Məhkəmə qərarları › İş №3(089)-12/2020

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-12/2020

19.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-12/2020 19.06.2020 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, x1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs x2 iştirakı ilə, x2:-19 aprel 1984-cü il tarixdə Culfa rayonunun Əbrəqunus kəndində doğulmuş, orta təhsilli, evli dörd uşaq atası, Azərbaycan Respublikasının vətəndaşı, müvəqqəti işsiz, Culfa rayonunun Əbrəqunus kəndində yaşayan, barəsində Azərbaycan Respublikası İXM-nin 333.2-ci maddəsi ilə Culfa Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs x4 14 iyun 2020-ci il tarixdə saat 23:50 radələrində Nissan markalı, 72BD677 dövlət nömrə nişanlı nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etmiş, Culfa rayon Polis Şöbəsinin YP xidmətinin əməkdaşı tərəfindən saxlanılmış, Azərbaycan Respublikası İXM-in 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən, barəsində 14 iyun 2020-ci il tarixdə inzibati xəta haqqında AP ******* nömrəli protokol tərtib edilmiş, inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər baxılması üçün 19 iyun 2020-ci il tarixdə Culfa Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs x4 özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilmiş, izahatında bildirmişdir ki, Culfa rayonunun Əbrəqunus kəndində yaşayır, daimi iş yeri yoxdur, təsərrüfatla məşğul olur. 14 iyun 2020-ci il tarixdə saat 23:50 radələrində sərxoş vəziyyətdə özünə məxsus olan Nissan markalı, 72BD677 dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə edərkən, Culfa rayon Polis Şöbəsinin YP xidmətinin əməkdaşı tərəfindən saxlanılmış, alkotester vasitəsilə sərxoşluq vəziyyəti yoxlanılmış, sərxoş olması müəyyən olunmuş, Azərbaycan Respublikası İXM-in 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən, barəsində 14 iyun 2020-ci il tarixdə inzibati xəta haqqında AP ******* nömrəli protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs x4 izahatında onu da bildirmişdir ki, sərxoş vəziyyətdə 09 oktyabr 2019-cu il tarixdə özünə məxsus olan Nissan markalı, 72BD677 dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə edərkən saxlanılmış, 400 manat məbləğində inzibati cərmə edilmiş, inzibati cəriməni ödəmişdir. Bir il keçməməsinə baxmayaraq yenidən eyni inzibati xətanı törətmişdir. Peşmandır, bir daha inzibati xəta törətməyəcək. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, x4 alkoqoldan istifadə olunması nəticəsində nəqliyyat vasitəsini sərxoş vəziyyətdə inzibati tənbeh vermə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən bir il ərzində təkrar idarə etməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, ... digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi inzibati xəta hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, dörd yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək inzibati həbs tətbiq olunur. AE seriyalı, 888663 nömrəli sürücülük vəsiqəsindən müəyyən olunur ki, x2 B kateqoriyası üzrə sürücülük hüququ vardır. AP ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən müəyyən olunur ki, x4 09 oktyabr 2019-cu il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, 400 manat məbləğində inzibati cərimə tətbiq edilmiş. Alkotestin nəticəsindən görünür ki, P.Sadiqovun 14 iyun 2020-ci il tarixdə, saat 23:54 dəqiqədə sərxoşluq vəziyyəti yoxlanılmış, onun qanında alkoqolun konsentrasiyasının 0.383 promil olması müəyyən edilmişdir. x2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında AP ******* nömrəli protokolla, özünün səmimi etirafı ilə tam sübuta yetmişdir. Azərbaycan Respublikası İ̇XM-nin 333-cü maddəsinin qeyd hissəsində qeyd edilmişdir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və ... göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Məhkəmə belə nəticəyə gəlir ki, x4 düzgün olaraq inzibati məsuliyyətə cəlb edilmiş, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. O, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə təqsirli bilinməli, barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə x3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh növlərindən hansının tətbiqi ilə bağlı məsələni müzakirə edib, belə nəticəyə gəlir ki, x2 şəxsiyyəti, törədilmiş inzibati xətanın xarakteri, təqsirinin dərəcəsi nəzərə alınmalı nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, dörd yüz manat məbləğdə cərimə edilməlidir. x2 peşman olması məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məsuliyyəti ağırlaşdıran, icraatı rədd edən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İ̇XM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İ̇XM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: x4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, o, nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, 400 (dörd yüz) manat məbləğdə cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar