Məhkəmə qərarları › İş №3(088)-7/2023

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərar — İş №3(088)-7/2023

04.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Heydərabad qəsəbəsi İş № 3(088)-7/2023 04.02.2023 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək Rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə. xx xxxx 1993-cü il tarixdə Şərur Rayonu Kürçülü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, iki uşaq atası, işsiz, Şərur Rayonu Kürçülü kəndində pasport qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Sədərək Rayon Polis şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Vətəndaş Şəxs xx.xx.2023-cü il tarixdə, saat 19:30 radələrində Naxçıvan Baş Gömrük İdarəsinin Sədərək gömrük postunda ucadan səs-küy salaraq ictimai qaydanı pozmuşdur. Beləliklə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Şərur Rayonu Kürçülü kəndində qeydiyyatda olduğunu və haliyədə orada yaşadığını, 03 fevral 2023-cü il tarixdə Türkiyə Respublikasından Naxçıvan Muxtar Respublikasına gələrkən həmkəndliləri ilə alver məqsədi ilə gətirdikləri 7 ədəd toyuq, 7 ədəd hunə qarğıdalı yağı, 7 ədədə şənpiliç kolbasa, 7 ədəd fairy markalı qab yuyucu, 14 ədəd makaron, 6 ədəd uşaq bezi, 25 kq fısığı həmkəndliləri arasında bölüşdürərək onun üçün gömrükdən keçirmələrini xahiş etdiyini, Sədərək gömrük postuna daxil olarkən Sədərək gömrük postunun əməkdaşları birgə yüklərinin içərisində olan püstə adlanan çərəzin artıq olduğunu bildirdiklərini və artıq olan çəkinin 15 kq-ı anbara təhvil verməli olduğunu bildirdiklərini, bu zaman onlara etiraz etdiyini və qorxduğunu əlindən 15 kiloqram çərəzin alacaqlarını, buna görə də ucadan səs-küy salmağa başladığını, gömrük əməkdaşlarının onu nizam-intizamlı olmağa dəvət etdiklərini lakin, onun malalarının əlindən alınacağını bildiyi üçün öz hərəkətlərini davam etdirdiyini, daha sonra barəsində akt tərtib edilərək Sədərək Rayon Polis şöbəsinin əməkdaşlarına təhvil verdiyini bildirərək törətdiyi əmələ görə çox peşman olduğunu və gömrük işçilərindən dəfələrlə üzr istədiyini, himayəsində iki körpə uşağı olduğu üçün barəsində yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixində Sədərək Gömrük postununu giriş zalında xidmətdə olarkən saat təxminən 19:30 radələrində Türkiyə Respublikasından gələn Şərur Rayonu Kürçülü kənd sakini əvvəllər də tanıdığı Şəxs əl yüklərinə baxış keçirərkən Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 305 saylı qərarına əsasən kommersiya məqsədli yüklərin aşkar edildiyini, vətəndaş Şəxs qanunvericiliyin tələblərinin izah olunduğunu və həmin əşyaları saxlanc anbarına qoyulması barədə məlumat verildiyini, bu zaman vətəndaş Şəxs səsini yüksəldərək etirazını bildirdiyini, səs küy salaraq onlara qarşı nəzakətsizlik davranışlar göstərdiyini, sonra Əhmədov Anar müəllimi çağırdığını və həmin vətəndaşı sakitləşdirməyə çalışdıqlarını, qanunvericiliyin tələblərinin izah olunmasına baxmayaraq Şəxs həmin zaman orda olan Əhmədov Anar və Elçin Şabanova da nəzakətsiz hərəkətlərinə davam etdiyini, İbrahimin mütəmadi olaraq sədərək gömrüyündən Türkiyə Respublikasına gedib-gəldiyindən onu yaxşı tanıdığını, həmişə təlimli tərbiyəli hərəkət etdiyini bu dəfə əsəbi olduğundan səs küy saldığını, bundan sonra məcbur olub akt tərtib edərək onun barəsində müvafiq tədbir görülməsi üçün Sədərək Rayon Polis şöbəsinə göndərildiyini, İbrahimin islah olunan insan olduğunu gələcəkdə bu cürə hallara yol verməyəcəyinə ümid etdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 və Şahid2 izhatlarında Şahid1 verdiyi izahata tam uyğun olaraq izahat verərək izahatda göstərilənləri birdaha təsdiq etdilər. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün etiraf etməsi və şahidlərin izahatları ilə yanaşı iş materialları ilə də tam təsdiq edildi. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə, İXM ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 12.2. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilk dəfə inzibati xəta törətməsini, əməlindən səmimi peşman olmasını, himayəsində iki körpə uşağı olmasını, Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən, məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Şərh edilənləri nəzərə alaraq, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım : Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib, inzibati tənbeh tədbiri olaraq 90 (doxsan) manat məbləğində cərimə edilsin. Qərar qanuni qüvvəsini aldıqdan sonra icrası üçün Şərur Rayon İcra və Probasiya bölməsinə göndərilsin. Qərardan, qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar