Məhkəmə qərarları › İş №3(089)-13/2024

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-13/2024

27.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-13/2024 27.03.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs-xx xxxxxx 1996-ci il tarixdə Culfa rayonunun Saltaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, iki uşaq atası, əvvəllər inzibati məsuliyyətə cəlb edilməmiş, Culfa rayonunun Saltaq kəndində yaşayan-barəsində Azərbaycan Respublikası İXM-nin 534-cü maddəsi ilə Culfa Rayon Polis X3 Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Culfa Rayon Polis X3 Bölməsinin polis sahə rəisi Cəfər Məmmədov tərəfindən tərtib edilmiş 12 mart 2024-cü il tarixli, ******* nömrəli “inzibati xəta haqqında” protokol, inzibati xəta haqqında iş üzrə toplanmış material ilə birlikdə baxılması üçün Culfa Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Culfa Rayon Polis X3 Bölməsinin polis sahə rəisi Cəfər Məmmədov protokola uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, 11 mart 2024-cü il tarixdə xidmətdə olarkən saat 18:20 radələrində Saltaq kəndinin mərkəzində Şəxs hərbi geyimdə, yəni hərbi şalvarda olduğunu görmüş, onun hərbi qulluqçu olmamasını müəyyənləşdirmiş, araşdırma zamanı məlum olmuşdur ki, Şəxs hərbi qulluqçuların hərbi geyim formasını qanunsuz olaraq üzərində daşımışdır. Bu səbəblə də həmin vətəndaş bölməyən dəvət olunmuş və barəsində protokol tərtib edilmiş, baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Cəfər Məmmədov izahatında onu da bildirmişdir ki, Şəxs üzərində olan hərbi geyim formasında fərqlənmə nişanları olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində izahat vermiş Şəxs izahatında bildirmişdir ki, Culfa rayonunun Saltaq kəndində yaşayır, fərdi təsərrüfatla məşğul olur. 11 mart 2024-cü il tarixdə, saat 18:20 radələrində dostu Şahid ilə Saltaq kəndində həyələrində odun doğramışlar. Siqaretləri qurtarmış, birlikdə siqaret almaq üçün əynində hərbi şalvarla kənd mərkəzinə getmişlər. Kənd mərkəzində polis əməkdaşı onu saxlamış, hərbi geyim formasını qanunsuz olaraq daşıdığını bildirmiş və onu polis Bölməsinə dəvət etmişdir. 12 mart 2024-cü il tarixdə Polis Bölməsində barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs izahatında onu da bildirmişdir, üzərində olan hərbi geyim formasında fərqlənmə nişanı olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlərin izahatları, eləcədə inzibati materialda olan digər sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamış və sonuncunun əməlində inzibati xəta tərkibinin olması müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsinin dispozisiyasına görə əməliyyat-axtarış fəaliyyəti subyektlərinin, hərbi qulluqçuların və prokurorluq işçilərinin fərqlənmə nişanları olan hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşımağa görə-inzibati xətanın obyekti olmuş hərbi və xüsusi geyim forması müsadirə edilməklə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. "Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçuların hərbi geyim forması və fərqləndirmə nişanları haqqında" Əsasnamənin 1-ci maddəsinə əsasən hərbi geyim forması-Azərbaycan Respublikası Silahlı Qüvvələrinin (bundan sonra Silahlı Qüvvələr) şəxsi heyəti və hərbi litseyin kursantları üçün müəyyən edilmiş, hərbi qulluqçuların hərbi geyim predmetləri, fərqləndirmə nişanları və hərbi ləvazimatlarının komplektidir. Həmin Əsasnamənin 3-cü maddəsinə əsasən hərbi qulluqçuların fərqləndirmə nişanları-hərbi geyim formasında rəmzi şərti təsvir olub, müəyyən anlayışı əks etdirir və dövlət mənsubiyyətini, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə, Silahlı Qüvvələrin növünə, qoşun (xidmət) növünə, ixtisasına, hərbi rütbəyə, hərbi qulluqçuların heyətinə və konkret qoşun vahidinə mənsubiyyəti göstərir. Həmin Əsasnamənin 4-cü maddəsinə əsasən Fərqləndirmə nişanlarına aiddir: paqonlar, yaxa nişanları, döş və qol nişanları (jetonlar, tikmələr), baş geyimlərindəki nişanlar (kokardalar, emblemlər), paqon və yaxalıqlardakı nişanlar (emblemlər, ulduzlar və s.), kantlar və lampaslar. Bundan əlavə hərbi geyim formasındakı rəng, biçim, geyimin komplektliyi, düymələr və geyimin başqa detalları kimi digər xarici fərqləndirmə əlamətlərindən də həmin məqsədlərlə istifadə edilir. "Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçuların hərbi geyim forması və fərqləndirmə nişanları haqqında" Əsasnamənin 21-ci maddəsinə əsasən hərbi geyim formasını daşımaq hüququ olmayan vətəndaşların hərbi qulluqçuların fərqləndirmə nişanları olan geyim formasını geyməsi qadağandır. Məhkəməyə təqdim edilən iş materiallarından, habelə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin izahatından da görünür ki, Şəxs hərbi qulluqçuların hərbi geyim formasını qanunsuz şəkildə daşımamış, sadəcə hərbi şalvar geyinmişdir. Qanunvericiliyin mənasından isə görünür ki, şəxsin fərqlənmə nişanları olan hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşıması Azərbaycan Respublikası İXM-nin 534-cü maddəsi ilə məsuliyyətə cəlb olunması üçün əsasdır. Hazırkı iş üzrə isə görünür ki, Şəxs tərəfindən 11 mart 2024-cü il tarixdə məhz qeyd olunan inzibati xəta tərkibini yaradan hərəkətlərə yol verilməmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Şəxs əməlində hərbi və xüsusi geyim formalarını daşımaq qaydalarının pozulması, bir sözlə maddənin dispozisiyasında qeyd olunan hərəkətləri ifadə edən əlamətlər aşkar olunmadığından, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-132-ci maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata, əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar