Məhkəmə qərarları › İş №3(089)-19/2025

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-19/2025

21.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-19/2025 21.04.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs- xx.xx.1983-cü il tarixdə Babək rayonunun Tumbul kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, sürücü işləyən, Babək rayonunun Tumbul kəndində yaşayan-barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 482.1-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində 07 aprel 2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə EP № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, o, 14 mart 2025-ci il tarixdə saat 16:44-də X3 vasitəsilə Naxçıvan-Bakı istiqamətində daxili daşınma üzrə hərəkət edən zaman idarə etdiyi 67BK394/67ZA181 dövlət qeydiyyat nişanlı, “Mercedes Benz” markalı yük nəqliyyat vasitəsi gömrük nəzarəti xəttində videoçəkiliş aparılmaqla yoxlanılmış, yoxlama zamanı yük nəqliyyat vasitəsinin kabinindəki aşağı yatağın alt hissədində və yuxarı yatağın üst hissəsində gömrük nəzarətinə bəyan olunmayan 9 ədəd üzərində “Stoliça 1L”, 5 ədəd üzərində “General 1L”, 5 ədəd üzərində “Osobennaya 1L”, 2 ədəd üzərində “Organic ultra Vodka 1L”, 4 ədəd üzərində “Biopour 1L” sözləri yazılmış Azərbaycan Respublikasına məxsus aksiz markası olan, ümumilikdə 25 ədəd spirtli içki aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsində malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda, inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Az miqdarda olduqda dedikdə əlli min manatadək olan məbləğ başa düşülür. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, təxminən 15 ildir ki, yük nəqliyyat vasitələrinin sürücüsü işləyir. Hazırda 67BK394/67ZA181 nömrəli “Mercedes-Benz” markalı yük nəqliyyat vasitəsini etibarnamə əsasında idarə edir. Təxminən mart ayının ortalarında Naxçıvan şəhərində “Sirab” şirkətindən Bakı şəhərinə aparmaq üçün mineral su yükləmiş, yolda olarkən Çeşməbasar kəndi yaxınlığında bacısının həyat yoldaşı, Vətən adlı qohumu ona 25 ədəd spirtli içki vermiş və onları Bakı şəhərinə aparmağını istəmişdir. O, həmin içkiləri kabin hissədə üst yatağın yuxarı hissəsinə və alt yatağın alt hissəsinə qoyub yola düşmüşdür. Axşam saatlarında “Culfa” gömrük postuna giriş etmiş, nəqliyyat vasitəsini qeydiyyata aldırdıqdan sonra gömrük əməkdaşı ona yaxınlaşmış və X-Ray yoxlamasından keçmək üçün onu həmin qurğuya yönləndirmişdir. O, nəqliyyat vasitəsi ilə X-Ray yoxlamasından keçdikdən sonra gömrük əməkdaşı yaxınlaşmış və rentgen yoxlamasından keçən zaman şübhəli təsvirlər göründüyü üçün nəqliyyat vasitəsinə yoxlama keçirəcəyini bildirmişdir. Daha sonra videoçəkiliş aparılmaqla yoxlama keçirilmiş və kabin hissədə olan 25 ədəd müxtəlif markalı spirtli içkiləri bəyan etmədiyi üçün aşkar edərək götürmüşlər. Sonda yoxlama barədə müqaviq sənədlər tərtib olunmuş, o da imzalamışdır. Törətdiyi əmələ görə peşmandır, məhkəmədən spirtli içkilərin müsadirə edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid1 Müseyib oğlu izahatında bildirmişdir ki, Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postunun inspektoru vəzifəsində çalışır. 14 mart 2025-ci il tarixində gündəlik iş qrafikinə uyğun olaraq nəqliyyat vasitələrinin müayinəsi postunda xidmətdə olarkən, həmin gün axşam saatlarında postun əməkdaşı Şahid2 ona yaxınlaşmış, Naxçıvandan Bakıya yük aparan bir yük nəqliyyat vasitəsinə X-ray rentgen yoxlaması zamanı kabinində şübhəli təsvirlər göründüyü üçün yoxlama keçirəcəyini və onun da aparılan yoxlamanı videoçəkiliş vasitəsilə qeydə alaraq ona kömək etməyini xahiş etmiş, onlar birlikdə yoxlama üçün anbara getmişlər. Bu zaman sözügedən nəqliyyat vasitəsinin Azərbaycan Respublikasına məxsus 67BK394/67ZA181 dövlət qeydiyyat nişanlı, “Mercedes Benz” markalı yük nəqliyyat vasitəsi olduğu və sürücüsünün isə Şəxs adlı şəxs olduğu ona məlum olmuşdur. Daha sonra onun tərəfindən videoçəkiliş aparılmaqla yoxlama başlamış və yoxlama zamanı nəqliyyat vasitəsinin kabinindəki aşağı yatağın alt hissəsində və yuxarı yatağın üst hissəsində gömrük nəzarətinə bəyan olunmayan 9 ədəd üzərində “Stoliça 1L”, 5 ədəd üzərində “General 1L”, 5 ədəd üzərində “Osobennaya 1L”, 2 ədəd üzərində “Organic ultra Vodka 1L”, 4 ədəd üzərində “Biopour 1L” sözləri yazılmış Azərbaycan Respublikasına məxsus aksiz markası olan, ümumilikdə 25 ədəd spirtli içki aşkar edilmişdir. Sonda yoxlama və götürmə barədə protokol tərtib olunmuş və imzalamışlar. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid2 da Şahid1 Müseyib oğlu ilə eyni məzmunda izahat vermişdir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlərin izahatı, inzibati xəta haqqında işin materialları ilə öz təsdiqinin tapmışdır. İş materiallarına əlavə edilmiş 14 mart 2025-ci il tarixli nəqliyyat vasitəsinin yoxlanılması haqqında protokoldan görünür ki, 14 mart 2025-ci il tarixdə X3 vasitəsilə Naxçıvan-Bakı istiqamətində daxili daşınma üzrə hərəkət edən Azərbaycan Respublikasının vətəndaşı, Babək rayon sakini, xx.xx.2023-cü il tarixdə verilmiş C03568886 nömrəli pasportun sahibi, xx.xx.1983-cü il təvəllüdlü Şəxs idarə etdiyi 67BK394/67ZA181 dövlət qeydiyyat nişanlı, “Mercedes Benz” markalı yük nəqliyyat vasitəsi ətraflı baxış keçirilməsi üçün X-Ray rentgen qurğusuna yoxlamadan keçməyə göndərilmiş, yoxlama zamanı şübhəli təsvirlər aşkar edildiyindən, “Culfa” gömrük postunun inspektoru Şahid1 Müseyib oğlu tərəfindən videoçəkiliş aparılmaqla yoxlama keçirilmiş, yoxlama zamanı yük nəqliyyat vasitəsinin kabinindəki aşağı yatağın alt hissəsində və yuxarı yatağın üst hissəsində gömrük nəzarətinə bəyan olunmayan 9 ədəd üzərində “Stoliça 1L”, 5 ədəd üzərində “General 1L”, 5 ədəd üzərində “Osobennaya 1L”, 2 ədəd üzərində “Organic ultra Vodka 1L”, 4 ədəd üzərində “Biopour 1L” sözləri yazılmış Azərbaycan Respublikasına məxsus aksiz markası olan, ümumilikdə 25 ədəd spirtli içki aşkarlanmışdır. İş materiallarına əlavə edilmiş 04 aprel 2025-ci il tarixli, 340 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına nümunələr əsasında təqdim edilmiş tədqiqat obyektlərinin (25 ədəd spirtli içkilər) hadisə baş verən tarixə, yəni 2025-ci ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 366,00 (üç yüz altmış altı) manat müəyyən edilir; o cümlədən, 09 ədəd “Stoliça”, 1 litr- 117,00 manat (bir vahidinin qiyməti 13,00 manat), 05 ədəd “General”, 1 litr- 68,00 manat (bir vahidinin qiyməti 13,60 manat), 05 ədəd “Osobennaya”, 1 litr- 80,00 manat (bir vahidinin qiyməti 16,00 manat), 02 ədəd “Organic ultra Vodka”, 1 litr- 33,00 manat (bir vahidinin qiyməti 16,50 manat), 04 ədəd “Biopour”, 1 litr- 68,00 manat (bir vahidinin qiyməti 17,00 manat) müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 479-cu maddəsinin qeyd hissəsində qeyd edilmişdir ki, “İnzibati Xətalar Məcəllənin 479-481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati- Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinməli və inzibati xətanın bilavasitə obyekti olan mallar, Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 25 ədəd spirtli içki müsadirə edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, nəzərə alır. İnzibati məsuliyyəti ağırlaşdıran hallar, icraatı rədd edən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 77.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26-cı maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. Azərbaycan Respublikası İXM-in 55.2-ci maddəsinə əsasən, fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Həmçinin 55.3 və 55.4-cu maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflərin məbləği məsrəflərə aid olan çəkilmiş xərcləri təsdiq edən işə əlavə edilmiş sənədlər əsasında müəyyən edilir və məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Odur ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 40 manat məbləğində pul vəsaiti dövlət büdcəsinə aid edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. İnzibati xətanın bilavasitə obyekti olan, Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan, 09 ədəd üzərində “Stoliça” 1 litr (bir ədədinin qiyməti 13,00 manat), 05 ədəd üzərində “General” 1 litr (bir ədədinin qiyməti 13,60 manat), 05 ədəd üzərində “Osobennaya” 1 litr (bir ədədinin qiyməti 16,00 manat), 02 ədəd üzərində “Organic ultra Vodka” 1 litr (bir ədədinin qiyməti 16,50 manat), 04 ədəd üzərində “Biopour” 1 litr (bir ədədinin qiyməti 17,00 manat) sözləri yazılmış, Azərbaycan Respublikasına məxsus aksiz marka ilə markalanmış ümumilikdə 25 ədəd spirtli içki müsadirə edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 40 manat dövlət büdcəsinə aid edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar