Məhkəmə qərarları › İş №3(089)-15/2023

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-15/2023

30.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-15/2023 30.01.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs-03 yanvar 1996-cı il tarixdə Culfa şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 1 uşaq atası, işsiz, ünvan 1 ünvanında yaşayan-Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 511.1.3-cü maddəsi ilə Culfa rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Məhkəmənin icraatına 30 yanvar 2023-cü il tarixdə Culfa rayon Polis Şöbəsindən Şəxs barəsində tərtib olunmuş 29 yanvar 2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs 29 yanvar 2023-cü il tarixdə Culfa şəhəri, H.Əliyev prospektində qəflətən nəqliyyat vasitəsini sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərini çıxarmış, yolun səthində çoxsaylı təkər izləri buraxmışdır. Bununla da sürücü T.Dadaşov ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək yol hərəkəti qaydalarını davamlı olaraq pozmaqla avtoxuliqanlıq etmiş və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə 29 yanvar 2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3cü maddəsi ilə təqsirli bilmiş, izahatında bildirmişdir ki, Culfa şəhərində yaşayır, işləmir. Mülkiyyətində ** BB *** dövlət nömrə nişanlı, Peugeot 405 minik markalı nəqliyyat vasitəsi var. 29 yanvar 2023-cü il tarixdə saat 01 radələrində Culfa şəhərinə az qar yağdığından nəqliyyat vasitəsi ilə H.Əliyev prospektinə getmiş, idarə etdiyi nəqliyyat vasitəsinin əl əyləcindən istifadə etmiş, nəqliyyat vasitəsinin arxasını fırlatmış, nəqliyyat vasitəsini sürətləndirmiş, nəqliyyat vasitəsinin təkərləri yolun səthi ilə sürtünərək səslər çıxarmışdır. Şəxs izahatında onu da bildirmişdir ki, Elnur Əhmədovla, Məhəmməd Əsgərli ilə əvəlcədən nəqliyyat vasitələri ilə Culfa şəhərinə çıxmaq barədə razılaşmamışlar. Hərəkətlərindən çox peşmaldır. Bir daha belə hərəkətlərə yol verməyəcək. Məhkəmədən ona köməklik edilməsini, yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində izahat vermiş Culfa Rayon Polis şöbəsinin PPXin əməkdaşları Şahid1 və Şahid2 izahatında Şəxs 29 yanvar 2023-cü il tarixdə, saat 01 radələrində Culfa şəhəri, H.Əliyev prospektində idarə etdiyi nəqliyyat vasitəsinin əl əyləcindən istifadə etməklə, nəqliyyat vasitəsinin arxasını fırlatmasını, nəqliyyat vasitəsini sürətləndirməsini, təkərlərin yolun səthi ilə sürtünərək səslər çıxarmasını təsdiq etmişlər. Şahidlər izahatlarında həmçinin bildirmişlər ki, Şəxs tərəfindən avtixuliqanlıq edilən zaman yaxınlıqda olan yaşayış binasından bir neçə şəxs onun hərəkətlərindən narahat olduqlarını polis əməkdaşı kimi onlara bildirmişlər. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün səmini etirafı, şahid ifadələri ilə sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs İXM-nin 511.1.3-cü maddəsi ilə təqsirli bilinməli, inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-nin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görənəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə araşdırması zamanı inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar, icraatı rədd edən hallar müəyyən olunmadı. Məhkəmə Şəxs əməlindən peşman olmasını, himayəsində bir uşağının olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə almaqla hesab edir ki, o, İXM-nin 511.1.3-cü maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırmaqla cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 43, 114-115-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim Mehrab Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar