Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-2/2025 16.01.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X4 iclas katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1-xx.xx.1994-cü il tarixdə İran İslam Respublikasının Mərənd şəhəri, Gəzafər kəndində doğulmuş, İran İslam Respublikasının vətəndaşı, evli, orta təhsilli, sürücü işləyən, İran İslam Respublikası, Mərənd şəhəri, Gəzafər kəndində yaşayan-barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 480-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X3 barəsində 07 yanvar 2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə EP № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, o, 25 dekabr 2024-cü il tarixdə saat 21:40-da “Culfa” gömrük postu vasitəsilə İran İslan Respublikasından gələrək Naxçıvan Muxtar Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına “PVC” yükü apararkən idarə etdiyi 55AB891/55AB892 dövlət qeydiyyat nişanlı, “Volvo” markalı yük nəqliyyat vasitəsi kinoloji xidmət iti tətbiq edilməklə və videoçəkiliş aparılmaqla yoxlanılmış, yoxlama zamanı yük nəqliyyat vasitəsinin kabininin alt hissəsindəki boşluqda gizlədilmiş 100 qutu (2000 ədəd) üzərində “Pall Mall” yazısı olan, kabinin içərisindəki sağ və sol divarlardakı boşluqlarda gizlədilmiş 100 qutu (2000 ədəd) üzərində “Pall Mall” yazısı olan gizlədilmiş halda, ümumilikdə 200 qutu (4000 ədəd) üzərində “Pall Mall” yazısı olan, Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmayan siqaretlər aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası İXM-nin 480-ci maddəsində malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda inzibati məsuliyyət müəyyən edilmişdir. Az miqdarda olduqda dedikdə əlli min manatadək olan məbləğ başa düşülür. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, 09 yanvar 2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət etmiş, məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 iştirakı olmadan baxmışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsində qeyd edilmişdir ki, inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid3 izahatında bildirmişdir ki, Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postunun inspektoru vəzifəsində çalışır. xx.xx.2024-cü il tarixində iş qrafikinə uyğun olaraq “Culfa” gömrük postunda xidmətdə olarkən İran İslam Respublikasından gələn X1 idarə etdiyi 55AB891/55AB892 dövlət qeydiyyat nişanlı, “Volvo” markalı yük nəqliyyat vasitəsinə “Azərterminalkompleks” X5 Dəstəyin Təşkili İdarəsinin Kinoloji fəaliyyətə yardım şöbəsinin instruktor-kinoloqu Şahid1 iştirakı ilə və yoxlamada iştirak etməsi və qanunvericiyiliyin tələblərinə uyğun olaraq yoxlamanı videoçəkiliş vasitəsilə qeydə alması üçün gömrük əməkdaşı Həsəni dəvət etdikdən sonra yoxlamaya başlamış, yoxlamaya başlamazdan əvvəl sürücüdən idarə etdiyi nəqliyyat vasitəsində qadağan olunmuş və ya bəyan olunmalı hər hansı predmetin olub-olmadığını soruşmuş, sürücü ona nəqliyyat vasitəsində 200 ədəd siqaretdən əlavə qanunla qadağan olunmuş, gömrük nəzarətindən gizlədilmiş və bəyan ediləsi hər hansı bir predmetin olmadığını bildirmişdir. Yoxlama zamanı xidməti itin reaksiyası nəticəsində həmin yük nəqliyyat vasitəsinin kabininin alt hissəsindəki boşluqda gizlədilmiş, 100 qutu (2000 ədəd) üzərində “Pall Mall” yazısı olan, kabinin içərisindəki sağ və sol divarlardakı boşluqlarda gizlədilmiş 100 qutu (2000 ədəd) üzərində “Pall Mall” yazısı olan gizlədilmiş halda, ümumilikdə 200 qutu (4000 ədəd) üzərində “Pall Mall” yazısı olan, Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmamış siqaretlər aşkar etmişdir. Daha sonra aşkar etdiyi siqaretləri qablaşdırıb götürmüş, yoxlama bitdikdən sonra isə müvafiq sənədləri hazırlamış və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid2 da Şahid3 ilə eyni məzmunda izahat vermişdir. X3 tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi şahidlərin izahatı, inzibati xəta haqqında işin materialları ilə öz təsdiqinin tapmışdır. İş materiallarına əlavə edilmiş 25 dekabr 2024-cü il tarixli nəqliyyat vasitəsinin yoxlanılması haqqında protokoldan görünür ki, 25 dekabr 2024-cü il tarixdə “Culfa” gömrük postu vasitəsilə İran İslam Respublikasından gələrək Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına “PVC” yükü aparan, İran İslam Respublikasının vətəndaşı, Mərənd şəhər sakini, xx.xx.2022-ci il tarixdə verilmiş Z******** nömrəli xarici pasportun sahibi, xx.xx.1994-cü il təvəllüdlü X1 idarə etdiyi 55AB891/55AB892 dövlət qeydiyyat nişanlı, “Volvo” markalı yük nəqliyyat vasitəsinə kinoloji xidmət iti tətbiq edilməklə gömrük nəzarəti xəttində “Azərterminalkompleks” X5 Dəstəyin Təşkili İdarəsinin Kinoloji fəaliyyətə yardım şöbəsinin instruktor-kinoloqu Şahid1 iştirakı ilə, “Culfa” gömrük postunun inspektoru Şahid2 tərəfindən videoçəkiliş aparılmaqla yoxlama keçirilmiş, yoxlama zamanı nəqliyyat vasitəsinin kabininin alt hissəsindəki boşluqda gizlədilmiş 100 qutu (2000 ədəd) üzərində “Pall Mall” yazısı olan, kabinin içərisindəki sağ və sol divarlardakı boşluqlarda gizlədilmiş 100 qutu (2000 ədəd) üzərində “Pall Mall” yazısı olan, Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmayan siqaretlər aşkarlanmışdır. Azərbaycan Respublikası Nazirlər kabinetinin 14 oktyabr 2013-cü il tarixli, 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydalarının” 2.1.10-cu bəndinə əsasən fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan hesab edilmiş 200 ədəd siqaret (aksizli mallar və avtonəqliyyat vasitələri istisna olmaqla) güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilər. İş materiallarına əlavə edilmiş 06 yanvar 2025-ci il tarixli, 1557 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş siqaretlərin hadisə baş verən tarixə yəni, 2024-cü ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 220,00 (iki yüz iyirmi) manat, o cümlədən 01 qutu (20 ədəd) “PALL MALL” markalı siqaretin orta bazar qiyməti 1,10 manat, 200 qutu- (1,10 manat x 200)= 220,00 (iki yüz iyirmi) manat müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 479-cu maddəsinin qeyd hissəsində qeyd edilmişdir ki, “İnzibati Xətalar Məcəllənin 479-481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, X3 Azərbaycan Respublikası İnzibati- Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinməli və inzibati xətanın bilavasitə obyekti olan mallar, Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 200 qutu siqaretlər müsadirə edilməlidir. Məhkəmə X2 inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, X1 şəxsiyyətini, onun təqsirinin dərəcəsini, nəzərə alır. İnzibati məsuliyyəti ağırlaşdıran hallar, icraatı rədd edən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 77.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26-cı maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. Azərbaycan Respublikası İXM-in 55.2-ci maddəsinə əsasən, fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Həmçinin 55.3 və 55.4-cu maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflərin məbləği məsrəflərə aid olan çəkilmiş xərcləri təsdiq edən işə əlavə edilmiş sənədlər əsasında müəyyən edilir və məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Odur ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 40 manat məbləğində pul vəsaiti dövlət büdcəsinə aid edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. İnzibati xətanın bilavasitə obyekti olan, Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan, üzərində “PALL MALL” yazısı olan 200 qutu (4000 ədəd) (bir qutunun qiyməti 1.10 manat) siqaretlər müsadirə edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 40 manat dövlət büdcəsinə aid edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №3(089)-2/2025
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-2/2025
16.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver