Məhkəmə qərarları › İş №3(089)-11/2025

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-11/2025

14.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-11/2025 14.03.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs-xx.xx.1988-ci il tarixdə Babək rayonunun Sirab kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, sürücü işləyən, Babək rayonunun Sirab kəndində yaşayan-barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 480-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində 26 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə EP № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, o, 11 oktyabr 2024-cü il tarixdə saat 17:22-də İran İslam Respublikası ərazisindən tranzit keçməklə Bakı şəhərindən Naxçıvan Muxtar Respublikasına 480 kisə gübrə və 1 ədəd Lexus LX470 markalı avtomobil yükü gətirərkən idarə etdiyi 67BJ823/67ZA355 dövlət qeydiyyat nişanlı, “DAF” markalı yük nəqliyyat vasitəsinə daxil olmuş əməliyyat məlumatı əsasında “Culfa” gömrük postunun ərazisində yerləşən anbarda növbəlilik prinsipi əsasında kinoloji xidmət iti tətbiq edilməklə yoxlama aparılmış, yoxlama zamanı xidməti itin reaksiyası nəticəsində həmin yük nəqliyyat vasitəsinin yəhərli dartıcısının tavanına qoşulan külək yarıcının arxa boşluğunda gizlədilmiş 30 qutu (600 ədəd) “AS Plus” markalı, 270 qutu (5400 ədəd) “KAVAT” markalı, ümumilikdə 300 qutu (6000 ədəd) Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmayan siqaretlər aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası İXM-nin 480-ci maddəsində malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda inzibati məsuliyyət müəyyən edilmişdir. Az miqdarda olduqda dedikdə əlli min manatadək olan məbləğ başa düşülür. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə işə baxılmasının təxirə salınması haqqında vəsatət təqdim etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı olmadan baxmışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsində qeyd edilmişdir ki, inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid2 izahatında bildirmişdir ki, Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq İdarəsinin Əməliyyat Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində çalışır. xx.xx.2024-cü il tarixində iş qrafikinə uyğun olaraq “Culfa” gömrük postunda xidmətdə olarkən qabaqcadan daxil olmuş əməliyyat məlumatı əsasında İran İslam Respublikası ərazisindən tranzit keçməklə Bakı şəhərindən Naxçıvan Muxtar Respublikasına 480 kisə gübrə və 1 ədəd “Lexus LX470” markalı avtomobil yükü gətirən Azərbaycan Respublikası vətəndaşı Şəxs idarə etdiyi 67BJ823/67ZA355 dövlət qeydiyyat nişanlı, “DAF” markalı yük nəqliyyat vasitəsinə “Azərterminalkompleks” X2 Dəstəyin Təşkili İdarəsinin Kinoloji fəaliyyətə yardım şöbəsinin instruktor-kinoloqu Şahid1 iştirakı ilə və yoxlamada iştirak etməsi və qanunvericiyiliyin tələblərinə uyğun olaraq yoxlamanı videoçəkiliş vasitəsilə qeydə alması üçün gömrükçü yoldaşı Şahid3ı dəvət etdikdən sonra yoxlamaya başlamış, yoxlamaya başlamazdan əvvəl sürücüdən idarə etdiyi nəqliyyat vasitəsində qadağan olunmuş və ya bəyan olunmalı hər hansı predmetin olub-olmadığını soruşmuş, sürücü ona nəqliyyat vasitəsində 20 kq qarışıq ərzaq, 1 ədəd qaz torbası, 10 qutu siqaretdən əlavə qanunla qadağan olunmuş, gömrük nəzarətindən gizlədilmiş və bəyan ediləsi hər hansı bir predmetin olmadığını bildirmişdir. Yoxlama zamanı xidməti itin reaksiyası nəticəsində həmin yük nəqliyyat vasitəsinin yəhərli dartıcısının tavanına qoşulan külək yarıcının arxa boşluğunda gizlədilmiş, 30 qutu (600 ədəd) “AS Plus” markalı, 270 qutu (5400 ədəd) “KAVAT” markalı olmaqla, ümumilikdə 300 qutu (6000 ədəd) Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmamış siqaretlər aşkar etmişdir. Daha sonra aşkar etdiyi siqaretləri qablaşdırıb götürmüş, yoxlama bitdikdən sonra isə müvafiq sənədləri hazırlamış və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid3 da Şahid2 ilə eyni məzmunda izahat vermişdir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi şahidlərin izahatı, inzibati xəta haqqında işin materialları ilə öz təsdiqinin tapmışdır. İş materiallarına əlavə edilmiş 11 oktyabr 2024-cü il tarixli nəqliyyat vasitəsinin yoxlanılması haqqında protokoldan görünür ki, 11 oktyabr 2024-cü il tarixdə “Culfa” gömrük postu vasitəsilə İran İslam Respublikasından tranzit keçməklə Bakı şəhərindən Naxçıvan Muxtar Respublikasına “480 kisə gübrə və 1 ədəd Lexus markalı avtomobil” yükü gətirən Azərbaycan Respublikası vətəndaşı, xx.xx.2024-cü il tarixdə verilmiş C05267255 nömrəli pasportun sahibi, xx.xx.1988-ci il təvəllüdlü Şəxs idarə etdiyi 67BJ823/67ZA355 dövlət qeydiyyat nişanlı, “DAF” markalı yük nəqliyyat vasitəsinə “Tavr” ləqəbli kinoloji xidmət iti tətbiq edilməklə gömrük nəzarəti xəttində, növbəlilik prinsipi əsasında “Azərterminalkompleks” X2 Dəstəyin Təşkili İdarəsinin Kinoloji fəaliyyətə yardım şöbəsinin instruktor-kinoloqu Şahid1 iştirakı ilə, Əməliyyat şöbəsinin böyük əməliyyat müvəkkili Şahid3 tərəfindən videoçəkiliş aparılmaqla yoxlama keçirilmiş, yoxlama zamanı nəqliyyat vasitəsinin yəhərli dartıcısının tavanına qoşulan külək yarıcının arxa boşluğunda gizlədilmiş 30 qutu (600 ədəd) “AS Plus” markalı, 270 qutu (5400 ədəd) “KAVAT” markalı, ümumilikdə 300 qutu (6000 ədəd) Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmayan siqaretlər aşkarlanmışdır. Azərbaycan Respublikası Nazirlər kabinetinin 14 oktyabr 2013-cü il tarixli, 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydalarının” 2.1.10-cu bəndinə əsasən fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan hesab edilmiş 200 ədəd siqaret (aksizli mallar və avtonəqliyyat vasitələri istisna olmaqla) güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilər. İş materiallarına əlavə edilmiş 13 fevral 2025-ci il tarixli, 108 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş nümunə əsasında ekspertiza təyini haqqında qərarda göstərilən siqaretlərin 2024-cü ilin oktyabr ayına orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 390 manat müəyyən olunur. O cümlədən aksiz markası olmayan “AS Plus BLACK NANO American Blend” yazıları olan, ştrix koduna görə (ilk üç rəqəmi 626) İran istehsalı olan, 3 blokda hər biri 10 qutu olmaqla ümumilikdə 30 qutu (600 ədəd) filtrli siqaretlər 39 manat (3 blok x 10 qutu x 1.30 manat), aksiz markası olmayan, üzərində “KAVAT BLACK NANO American Blend” yazıları olan, ştrix koduna görə (ilk üç rəqəmi 626) İran istehsalı, 27 blok, hər birində 10 qutu olmaqla, ümumilikdə 270 qutu (5400 ədəd) filtrli siqaretlər-351 manat (27 blok x 10 qutu x 1.30 manat). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 479-cu maddəsinin qeyd hissəsində qeyd edilmişdir ki, “İnzibati Xətalar Məcəllənin 479-481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati- Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinməli və inzibati xətanın bilavasitə obyekti olan mallar, Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 300 qutu siqaretlər müsadirə edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, nəzərə alır. İnzibati məsuliyyəti ağırlaşdıran hallar, icraatı rədd edən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 77.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26-cı maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. Azərbaycan Respublikası İXM-in 55.2-ci maddəsinə əsasən, fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Həmçinin 55.3 və 55.4-cu maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflərin məbləği məsrəflərə aid olan çəkilmiş xərcləri təsdiq edən işə əlavə edilmiş sənədlər əsasında müəyyən edilir və məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Odur ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 140 manat məbləğində pul vəsaiti dövlət büdcəsinə aid edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. İnzibati xətanın bilavasitə obyekti olan, Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan, “AS Plus BLACK NANO American Blend” markalı 28 qutu (560 ədəd) (bir qutunun qiyməti 1.30 manat) və “KAVAT BLACK NANO American Blend” markalı 250 qutu (5000 ədəd) (bir qutunun qiyməti 1.30 manat) siqaretlər müsadirə edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 140 manat dövlət büdcəsinə aid edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar