə yarandığnı, gömrük əməkdaşlarının qoluna girərək çölə çıxardıqlarını, sonra polis əməkdaşları gələrək polis şöbəsinə dəvət etdiklərini, müharibə vetranı olduğundan və hər şeyə əsəbləşdiyi üçün gömrük əməkdaşlarına yox yersiz yerə əsəbləşərək öz veşini yerə çırpdığını, törətdiyi əmələ görə çox peşman olduğunu, gömrük əməkdaşlarından da dəfələrlə üzr istədiyini və onlarla da barışdığını nəzərə alıb yüngül cəza verilməsini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsi Sədərək Gömrük X1 Eysani Üzeyir oğlu izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə axşam saatlarında X2 xidmətdə olarkən Türkiyə Respublikasından ölkəyə giriş edən Azərbaycan Respublikası vətəndaşı Şəxs özünə məxsus olan əl yüklərini təqdim etmədiyini, tərəflərindən dəfələrlə bildirməklərinə baxmayaraq əl yüklərinə yenidən gömrük baxışı olmadan gömrük ərazisindən çıxarmağa çalışdığını, həmin vətəndaşı əl yüklərini açmaq istəyərkən gömrük əməkdaşlarının işinə müdaxilə etdiyini, gömrük orqanının vəzifəli şəxsinin qanuni tələblərinə tabe olmadığını, səsini yüksəltdiyini, əlində olan veşi yerə çırparaq dağıtdığını, bu hərəkətindən sonra Şəxs növbə rəisi Elgün müəllimin yanına apardıqlarını, həmin şəxsin barəsində akt tərtib edilərək polis əməkdaşlarına təhvil verdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 və Şahid3 da Şahid2 oğlu ilə eyni məzmunlu izahat verərək Şahid2 izahatında dediklərini təsdiq etdilər. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün etiraf etməsi və şahidlərin izahatları ilə yanaşı iş materialları ilə də tam təsdiq edildi. Belə ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 22:50 radələrində gömrük postunun giriş zalında içtimai qaydanı pozmuş və nəticədə xırda xuliqanlıq etmişdir. İnzibati materiala əlavə olunmuş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli ******* nömrəli protokoldan müəyyən edilir ki, Şəxs xx.xx.2025-ci il tarixdə gömrük postunun giriş zalında içtimai qaydanı pozmuşdur. İnzibati materiala əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon şöbəsi tərəfindən verilmiş 03 aprel 2024-cü il tarixli 144 saylı arayışından müəyyən olunur ki, Şəxs xx.xx.2001-ci il tarixdən Azərbaycan Respublikasının müharibə veteranıdır. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə, İXM ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2-ci maddəsinə görə Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilk dəfə inzibati xəta törətməsini, əməlindən səmimi peşman olmasını və müharibə veteranı olmasını Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən, məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Şərh edilənləri nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı : xx.xx.1975-cü il təvəllüdlü Şərur rayon, Yengicə kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati tənbeh tədbiri olaraq 70 (yetmiş) manat məbləğində cərimə edilsin. Qərar qanuni qüvvəsini aldıqdan sonra icrası üçün Şərur Rayon İcra və Probasiya Şöbəsinə göndərilsin. Qərardan, qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar