Məhkəmə qərarları › İş №3(088)-68/2025

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-68/2025

22.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-68/2025 22.12.2025 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək Rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə. xx.xx.1962-ci il tarixdə Şərur rayon, Sədərək kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, birinci qrup əlil, Sədərək rayon Qaraağac kəndində qeydiyyatda olan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Sədərək Rayon Polis şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs xx.xx.2025-ci il tarixdə Sədərək Rayon Mərkəzi Xəstəxanasında ucadan səs-küy salaraq xırda xuliqanlıq hərəkətləri edərək içtimai qaydanı pozmuşdur. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə həyat yoldaşının səhhətində narahatlıq yarandığı üçün təxminən saat 12:00 radələrində Sədərək Rayon Mərkəzi xəstəxanasına gedərək oradan həkimlə danışmaq istədiyini, həkim göndərsinlər yoldaşıma baxsın deyəcəyini, həyat yoldaşının onkoloji xəstə olduğundan dolayı ağrısı şiddətli olduğu üçün onu hər dəfə xəstəxanaya apara bilmədiyini, həmin vaxt baş həkimin qəbuluna getdiyini və o, da mənə bir tibb bacısı təyin etdi ki mənimlə birgə getsin dediyini, həmin tibb bacısı ilə birgə evinə getdiyini, tibb bacısı həyat yoldaşına sistem köçürdüyünü, bundan sonra onları xəstəxanaya geri qaytardığını, daha sonra yenidən xəstəxanaya getdiyini, həmin vaxt qeydiyyat yerində əyləşən Rəşad adlı şəxsdən sığorta verməsini istədiyini, daha sonra onun təqdim etdiyi sənəddə olan nömrələrin düzgün olmadığını dediyini, hər dəfə gəlirəm və sığorta alıram kod filan bilmirəm dediyini, əsəbi olduğundan Rəşada əsəbləşdiyini və ucadan danışdığını, bundan sonra aşağı enərək qızın yanında sığortanı yazdırdığını, daha sonra oradan uzaqlaşarkən avtomobilinə əyləşmək istəyən zaman Şərəbanının ona yaxınlaşaraq o çəliyini əlindən alaram və cümlənin qalanını mənə nalayiq ifadə işlədərək sonlandırdığını, onadan həmin sözü ona deyib demədiyini dəqiqləşdirmək üçün yenidən ona bu barədə sual verdiyini, eyni cavabı aldığı üçün ona qarşılıq olaraq həmin çəliklə əlaqəli nalayiq ifadə işlətdiyini, bundan sonra Şərəbanının bacısı Cəmilənin üzərinə yeriyərək nalayiq ifadə işlətdiyini, həmin vaxt avtomobilinə əyləşərək oradan uzaqlaşdığını, yoldaşının ankoloji xəstə olduğunu və həmin gün əsəbi olduğundan etdiyi əməldən peşman olduğunu bir daha bu hallara yol verməyəcəyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Sədərək Rayon Mərkəzi Xəstəxanasının tibbi siğorta mütəxəssisi Şahid3 izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 12 radələrində Sədərək kənd sakini Şəxs yanında tanımadığı bir şəxslə birgə xəstəxanaya tibbi siğorta göndərişi almaq üçün gəldiklərini, göndərilən xəstəxanada verilən göndəriş vərəqəsində yazılanları oxumadığı Şəxs həkimlə əlaqə saxlayaraq nə yazıldığını soruşmağı istədiyini, həkimin telefona cavab vermədiyi üçün Məmmədin bu sözdən sonra ucadan səs-küy salaraq, xırda xuliqanlıq hərəkətləri edərək, nalayiq ifadələr işlədərək içtimai qaydanı kobud şəkildə pozduğunu, o və xəstəxana mühafizəçisi Şahid1 ünvanına nalayiq ifadələr işlətdiyini, həmin şəxsi sakitlşdirməyə çalışdıqlarını, onun da qəzəbləndiyini və yüksək səslə içtimai qaydanı pozduğunu, orda olan şəxslərin Şəxs sakitləşdirərək xəstəxana ərazisindən uzaqlaşdırdığını, təxminən 2-3 saat sonra Şəxs xəstəxanaya gəldiyini, xəstəxananın mühafizəçisinin anası X1 da xəstəxanada olduğunu, onlar arasında mübahisə yarandığını, Şərabanının Polis şöbəsinin 102 zəng xidmətinə zəng etiyini, Şəxs barəsində ucadan səs-küy salaraq içtimai qaydanı pozduğu üçün məlumat verdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Sədərək Rayon Mərkəzi Xəstəxanasının mühafizəçisi Şahid1 izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə işdə olan zaman kolidorda kiminsə mübahisə etdiyini gördüyünü, ona yaxınlaşan zaman həmkəndlisi olan Şəxs xəstəxananın siğorta mütəxəssisi Şahid3 ilə mübahisə etdiyini gördüyünü, həmin şəxsin xəstəxanın daxilində ucadan səs-küy salaraq içtimai qaydanı pozduğunu, siğorta mütəxəssisinin ünvanına nalayiq ifadələr işlətdiyini, onları aralaşdıran zaman Şəxs əlində olan çəlik ilə onu vurmaq istəyərkən xəstəxanaya gələn adamların onu xəstəxana daxilindən çölə çıxardıqlarını, 2-3 saat sonra həmin şəxsin yenə xəstəxanaya gəldiyini, anası Şərabanı Əhmədov ilə qarşılaşdıqlarını, aralarında mübahisə yarandığını, ucadan səs-küy salaraq, xırda xuliqanlıq hərəkətləri etdiyini, anasının polisin 102 zəng xidmətinə zəng edərək Məmmədin içtimai qaydanı pozduğunu dediyi, sonra polis əməkdaşlarının gəldiyini və Şəxs polis şöbəsinə apardıqlarını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə təcili tibbi yardım şöbəsində oturan zaman həmkəndlisi Şəxs qeydiyyata yaxınlaşmağını gördüyünü, xəstəxananın siğorta mütəxəssisi Şahid3 ilə mübahisə etdiyini, bacısı oğlu Şahid1 Sədərək Rayon Mərkəzi Xəstəxanasının mühafizəçisi işlədiyi üçün mübahisə olunan yerə yaxınlaşaraq mübahisəyə son qoymağını Şəxs dediyini, həmkəndlisi Şəxs bacı oğlusuna ucadan səs-küy salaraq get işinlə məşğul ol dediyini, elə bu zaman həmin yerə yaxınlaşdığını, Şəxs ona qarşı nalayiq ifadələr işlətdiyini bildirdi. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün etiraf etməsi və şahidlərin izahatları ilə yanaşı iş materialları ilə də tam təsdiq edildi. Belə ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 12:00 radələrində Sədərək Rayon Mərkəzi Xəstəxanasında içtimai qaydanı pozmuş və nəticədə xırda xuliqanlıq etmişdir. İnzibati materiala əlavə olunmuş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli ******* nömrəli protokoldan müəyyən edilir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Sədərək Rayon Mərkəzi Xəstəxanasında ucadan səs-küy salaraq xırda xuliqanlıq hərəkətləri edərək içtimai qaydanı pozmuşdur. İnzibati materiala əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.1998-ci il tarixli qərarında müəyyən olunur ki, Şəxs xx.xx.1998-ci il tarixdən müddətsiz olaraq birinci dərəcəli əlillik verilmişdir. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə, İXM ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2-ci maddəsinə görə Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilk dəfə inzibati xəta törətməsini, əməlindən səmimi peşman olmasını və birinci dərəcəli əlil olmasını Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən, məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Şərh edilənləri nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : xx.xx.1962-ci il təvəllüdlü Sədərək rayon Qaraağac kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati tənbeh tədbiri olaraq 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərar qanuni qüvvəsini aldıqdan sonra icrası üçün Sədərək Rayon İcra və Probasiya bölməsinə göndərilsin. Qərardan, qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar