Məhkəmə qərarları › İş №3(089)-18/2022

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-18/2022

05.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-18/2022 05.07.2022 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X2 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxs Şəxs iştirakı ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs-xx xxxx 1980-ci il tarixdə Culfa şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, müvəqqəti işsiz, Culfa şəhərində yaşayan- barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 482.1-ci maddəsi ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində 23 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə DGK-A 119044 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, 08 iyun 2022-ci il tarixdə saat 21:14 radələrində X9 vasitəsilə ölkəyə giriş istiqamətində Naxçıvan Muxtar Respublikası ərazisinə gələrkən, əl yükləri Hİ-Scan rentgen qurğusundan keçirilmiş, şübhəli təsvirlər olduğu üçün əl çantası yoxlanılmış, gömrük yoxlaması zamanı Şəxs əl çantasının içərisindən, 1 (bır) ədəd ilkin çəkisi 69 qram olan külçə formasında qızılı rəngdə qızıla bənzər metal aşkar olunaraq götürülüb qablaşdırılmışdır. Yoxlama zamanı aşkarlanan 1(bir) ədəd ilkin çəkisi 69 qram olan külçə formasında qızılı rəngdə qızıla bənzər metalın əyarı, xalis çəkisi və iş üzrə əhəmiyyət kəsb edən digər məlumatlarla bağlı arayış verilməsi üçün 13 iyun 2022-ci il tarixdə 1010-150/0xx-xx/000532 nömrəli məktubla Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinə müraciət edilmiş, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi Yanında Qiymətli Metallara və X4 idarəsinin rəyinə əsasən təqdim olunmuş predmetin çəkisi 68.4 qram, əyarı 482 olan qızıl olması müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 482.1. maddəsində malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda, inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, xx xxxx 1980-cı il tarixdə Culfa şəhərində doğulmuşfur. Evlidir, iki azyaşlı uşağı var, işləmir. 2022-ci il aprel ayında həyat yoldaşına məxsus qızıl zinət əşyalarını satmaq məqsədilə İran İslam Respublikasına aparmış, qızılların əyarı aşağı olduğundan satmamış, zərgərdən həmin qızılların əridilməsini, külçə formasına salmasını xahiş etmişdir. Zərgər qızılların külçə formasına salınmasının çox zaman alacağını bildirdiyindən Naxçıvana geri qayıtmışdır. xx.xx.2022-ci il tarixdə yenidən İran islam Respublikasına getmiş, zərgərə verdiyi qızılların külçə halına salınmış formasını almış, əl çantasının içərisinə qoymuş, həmin gün X9 vasitəsi ilə ölkəyə qayıtmışdır. Gömrük nəzarəti zamanı monitorda oturan gömrük əməkdaşı əl çantasında metal nəsə olduğunu soruşmuş, ona açar olduğunu bildirmişdir. Gömrük əməkdaşı əl çantasına baxış keçirəcəyini demiş, başqa gömrük əməkdaşının və iki nəfər hal şahidinin iştirakı ilə çantaya baxış keçirmiş, baxış zamanı çantasında olan külçə qızılı görmüş, nə olduğunu soruşmuş, qızıl olduğunu bildirmişdir. Qızıl gömrük əməkdaşı tərəfində götürülmüş, qablaşdırılmış, bu barədə protokol tərtib edilmiş, protokolu imzalamışlar. Şəxs izahatında onu da bildirmişdir ki, malların gömrük nəzarətindən bəyan etməməklə keçirməyin qadağan olduğunu bilmiş, əvvəllər bu kimi hərəkətlərə yol verməmişdir. Hərəkətindən çox peşimandır. İki azyaşlı uşağı var. Qeyd edilənlərin nəzərə alınmasını, ona köməklik edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid1 izahatında bildirmişdir ki, Culfa Gömrük idarəsinin X7 müfəttiş vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə xidmətdə olmuşdur. X8 İnspektoru gömrük xidmət mayoru X1 21:18 radələrində ona X9 vasitəsilə ölkəyə giriş istiqamətində İİR-dan Naxçıvan Muxtar Respublikasına gələn Azərbaycan Respublikasının vətəndaşı, Culfa şəhər sakini Şəxs əl yükləri Hİ-Scan rentgen qurğusundan keçən zaman əl çantasında şübhəli təsvirlər olduğunu, həmin şəxsin əl çantasına gömrük yoxlaması keçirmək istədiyini, onun da iştirak etməsini xahiş etmişdir. X3 gömrük ərazisində olan Qüdrət və Arif adlı şəxsləri əl çantasına baxış zamanı hal şahidi kimi iştirak etmək üçün dəvət etmiş, onlara hüquq və vəzifələrini izah etmişdir. Gömrük əməkdaşı Rövşən əvvəlcə Şəxs əl çantasının içərisində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olub-olmamasını soruşmuş, o, əl çantasında heçnə olmadığını bildimişdir. X3 onun və 2 hal şahidinin iştirakı ilə sözügedən əl çantasına gömrük yoxlaması keçirmiş, yoxlama zamanı əl çantasının içərisindən 1 ədəd ilkin çəkisi 69 qram olan külçə formasında qızılı rəngdə qızıla bənzər metal aşkarlanmışdır. Gömrük əməkdaşı Rövşən yoxlamanın nəticələrinə dair protokol tərtib etmiş, özü, Şəxs və hal şahidləri ilə birgə imzalamışlar. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid2 izahatında bildirmişdir ki, hazırda işsizdir, fəhləlik edir. 08 iyun 2022-ci il tarixdə Culfa Gömrük idarəsinin ərazisində olmuş, saat təxminən 21 radələrində Rövşən adlı gömrük əməkdaşı onu çağırmış və İrandan gələn bir vətəndaşın əl çantasına yoxlama keçirəcəyini, onun da orada hal şahidi qismində iştirak etməsini xahiş etmiş, etiraz etməmişdir. Rövşən müəllimlə əl yüklərinə yoxlma keçirəcəyi yerə getmiş, Vüqar adlı şəxs də hal şahidi qismində oraya dəvət edilmişdir. Rövşən müəllim Şəxs onlara təqdim etmiş, əl çantasının ona məxsus olduğunu bildirmişdir. Baxış başlamazdan əvvəl Rövşən müəllim onlara hüquq və vəzifələrini izah etmişdir. Daha sonra əl çantasına yoxlama keçirilmiş, yoxlama zamanı əl çantasının içərisindən 1 ədəd çəkisi 69 qram olan külçə formasında qızılı rəngdə qızıla bənzər metal aşkar edilmişdir. Aşkar olunmuş külçə formasında qızıla bənzər metal barədə müvafiq sənədlər tərtib edilmiş, sənədləri imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid3 Şahid2 ilə eyni məzmunlu izahat vermişdir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi özünün, şahidlərin izahatı, inzibati xəta haqqında işin materialları ilə öz təsdiqinin tapmışdır. İş materillarına əlavə edilmiş 08 iyun 2022-cı il tarixli əl yüklərinin yoxlanılması haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 21:14 radələrində X9 vasitəsilə İİR-dan Naxçıvan Muxtar Respublikasına gələn, Azərbaycan Respublikası vətəndaşı, 24 yanvar 2020-ci il tarixdə verilmiş C02926446 nömrəli pasportun sahibi, xx.xx.1980-cı il təvəllüdlü Şəxs əl çantasına gömrük yoxlaması keçirilmiş, Şəxs əl çantasının içərisindən, 1 ədəd ilkin çəkisi 69 qram olan külçə formasında qızılı rəngdə qızıla bənzər metal aşkarlanmışdır. İş materiallarına əlavə edilmiş 23 iyun 2022-ci il tarixli, 159 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilən 1 ədəd külçə formasında olan 482 əyarlı, çəkisi 68,4 qram olan qızılın orta bazar qiyməti təxminən 2941,20 (68,4 qram x 43 manat) manat müəyyən olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 479-cu maddəsinin qeyd hissəsində qeyd edilmişdir ki, “İnzibati Xətalar Məcəllənin 479-481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli, 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 2.1-ci bəndinin 2.1.10-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 188.1.1-ci maddəsi ilə müəyyən olunmuş aksiz vergisindən azadolmalar nəzərə alınmaqla, hər təqvim ayı ərzində bir dəfə 18 yaşına çatmış hər bir fiziki şəxs tərəfindən şəxsi istifadə üçün gömrük ərazisinə gətirilən ... və 20 qram qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, ... gömrük sərhədindən keçirilə bilər. “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na 1 nömrəli əlavənin 5-ci bəndində qeyd edilmişdir ki, qaydaların 2.1.10-cu yarımbəndində nəzərdə tutulmuş hədlərdən artıq qiymətli metallar və qiymətli daşlar fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən yazılı formada bəyan edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinməli və inzibati xətanın bilavasitə obyekti olan mallar Culfa Gömrük İdarəsinin müvəqqəti saxlanc anbarında saxlanılan dəyərinin qırx faizi məbləğdə cərimə edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, həmçinin inzibati məsuliyyəti yüngülləşdirən halları, yəni Şəxs hərəkətindən peşman olmasını, iki azyaşlı uşağının olmasını nəzərə almışdır. İnzibati məsuliyyəti ağırlaşdıran hallar, icraatı rədd edən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə iş üzrə maddi sübutların taleyi ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, 1 ədəd külçə formasında 482 əyarlı, 68,4 qram olan qızıl Şəxs qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 77.3-cü maddəsinə görə icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.4.1-ci maddəsinə görə dövriyyədən çıxarılmamış sənədlər və əşyalar onun qanuni sahibinə qaytarılmalı, qanuni sahibi müəyyən edilmədikdə isə dövlət mülkiyyətinə verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. Şəxs inzibati xətanın bilavasitə obyekti olan, Culfa Gömrük İdarəsinin müvəqqəti saxlanc anbarında saxlanılan 1 ədəd külçə formasında 482 əyarlı, 68,4 qram olan qızılın dəyərinin, 2941.20 manatın qırx faizi məbləğdə, 1176.48 manat cərimə edilsin. 1 ədəd külçə formasında 482 əyarlı, 68,4 qram olan qızıl Şəxs qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar