Məhkəmə qərarları › İş №3(089)-19/2021

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-19/2021

01.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-19/2021 01.10.2021 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X2 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs-xx xxxxxxx 1986-cı il tarixdə Culfa rayonunun Milax kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 uşaq atası, müvəqqəti işsiz, inzibati məsuliyyətə cəlb edilməmiş, Culfa rayonunun Milax kəndində yaşayan barəsində Culfa Rayon Polis şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs 30 sentyabr 2021-ci il tarixdə, saat 16:10 radələrində Culfa şəhərində “Ticarət mərkəzi”nin qarşısında, ağacın dibindən şəffaf sellefona bükülmüş vəziyyətdə aşkar etdib götürdüyü şəxsi istehlak miqdarında olan 2.644 qram qurudulmuş marixuana narkotik vasitəsini satış məqsədi olmadan qanunsuz olaraq üzərində saxlamış, Şəxs Culfa Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış, üzərində saxladığı marixuana narkotik vasitəsi aşkar edilərək götürülmüş, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilmiş, izahatında bildirmişdir ki, Culfa rayonunun Milax kəndində yaşayır. 30 sentyabr 2021-ci il tarixdə Culfa şəhərinə gəlmiş, “Ticarət mərkəzi”nin qarşısında olan ağaclarının birinin gibində olan şəffaf sellefona bükülü diqqətini cəlb etmiş, bükülünü götürmüş, marixuana olduğunu bilmiş, istifadə edər deyə cibinə qoymuşdur. Əvvəllər marixuana narkotik vasitə istifadə etmişdir. Üzərində narkotik vasitə olduğundan həyəcanlı olmuş, özünü narahat hiss etmişdir. Tanımadığı mülki geyimli şəxs ona yaxınlaşmış, polis əməkdaşı olduğunu bildirmiş, Culfa Rayon Polis Şöbəsinə dəvət etmişlər. Polis Şöbəsində iki nəfər şəxsin iştirakı ilə üzərində şəxsi axtarış aparılmış, şalvarının sağ arxa cibində olan büküm aşkar edilib götürülmüş, elektron tərəzidə çəkilmiş, bükümün çəkisi 2.9 qram olmuşdur. Büküm qablaşdırılmış, möhürlənmiş, protokolu imzaları ilə təsdiq etmişlər. Şəxs izahatında həmçinin hərəkətindən çox peşiman olduğunu, əvvəllər inzibati xəta törətməməsini, iki uşağının olmasını bildirmiş, məhkəmədən ona köməklik edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 və Şahid2 ifadələrində 30 sentyabr 2021-ci il tarixdə, saat təxminən 16-17 radələrində Culfa Rayon Polis Şöbəsinə dəvət edildiklərini, onların iştirakı ilə Şəxs üzərində şəxsi axtarış aparıldığını, Şəxs cibindən bir ədəd büküm aşkar edildiyini, bükümün açıldığını, bükümün içərisində kütlə olduğunu, həmin bükümün elektron tərəzidə çəkildiyini, 2.9 qram olduğunu, qablaşdırıldığını və götürüldüyünü, protokolu imzaları ilə təsdiq etdiklərini bildirmişlər. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 01 oktyabr 2021-ci il tarixli, 272 saylı arayışından müəyyən olunur ki, tədqiqata təqdim olunmuş, üzərində “Culfa rayonunun Milax kənd sakini Şəxs tərəfimizdən saxlanıldı, üzərində baxış zamanı əyninə geyindiyi idman köynəyinin sol cibindən şəffaf sellefona bükülmüş narkotik vasitəyə bənzər kütlə..” sözləri və imzalar məzmunlu mətni olan kağız paketin içərisində, bir ədəd şəffaf sellefon kəsiyi bükümündə, təmiz çəkisi-2.644 qram olan, bitki mənşəli kütlə, narkotik təbiətli çətənə bitkisindən hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununu 1.0.1-ci maddəsinə görə narkotik vasitələr BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. 28 iyun 2005-ci il tarixdə 960-İİQ saylı Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısının 146-cı bəndində marixuana narkotik vasitəsi qeyd edilmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş İ siyahıya əsasən narkotik vasitə olan qurudulmuş marixuananın 5 qramadək olan miqdarı şəxsi istehlak miqdarına aiddir. Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. Belə ki, toplanmış sübutlarla təsdiq olunur ki, Şəxs əldə etdiyi şəxsi istehlak miqdarında narkotik vasitəni satış məqsədi olmadan qanunsuz olaraq üzərində saxlamışdır. Ona görə də o, həmin maddə ilə təqsirli bilinməli və inzibati qaydada həbs edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən işin hallarını və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır . İnzibati xətaya görə məsuliyyətini ağırlaşdıran, iş üzrə icraatı rədd edən hallar müəyyən edilmədi. Məhkəmə Şəxs peşiman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Y.Budaqov adına Naxçıvan MR X1 01 oktyabr 2021-ci il tarixli, 636 nömrəli məktubunda Şəxs abstinensiya əlamətləri olmadığına görə müalicəyə ehtiyacının olmaması qeyd edilmişdir. Məhkəmə iş üzrə maddi sübutun taleyi ilə bağı məsələni müzakirə edir və belə nəticəyə gəlir ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində saxlanılan 2.594 qram qurudulmuş marixuana narkotik vasitəsi qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 94.11-ci maddəsinə görə götürülmüş narkotik vasitələr və psixotrop maddələr, həmçinin müvafiq standartlara, sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə cavab verməyən etil spirti, alkoqollu və tərkibində spirt olan məhsullar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yenidən istehsala göndərilir və ya məhv edilir. Həmin Məcəllənin 94.12-ci maddəsinə əsasən məhv edilməli olan narkotik vasitələrin və psixotrop maddələrin, etil spirtinin, alkoqollu və tərkibində spirt olan məhsulların nümunələri inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar qanuni qüvvəyə mindiyi günədək saxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbsin müddətinə daxil edilir. İnzibati həbsin əvvəli Şəxs tutulduğu vaxtdan, 30 sentyabr 2021-ci il, saat 16:40 dəqiqədən hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, 30 (otuz) gün müddətinə inzibati qaydada həbs edilsin Qərar dərhal icra edilsin. Həbsin əvvəli qərarın elan edildiyi vaxtdan, 30 sentyabr 2021-ci il tarixdə saat 16:40dan hesablansın. İş üzrə maddi sübut, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində saxlanılan 2.594 qram qurudulmuş marixuana narkotik vasitəsi qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar