Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-10/2025 19.02.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X2 iclas katibliyi, şikayət vermiş şəxs X6 və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi X12 idarəsinin nümayəndəsi X5 iştirakı ilə, X3 Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi X12 idarəsinin 24 yanvar 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İnzibati xəta haqqında materiallardan görünür ki, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi X12 idarəsi tərəfindən qəbul edilmiş 24 yanvar 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X6 Azərbaycan Respublikası İXM-in 469.1-ci maddəsi ilə təqsirli bilinmiş, 80 manat məbləğində cərimə edilmişdir. X1 Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi X12 idarəsinin 24 yanvar 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət vermiş, həmin qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. X6 şikayətini onunla əsaslandırmışdır ki, 4 saylı Ərazi Vergilər idarəsinin ona verdiyi VÖEN əsasında Culfa şəhəri, H.Əliyev prospekti, 30 ünvanında yerləşən mülkiyyətçi X9 aid binada foto kimi fəaliyyət göstərir. 15 yanvar 2025-ci il tarixdə X12 idarəsinin əməkdaşı X8 fotoya gəlmiş, ona cərimə yazacağını bildirmişdir. Səbəbini soruşmuş, Elnur müəllim elektrik xətlərinin izolyasiya aktının, yanğına qarşı balonun və sığorta müqaviləsinin olmamasını bildirmişdir. 15 yanvar 2025-ci il tarixdə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, 24 yanvar 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş, 80 manat cərimə edilmişdir. İnzibati tənbeh vermə haqqında qərar qəbul edilənədək ona xəbərdarlıq edilməmiş, fiziki şəxs kimi fəaliyyət göstərdiyindən 30 manat cərimə edilməli olduğu halda, 80 manat cərimə edilmişdir. Hesab edir ki, qərar qanuna ziddir. Məhkəmə iclasında iştirak etmiş şikayət verən şəxs X6 şikayət ərizəsində qeyd edilənlərlə eyni məzmunlu izahat vermiş, izahatında həmçinin bildirmişdir ki, Culfa şəhəri, H.Əliyev prospektində icarə əsasında foto-studio işlədir. Həmin foto-studionu sığorta etdirməmiş, barəsində 15 yanvar 2025-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 469.1-ci maddəsi ilə protokol tərtib olunmuş, 24 yanvar 2025-ci il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, 80 manat cərimə edilmişdir. Protokol tərtib edilməmişdən öncə ona pozuntu ilə bağlı xəbərdarlıq edilməmişdir. Protokol tərtib edildikdən sonra, 17 yanvar 2025-ci il tarixdə əmlakı sığorta etdirmişdir. Odur ki, barəsində olan inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi X12 idarəsinin nümayəndəsi X8 izahatında bildirmişdir ki, 15 yanvar 2025-ci il tarixdə idarə rəisinin təsdiq etdiyi qərar əsasında yoxlamaya getmiş, vətəndaş X4 həmin qərarı təqdim etdikdən sonra Azərbaycan Respublikası İXM-nin 61-ci maddəsində sadalanan hüquqları izah edilmişdir. Yoxlama nəticəsində bir sıra nöqsanlar aşkar edilmiş, bu nöqsanlardan biri də X3 daşınmaz əmlakı sığorta etdirməməsi olmuşdur. 15 yanvar 2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuş, protokol tərtib edilmədən öncə vətəndaşa məlumat verilmiş, lakin o, protokolun tərtib edilməsində iştirak etməmiş, protokolu imzalamaqdan imtina etmişdir. Protokol tərtib edildikdən sonra poçt vasitəsilə vətəndaşa təqdim edilmişdir. Həmin protokol əsasında 24 yanvar 2025-ci il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, qərarın surəti vətəndaşa göndərilmişdir. İnzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməlidir. Belə ki, işdə olan Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi X12 idarəsinin əməkdaşı tərəfindən tərtib edilmiş 15 yanvar 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 15 yanvar 2025-ci il tarixdə Culfa şəhəri, H.Əliyev prospektində yerləşən fotoda planlı YTM-ə zamanı İcbari sığortalar haqqında Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması aşkar edilmişdir. Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi X12 idarəsi tərəfindən qəbul edilmiş 24 yanvar 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 İXM-in 469.1-ci maddəsi ilə təqsirli bilinmiş, 80 manat məbləğində cərimə edilmişdir. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası şəhadətnaməsindən görünür ki, daşınmaz əmlak 17 yanvar 2025-ci ildə sığortalanmışdır. Azərbaycan Respublikasının İqdisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatdan görünür ki, X1 MR 4 saylı Ərazi Vergilər İdarəsi üzrə vergi ödəyicisidir. Azərbaycan Respublikası İXM-nin 469.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 469.2-ci və 469.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, icbari sığorta qanunlarına əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər otuz manat məbləğində, vəzifəli şəxslər səksən manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə edilir. Göründüyü kimi, Azərbaycan Respublikası İXM-nin 469.1-ci maddəsinin tərkibinin yaranması üçün şəxs tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsi bağlanmamalıdır. Məhkəmə iclasında müəyyən edildi ki, X3 icarə əsasında işlətdiyi Culfa şəhəri, H.Əliyev prospekti, 30 ünvanında yerləşən foto-studioda “İcbari sığorta haqqında” Azərbaycan Respublikasının qanunun 23-cü maddəsinin tələbinə əməl edilməməsinə görə, İXM-nin 469.1-ci maddəsi ilə barəsində 15 yanvar 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş, həmin protokol əsasında 24 yanvar 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, X6 İXM-in 469.1-ci maddəsi ilə təqsirli bilinmiş, 80 manat məbləğində cərimə edilmişdir. Məhkəmə hesab edir ki, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi X12 idarəsi X3 əməlində İXM-in 469.1-ci maddəsinin tərkib əlamətləri olduğuna görə onun barəsində inzibati xəta haqqında protokol tərtib etməklə və onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etməklə düzgün nəticəyə gəlmişdir. Qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün heç bir əsas yoxdur. Belə ki, inzibati xəta haqqında iş materiallarından göründüyü kimi inzibati xəta haqqında protokol 15 yanvar 2025-ci il tarixdə tərtib olunmuş, daşınmaz əmlak isə 17 yanvar 2025-ci il tarixdə sığortalanmışdır. Göründüyü kimi, sığorta ödənişi inzibati xəta hadisəsi törədiləndən sonra həyata keçirilmişdir. Məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, şikayət verən şəxs şikayət ərizəsində fiziki şəxs olduğunu, 30 manat məbləğində cərimə edilə biləcəyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinin qeyd hissəsinə əsasən, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. İş materiallarına əlavə edilmiş vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatdan görünür ki, X1 MR 4 saylı Ərazi Vergilər İdarəsi üzrə vergi ödəyicisidir, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olur, bu səbəbdən vəzifəli şəxs hesab olunur. Azərbaycan Respublikası İXM-in 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, X3 şikayəti təmin edilməməli, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi X12 idarəsinin inzibati tənbeh vermə haqqında 24 yanvar 2025-ci il tarixli, MN ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 115 və 130- 137-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: X3 Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi X12 idarəsinin inzibati tənbeh vermə haqqında 24 yanvar 2025-ci il tarixli, MN ******* nömrəli qərarından verdiyi şikayət təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi X12 idarəsinin inzibati tənbeh vermə haqqında 24 yanvar 2025-ci il tarixli, MN ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №3(089)-10/2025
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-10/2025
19.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver