Məhkəmə qərarları › İş №3(089)-10/2022

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-10/2022

17.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-10/2022 17.05.2022 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X2 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs-xx xxxxx 1975-ci il tarixdə Qazax rayonunun Kosalar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, üç uşaq atası, müvəqqəti işsiz, inzibati məsuliyyətə cəlb edilməmiş, Qazax rayonunun Kosalar kəndində yaşayan. barəsində Culfa Rayon Polis şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs 16 may 2022-ci il tarixdə, saat 15:50 radələrində Culfa GKM-də yük maşınları üçün nəzərdə tutulmuş parkın qarşısı ilə GKM-nə gedən zaman ağacın dibində olan şəffaf sellofana bükülmüş vəziyyətdə aşkar edib götürdüyü şəxsi istehlak miqdarında olan 4.061 qram qurudulmuş marixuana narkotik vasitəsini satış məqsədi olmadan qanunsuz olaraq üzərində saxlamış, Şəxs Culfa Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış, üzərində saxladığı qurudulmuş marixuana narkotik vasitəsi aşkar edilərək götürülmüş, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilmiş, izahatında bildirmişdir ki, Qazax rayonunun Kosalar kəndində yaşayır. Müvəqqəti işsizdir. Lakin Rusiya, Türkiy, İran və başqa ölkələrdən meyvə gətirməklə satışı ilə məşğul olur. 16 may 2022-ci il tarixdə İİR-na getmək üçün Qazax rayonundan Bakı şəhərinə, Bakı şəhərindən isə təyyarə ilə Naxçıvan şəhərinə, oradan isə Culfa şəhərinə gəlmişdir. Saat təxminən 15:50 radələrində Culfa GKM istiqamətində gedərkən, yük maşınları üçün nəzərdə tutulmuş parkın qarşısında ağacın dibində olan şəffaf sellofan büküm onun diqqətini cəlb etmiş, bükümü götürmüş, baxmış, bükümün içərisində qurudulmuş, yaşıl rəngli ot olmasını görmüş, bükümün içərisində marixuana olduğunu bilmiş, bükümü şalvarının arxa sağ cibinə qoymuşdur. Əvvəllər həmin narkotik vasitədən istifadə etmiş, tək olan zaman istifadə edəcəyini düşünmüşdür. Üzərində narkotik vasitə olduğundan həyəcanlı olmuş, özünü narahat hiss etmiş, GKM istiqamətində də getməmişdir. Həmin vaxt bir mülki geyimli şəxs ona yaxınlaşmış, polis əməkdaşı olduqlarını, özünü şübhəli apardığını bildirmiş, onu Culfa Rayon Polis Şöbəsinə dəvət etmişdir. Polis Şöbəsində iki nəfər şəxsin iştirakı ilə üzərində şəxsi axtarış aparılmış, şalvarının sağ, arxa cibində olan büküm aşkar edilib götürülmüş, elektron tərəzidə çəkilmiş, bükümün çəkisi 4.27 qram olmuşdur. Büküm qablaşdırılmış, möhürlənmiş, protokolu imzaları ilə təsdiq etmişlər. Şəxs izahatında həmçinin bildirmişdir ki, üç uşağı var, sonuncu uşağı doqquz ay əvvəl doğulmuşdur. Hərəkətindən çox peşimandır, əvvəllər inzibati xəta törətməmişdir. HİV xəstəliyindən əziyyət çıkir. Məhkəmədən ona köməklik edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid2 və Şahid1 ifadələrində 16 may 2022-ci il tarixdə, saat təxminən 16 radələrində Culfa Rayon Polis Şöbəsinə dəvət edildiklərini, onların iştirakı ilə Şəxs üzərində şəxsi axtarış aparıldığını, Şəxs cibindən bir ədəd büküm aşkar edildiyini, bükümün açıldığını, bükümün içərisində qurudulmuş ot olduğunu, həmin bükümün elektron tərəzidə çəkildiyini, 4.27 qram olduğunu, qablaşdırıldığını və götürüldüyünü, protokolu imzaları ilə təsdiq etdiklərini bildirmişlər. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 17 may 2022-ci il tarixli, 124 saylı arayışından müəyyən olunur ki, tədqiqata təqdim olunmuş "Qazax rayonu Kosalar kənd sakini Şəxs üzərinə baxış keçirilərkən onun əynindəki cins şalvarın arxa sağ cibindən şəffaf sellofana bükülmüş.... ” sözlər və imzalar məzmunlu mətni olan kağız zərfin içərisində, bir ədəd şəffaf sellofan kəsiyi bükümündə, təmiz çəkisi 4,061 qram olan, bitki mənşəli kütlə, narkotik təbiətli çətənə bitkisindən hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata 0.05 qram istifadə edildi, qalan 4.011 qram. Naxçıvan MR X3 publik hüquqi şəxsi QİÇS-lə mübarizə şöbəsindən verilmiş 17 may 2022-ci il tarixli, 253 nömrəli analizin nəticələrindən müəyyən edilir ki, Şəxs İİÇV (HİV) xəstəliyi vardır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununu 1.0.1-ci maddəsinə görə narkotik vasitələr BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. 28 iyun 2005-ci il tarixdə 960-İİQ saylı Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısının 146-cı bəndində marixuana (kannabis) narkotik vasitəsi qeyd edilmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş İ siyahıya əsasən narkotik vasitə olan qurudulmuş marixuananın 5 qramadək olan miqdarı şəxsi istehlak miqdarına aiddir. Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. Belə ki, toplanmış sübutlarla təsdiq olunur ki, Şəxs əldə etdiyi şəxsi istehlak miqdarında qurudulmuş marixuana narkotik vasitəsini satış məqsədi olmadan qanunsuz olaraq üzərində saxlamışdır. Ona görə də o, həmin maddə ilə təqsirli bilinməli və inzibati qaydada cərimə edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən işin hallarını və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. İnzibati xətaya görə məsuliyyətini ağırlaşdıran, iş üzrə icraatı rədd edən hallar müəyyən edilmədi. Məhkəmə Şəxs peşman olmasını, əvvəllər inzibati xəta törətməməsini, himayəsində bir azyaşlı uşağının olmasını, HİV xəstəliyindən əziyyət çəkməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Y.Budaqov adına Naxçıvan MR X1 17 may 2022-ci il tarixli, 292 nömrəli məktubunda Şəxs abstinensiya əlaməti olmadığından, məcburi müalicəyə ehtiyacının olmaması qeyd edilmişdir. Məhkəmə iş üzrə maddi sübutun taleyi ilə bağı məsələni müzakirə edir və belə nəticəyə gəlir ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində saxlanılan 4.011 qram qurudulmuş marixuana narkotik vasitəsi qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 94.11-ci maddəsinə görə götürülmüş narkotik vasitələr və psixotrop maddələr, həmçinin müvafiq standartlara, sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə cavab verməyən etil spirti, alkoqollu və tərkibində spirt olan məhsullar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yenidən istehsala göndərilir və ya məhv edilir. Həmin Məcəllənin 94.12-ci maddəsinə əsasən məhv edilməli olan narkotik vasitələrin və psixotrop maddələrin, etil spirtinin, alkoqollu və tərkibində spirt olan məhsulların nümunələri inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar qanuni qüvvəyə mindiyi günədək saxlanılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. O, 400 manat məbləğində cərimə edilsin . İş üzrə maddi sübut, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində saxlanılan 4.011 qaram qurudulmuş marixuana narkotik vaitəsi qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar