Məhkəmə qərarları › İş №3(089)-1/2021

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-1/2021

11.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-1/2021 11.01.2021 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxs Şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs-xx xxxxxx 1974cü il tarixdə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, üç uşaq atası, orta təhsilli, ünvan 1 ünvanında yaşayan. barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 480-ci maddəsi ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə 20000-0004/20 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə İveco markalı, 90XN636 dövlət nömrə nişanlı nəqliyyat vaitəsi ilə Bakıdan Naxçıvana gələrkən, nəqliyyat vasitəsinə baxış keçirilmiş, 99ZB537 dövlət nömrə nişanlı “SCHMİTZ S01” markalı qoşqunun arxa tərəfindəki plastik yeşiyin içərisində olan xırdavat çantasının arxa alt tərəfində gizlədilmiş 2 ədəd “İphone 12 pro max” markalı mobil telefonlara aid telefon qutuları, nəqliyyat vasitəsinin sürücü kabinəsində üst yatağın döşəyinin içində gizlədilmiş 2 ədəd “İphone 12 pro max” (İMEİ**********14365/**********34461, İMEİ**********73355/ **********59139) markalı mobil telefonlar, sürücü oturacağının üst ön hissəsində olan yeşiyin içəri sol tərəfində olan boşluqda gizlədilmiş 200 ədəd (10 qutu) üzərində gürcü dilində yazılar olan “Marlboro” markalı siqaretlər və həmin siqaretlərə bandla yapıştırılmış bir qutunun içərisində, üzərində “Zippo” yazılmış 1 ədəd alışqan, paketlərdən açılaraq sürücü kabinəsinin müxtəlif yerlərinə qoyulmuş 280 ədəd (14 qutu) üzərində fars dilində yazılar olan “Kent” markalı, 200 ədəd üzərində Azərbaycan dilində yazılar olan “Winston XS İmpulse” markalı siqaretlər aşkar edilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, Naxçıvan şəhərində yaşayır. X2 məxsus ** XN *** dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə Naxçıvan-Bakı və əks istiqamətdə yük daşıyır. Təxminən bir ay əvvəl Naxçıvandan Bakıya yük aparmış, yük olmadığı üçün uzun müddət Bakıda qalmıpşdır. Bakıda olduğu müddətdə əvvəlcədən tanıdığı, Naxçıvanda hərbi xidmətdə olan hərbi qulluqçu ona zəng etmiş, qardaşının 2 blok siqaret və 1 ədəd alışqan verəcəyini, onları Naxçıvana gətirməsini xahiş etmiş, ona razılığını bildirmişdir. Hərbçinin qardaşı ona 1 blok “Winston”, 1 blok “Marlboro” və 1 qutunun içərisində alışqan vermişdir. xx xxxxxx 2020-ci il tarixdə Bakıdan Naxçıvan isiqamətdə yola çıxmış, xx xxxxxx 2020-ci il tarixdə İranın Culfa gömrüyünə çatmışdır. İranda yanacaq çəni ölçülmüş, gecəni parkda qalmışdır. xx xxxxxx 2020-ci il tarixdə yanacaq çəni ölçən Hüseyn adlı İranlı ona bir selofan torba vermiş, iki ədəd mobil telefon olduğunu, telefonları Naxçıvan şəhərində ondan götürəcəklərini bildirmişdir. Selofan torbanı almış, içərisinə baxmış, içərisində 2 ədəd mobil telefon olduğunu görmüşdür. Hüseyn həmin mobil telefonları qutularından çıxarmış, qutuları və telefonları ayrı yerdə gizlətməsini, gömrük əməkdaşlarının görməməsini bildirmidir. Telefon qutularını qoşqunun arxasında olan plastik yeşiyin içərisində, xırdavat çantalarının altında, telefonları isə sürücü kabinəsində, üst yatağın döşəyinin içiərisində gizlətmişdir. X7 dükanlardan birindən özü üçün 1 blok “Kent” siqareti almışdır. Körpüdə 3 blok siqareti buraxmayacaqlarını düşünmüş, Marlboro siqaretini və ona bandla yapışdırılmış alışqanı başının üstündə, ön tərəfdə olan yeşiyin içəri sol tərəfində olan boşluqda gizlətmişdir. Qalan 24 qutu siqareti isə gömrükçüləri yayındırmaq məqsədilə bloklarından çıxararaq açıq şəkildə maşının müxtəlif yerlərinə qoymuşdur. Culfa Gömrük keçid məntəqəsinə gəlmiş, sənədləşmə işləri başa çatdıqdan sonra nəqliyyat vasitəsinə baxış keçirilməsi üçün müəyyən olunmuş yerə gətirmiş, nəqliyyat vasitəsinə baxış keçirilmiş, gömrük əməkdaşları ondan nəqliyyat vasitəsində bəyan olunmalı və qadağan olunmuş nəsə olmasını soruşmuşlar. 2 blok siqareti olduğunu bildirmişdir. Gömrük əməkdaşları nəqliyyat vasitəsini yoxlamış, qoşqunun arxa tərəfində olan plastik yeşikdə olan 2 ədəd mobil telefon qutusu aşkar edilmişdir. Yoxlama davam etdirilmiş, sürücü kabinəsinə baxış keçirilən zaman telefonların harada olması soruşulmuş, telefonların döşəyin içərisində olduğunu etiraf etmişdir. Yoxlama zamanı sürücü oturacağının üst tərəfinin ön hissəsində olan yeşiyin içəri sol tərəfində gizlətdiyi 1 blok Marlboro siqaretini və ona bandla yapışdırılmış qutunun içində olan 1 ədəd alışqan, həmçinin bloklarından açaraq sürücü kabinəsinin müxtəlif yerlərinə qoyduğu 24 qutu siqaret də aşkar edilmişdir. 2 ədəd mobil telefon, 1 ədəd alışqan və cəmi 680 ədəd siqaret hal şahidlərinin iştirakı ilə götürülmüş, qablaşdırılmış, protokollar tərtib edilmiş, protokolları imzalamışlar. Şəxs izahatında onu da bildirmişdir ki, malların gömrük nəzarətindən gizlədilməklə keçirməyin qadağan olduğunu əvvəlcədən bilmiş, telefonları, siqaretləri gömrük nəzarətindən keçirmək üçün nəqliyyat vasitəsində gizlətmiş, əvvəllər bir neçə dəfə Naxçıvan-Bakı və əks istiqamətdə nəqliyyat vasitəsi ilə getmiş, lakin nəqliyyat vasitəsində telefon, siqaret gizlətməmiş, gömrük nəzarətindən gizli keçirməmiş, əvvələr hər hansı bir inzibati xəta törətməmişdir. Hərəkətindən çox peşmandır. Üç uşağının olmasını, hərəkətindən peşman olmasının nəzərə alınmasını, aşağı həddə cərimə edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak etmiş X3 izahatında bildirmişdir ki, Culfa Gömrük İdarəsinin Gömrük Postunda inspektor vəzifəsində işləyir. xx xxxxxx 2020-ci il tarixdə Culfa Gömrük Postunda ölkədaxili daşınma giriş istiqamətində xidməti fəaliyyətini həyata keçirmişdir. Saat 10:35 radələrində Əməliyyat və Təhqiqat şöbəsinin inspektoru Seymur ona yaxınlaşmış, Şəxs idarə etdiyi 90XN636 dövlət nömrə nişanlı, İveco markalı nəqliyyat vasitəsindən şübhələndiyini və həmin nəqliyyat vasitəsinə baxış keçirəcəyini bildirmiş, yoxlamada iştirak etməsini xahiş etmişdir. Seymur iki nəfər hal şahidi dəvət etmişdir. Yoxlamadan əvvəl Şəxs nəqliyyat vasitəsində qadağan olunmuş, yaxud bəyan etmədiyi nəsə olmasını soruşmuşlar. Şəxs nəqliyyat vasitəsində qadağan olunmuş və bəyan edilməli nəsə olmadığını bildirmişdir. Nəqliyyat vasitəsinin yoxlanması zamanı 99ZB537 dövlət nömrə nişanlı qoşqunun arxa tərəfində, plastik yeşiyin içində, xırdavat çantasının arxasında gizlədilmiş 2 ədəd mobil telefon qutuları, sürücü kabinəsində üst yatağa baxış keçirilən zaman döşəyin içində gizlədilmiş 2 ədəd “İphone 12 pro max” markalı mobil telefonlar, sürücü oturacağının üst ön tərəfində olan yeşiyin içəri sol tərəfində olan boşluqda gizlədilmiş 1 blok (200 ədəd) “Marlboro” markalı siqaret və ona bandla yapışdırılmış 1 qutunun içərisində, üzərində “Zippo” yazılmış alışqan, sürücü kabinəsinin müxtəlif yerlərindən blokdan açılaraq dağınıq şəkildə 1 blok (200 ədəd) “Winston XS İmpulse” markalı siqaretlər və 14 qutu (280 ədəd) üzərində fars dilində yazılar olan “Kent” markalı siqaretlər aşkar edilmişdir. Yoxlama qurtardıqdan sonra nəqliyyat vasitəsindən aşkar olunan predmetlər hal şahidlərinin, sürücünü və onun iştirakı ilə götürülmüş, qablaşdırılmış, protokollar tərtib edilmiş, protokolları imzalamışlar. Məhkəmə iclasında şahid qismində iştirak etmiş X4 və X5 şahid X3 ilə eyni məzmunlu izahat vermişlər. İş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinə baxış keçirilməsi barədə xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Şəxs idarə etdiyi 90XN636 dövlət nömrə nişanlı, İveco markalı nəqliyyat vasitəsinə baxış keçirilmiş, 99ZB537 dövlət nömrə nişanlı “SCHMİTZ S01” markalı qoşqusunun arxa tərəfindəki plastik yeşiyin içərisində olan xırdavat çantasının arxa alt tərəfində gizlədilmiş 2 ədəd “İphone 12 pro max” markalı mobil telefonlara aid telefon qutuları, nəqliyyat vasitəsinin sürücü kabinəsində üst yatağın döşəyinin içində gizlədilmiş 2 ədəd “İphone 12 pro max” (İMEİ **********14365 /3 **********4461,İ MEİ **********73355 / **********59139) markalı mobil telefonlar, sürücü oturacağının üst ön hissəsində olan yeşiyin içəri sol tərəfində olan boşluqda gizlədilmiş 200 ədəd (10 qutu) üzərində gürcü dilində yazılar olan “Marlboro” markalı siqaretlər və həmin siqaretlərə bandla yapışdırılmış bir qutunun içərisində olan, üzərində “Zippo” yazılmış 1 ədəd alışqan, paketlərdən açılaraq sürücü kabinəsinin müxtəlif yerlərinə qoyulmuş 280 ədəd (14 qutu) üzərində fars dilində yazılar olan “Kent” markalı, 200 ədəd üzərində Azərbaycan dilində yazılar olan “Winston XS İmpulse” markalı siqaretlər aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli, 226/20 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 2 ədəd “İphone 12 pro max” (İMEİ **********14365 / **********34461, İMEİ **********73355 / **********59139) markalı mobil telefonlar istifadəyə yararlıdır. “İphone 12 pro max” (İMEİ **********14365 / **********34461, İMEİ **********73355 / **********59139) markalı mobil telefonların hər birinin dəyəri 3450 manatdır. 10 qutu “Marlboro” markalı, 14 qutu “Kent” markalı siqaretlərin üzərində Azərbaycan Respublikasına idxal olmasını təsdiq edən “idxal tütün məmulatları”aksiz markası yoxdur. Lakin 10 qutu “Winston XS İmpulse” markalı siqaretin üzərində Azərbaycan Respublikasına idxal olmasını təsdiq edən “idxal tütün məmulatları”aksiz markası vardır. 10 qutu “Marlboro” markalı, 14 qutu “Kent” markalı siqaretlər istifadəyə yararlıdır. 10 qutu “Winston XS İmpulse” markalı siqaret istifadə müddəti başa çatdığından yararsızdır. “Marlboro” markalı sıqaretin 1 qutusunun dəyəri 5 manata təklif olunur, 10 qutu “Marlboro” markalı siqaretin dəyəri 50 manatdır. “Kent” markalı siqaretin 1 qutusunun dəyəri 2.5 manata təklif olunur, 14 qutu “Kent” markalı siqaretin dəyəri 35 manatdır. “Winston XS İmpulse” markalı siqaretlərin istehlak müddəti başa çatdığından qiymətləndirilmədi. “Zippo” markalı alışqanın orta bazar pərakəndə satış dəyəri 53 manatdır. Azərbaycan Respublikası İXM-nin 480-ci maddəsində malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda inzibati məsuliyyət müəyyən edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, şahidlərin ifadələrini nəzərdən keçirib, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi özünün, şahidlərin izahatı, inzibati xəta haqqında işin materialları ilə öz təsdiqinin tapmışdır. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinməli və maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cərimə edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, onun şəxsiyyətini, onun təqsirinin dərəcəsini, həmçinin inzibati məsuliyyəti yüngülləşdirən halları, yəni Şəxs üç uşağının olmasını, hərəkətindən peşiman olmasını, əvvəllər inzibati xəta törətməməsini nəzərə almışdır. İnzibati məsuliyyəti ağırlaşdıran hallar, icraatı rədd edən hallar müəyyən edilmədi. Məhkəmə iş üzrə maddi sübutların taleyi ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, maddi sübut, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində saxlanılan 2 ədəd “İphone 12 pro max” (İMEİ **********14365 / **********34461, İMEİ **********73355 / **********59139) markalı mobil telefonlar, 180 ədəd (9 qutu) “Marlboro” markalı, 260 ədəd (13 qutu) “Kent” markalı, 200 ədəd (10 qutu) “Winston XS İmpulse” markalı siqaretlər, 1 ədəd “Zippo” markalı alışqan inzibati xəta törətmiş Şəxs qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 77.3-cü maddəsinə görə icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.4.1-ci maddəsinə görə dövriyyədən çıxarılmamış sənədlər və əşyalar onun qanuni sahibinə qaytarılmalı, qanuni sahibi müəyyən edilmədikdə isə dövlət mülkiyyətinə verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. Şəxs 7038 (yeddi min otuz səkkiz) manat məbləğində malın dəyərinin 40 (qırx) faizi məbləğində, yəni 2815,20 (iki min səkkiz yüz on beş manat iyirmi qəpik) manat cərimə edilsin. Maddi sübut, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində saxlanılan 2 ədəd “İphone 12 pro max” (İMEİ **********14365 / **********34461, İMEİ **********73355 / **********59139) markalı mobil telefonlar, 180 ədəd (9 qutu) “Marlboro” markalı, 260 ədəd (13 qutu) “Kent” markalı, 200 ədəd (10 qutu) “Winston XS İmpulse” markalı siqaretlər, 1 ədəd “Zippo” markalı alışqan Şəxs qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar