Məhkəmə qərarları › İş №3(089)-11/2024

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-11/2024

11.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-11/2024 11.03.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X3 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs:-xx xxxx 1971-ci il tarixdə Culfa rayonunun Yaycı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, iki uşaq atası, müvəqqəti işsiz, Culfa rayonunun Yaycı kəndində qeydiyyatda olan və yaşayan -barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Culfa Rayon İcra və Probasiya bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdim: Şəxs barəsində 11 mart 2024-cü il tarixdə Culfa Rayon İcra və Probasiya bölməsinin rəisi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Ona görə ki, Culfa Rayon Məhkəməsinin 2(089)-310/2016 nömrəli, 07 dekabr 2016cı il tarixli icra sənədi icra edilməsi üçün Culfa Rayon İcra və Probasiya bölməsinə göndərilmiş, icra sənədi 18 yanvar 2017-ci il tarixdə icraata qəbul edilmişdir. İcra sənədində Culfa rayon Məhkəməsinin 21 iyun 2006-cı il tarixli məhkəmə əmri ilə müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi, Şəxs 24 yanvar 2001-ci ildə doğulmuş X6 və 28 oktyabr 2005-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 60 manat olmaqla, 120 manat sabit pul məbləğində alimentin alınıb X2 verilməsi göstərilmişdir. İcra sənədinin icraata qəbul edilməsinə dair 18 yanvar 2017-ci il tarixli qərar qəbul edilmiş, qərar və tələbin könüllü icrası barədə bildiriş borclu Şəxs göndərilmişdir. Həmin qərar və bildirişdə borclu Şəxs tələbin könüllü təmin edilməsi xahiş olunmuş və icra könüllü təmin edilmədikdə icra hərəkətlərinin məcburi həyata keçiriləcəyi barədə xəbərdarlıq edilmişdir. Borclu Şəxs alimentin ödənilməsindən yayınmış, 5420 manat aliment borcu var. Borclu Şəxs tələbin təmin olunması və bölməyə gəlməsi barədə xəbərdarlıq olunmuş, lakin borclu Şəxs tələbi təmin etməmiş, bölməyə gəlməkdən yayınmış, 18 avqust 2023-cü il tarixdə axtarışı haqqında qərar qəbul edilmiş, 11 mart 2024-cü il tarixdə Culfa Rayon İcra və Probasiya bölməsinə təqdim edilmişdir. H.Bayrabov icra sənədini üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, X1 ona qarşı aliment tələbinə dair 2(089)- 310/2016 nömrəli mülki iş üzrə icra sənədi ilə bağlı Culfa Rayon İcra və Probasiya bölməsində icraat başlanılmış, icra sənədi üzrə icraata başlamaq haqqında qərarın surəti, tələbin könüllü icrası barədə bildiriş ona göndərilmiş, tələbin icrasının könüllü təmin edilməsi təklif edilmiş, tələb könüllü təmin edilmədikdə barəsində məcburi icra tədbirlərinin həyata keçiriləcəyi barədə xəbərdarlıq edilmişdir. 5420 manat aliment borcu var. Sağlamdır, hər hansı bir xəstəliyi yoxdur. İşləmir, aliment borcunu ödəyə bilmir. Hazırda alimenti ödəməyə maddi imkanı yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında həmçinin işləmədiyini, işləyib borcunu ödəyəcəyini, icra sənədini icra etməməsinə görə peşiman olduğunu bildirmiş, məhkəmədən ona köməklik edilməsini xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, inzibati materiallarını araşdırıb, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və inzibati qaydada tənbeh edilməlidir. Məhkəmə araşdırması zamanı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar, icraatı rədd edən hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə fiziki şəxslər 500 manatdan 1.000 manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə törədilmiş inzibati xətaya görə inzibati tənbeh tətbiq edərkən Şəxs aliment borcunun olmasını, bildirdiyinə görə maddi imkanının olmamasını nəzərə alıb barəsində cərimə deyil, inzibatı həbs növündə tənbeh tətbiq edilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs inzibati həbs növündə tənbeh tətbiq edərkən xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır, hesab edir ki, o, 8 gün inzibati qaydada həbs edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Şəxs təyin edilmiş inzibati həbsin əvvəli qərarın elan edildiyi andan hesablanmalıdır. Həmin Məcəllənin 31.5-ci maddəsində görə inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114.1.1, 115-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərar verdi Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, o, 8 gün inzibati qaydada həbs edilsin. Qərar dərhal icra edilsin. İnzibati həbsin əvvəli 11 mart 2024-cü il, saat 17:20-dən hesablansın. Şəxs həmin müddətdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin müvəqqəti saxlama yerində saxlanılsın Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar