Məhkəmə qərarları › İş №3(089)-26/2025

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-26/2025

12.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-26/2025 12.05.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İXMnin 503-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq idarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti kapitanı Eminli M.Turqut Abbas oğlu tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 503-cü maddəsi ilə 29 aprel 2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyatı üzrə Culfa Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2025-ci il tarixində saat 07:50-də “Culfa” gömrük postu vasitəsilə Bakı-Naxçıvan istiqaməti üzrə İran İslam Respublikası ərazisindən tranzit keçməklə Azərbaycan Respublikası ərazisinə gələn, İran İslam Respublikasına məxsus 95AD811 dövlət qeydiyyat nişanlı avtobusun sərnişini, vətəndaş Şəxs İran İslam Respublikası ərazisindən əldə edərək gömrük nəzarətindən digər vətəndaşlara paylayaraq keçirtdiyi, keçirtdikdən sonra isə həmin vətəndaşlardan təhvil aldığı tək təkərli əl arabalarını “Culfa” gömrük postunun qapısına yaxın ərazidə ona məxsus 67BB179 dövlət qeydiyyat nişanlı, “Qaz 2402” markalı, minik nəqliyyat vasitəsinə yığması faktı müəyyən edilmişdir. Daha sonra həmin vətəndaşa yaxınlaşaraq ona məxsus qeyd olunan minik nəqliyyat vasitəsi yoxlanılması üçün “Culfa” gömrük postunun ərazisində yerləşən anbara gətirilmiş və yoxlama zamanı həmin minik nəqliyyat vasitəsinin üzərindəki dəmir çərçivəli yük bölməsində və içərisində olan 6 ədəd mavi rəngli, 5 ədəd yaşıl rəngli, 5 ədəd narıncı rəngli, 2 ədəd qara rəngli olmaqla, ümumilikdə 18 ədəd tək təkərli əl arabaları müəyyən edilərək götürülmüşdür. Qeyd olunan 18 ədəd əl arabalarının 2025-ci ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1170 (bir min yüz yetmiş) manat müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 503-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilmiş, protokolda yazılanlarla razı olduğunu bildirmiş və məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid1 izahatında bildirmişdir ki, hazırda Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq İdarəsinin Əməliyyat şöbəsinin əməliyyat müvəkkili vəzifəsində çalışır. 09 aprel 2025-ci il tarixində iş qrafikinə uyğun olaraq “Culfa” gömrük postunda nəqliyyat vasitələrinin müayinəsi postunda xidmətdə olarkən qabaqcadan daxil olmuş əməliyyat məlumatı əsasında İran İslam Respublikası ərazisindən traznit keçməklə Azərbaycan Respublikasına gələn, İran İslam Respublikasına məxsus 95AD811 dövlət qeydiyyat nişanlı avtobusun sərnişini, Azərbaycan Respublikası vətəndaşı, Naxçıvan Muxtar Respublikası, Babək rayonunun Nehrəm qəsəbə sakini Şəxs İran İslam Respublikası ərazisindən əldə edərək gömrük nəzarətindən digər vətəndaşlara paylayaraq keçirtdiyi, keçirtdikən sonra isə həmin vətəndaşlardan təhvil aldığı tək təkərli əl arabalarını “Culfa” gömrük postunun qapısına yaxın ərazidə ona məxsus 67BB179 dövlət qeydiyyat nişanlı, “Qaz 2402” markalı, minik nəqliyyat vasitəsinə yığması faktı ilə əlaqədar olaraq yoxlama keçirməyə qərar vermiş, yoxlama prosesində iştirak etməsi üçün iki nəfər hal şahidi dəvət etmiş və “Culfa” gömrük postunun anbarında vətəndaş Şəxs idarə etdiyi minik nəqliyyat vasitəsini yoxlamağa başlamışdır. Yoxlama zamanı vətəndaş Şəxs minik nəqliyyat vasitəsində gömrük sərhəddindən bəyan edərək gətirdiyi bir ədəd qaz ocağı və 2 ədəd yastıqdan əlavə olaraq, ümumilikdə 18 ədəd tək təkərli əl arabaları olduğunu müəyyən etmiş və araşdırma üçün həmin əl arabalarını götürmüşdür. Daha sonra yoxlama prosesi ilə əlaqədar olaraq sənədlər hazırlamış və həmin sənədlər həm vətəndaş, həm də hal şahidləri tərəfindən oxunularaq imzalanmışdır. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid2 Şahid1 ilə eyni məzmunda izahat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 09 aprel 2025-ci il tarixli “nəqliyyat vasitəsinin yoxlanılması haqqında” protokoldan görünür ki, yoxlama zamanı Şəxs idarə etdiyi 67BB179 dövlət qeydiyyat nişanlı, “Qaz 2402” markalı, “10235” ban nömrəli minik nəqliyyat vasitəsinin üzərindəki dəmir çərçivəli yük bölməsində və içərisində olan 6 ədəd mavi rəngli, 5 ədəd yaşıl rəngli, 5 ədəd narıncı rəngli, və 2 ədəd qara rəngli olmaqla, ümumilikdə 18 ədəd tək təkərli əl arabalarını başqa şəxslərə paylayaraq gömrük nəzarətindən keçirtdiyi müəyyən edilmişdir. - 11 aprel 2025-ci il tarixdə Şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsində verdiyi izahatından görünür ki, əməlini etiraf edərək peşman olduğunu bildirmişdir. - Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 28 aprel 2025-ci il tarixli, 449 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş təzə vəziyyətdə olan, 18 ədəd əl arabalarının hadisə baş verən tarixə, yəni 2025-ci ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1170,00 (bir min yüz yetmiş) manat müəyyən edilir. - Ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 40 (qırx) manat müəyyən edilmişdir. - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin 11 aprel 2025-ci il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında” qərardaddan görünür ki, vətəndaş Şəxs barəsində İXM-in 503-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. - icraatın başa çatdırılması haqqında raportdan görünür ki, 29 aprel 2025-ci il tarixdə Şəxs barəsində 18000-00451/25 nömrəli inzibati xəta haqqında iş üzrə icraatı başa çatdırılmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, şahidlərin izahatları və iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Belə ki, İstehsal və ya digər kommersiya fəaliyyəti üçün nəzərdə tutulan malların Azərbaycan Respublikasının gömrük sərhədindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi keçirilməsinə görə - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud onların dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə Şəxs əməlini etiraf etməsini və peşman olmasını iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə iş materiallarını araşdırıb, törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-nin 503-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz faizi məbləğində cərimə edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-in 55.2-ci maddəsinə əsasən, fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Həmçinin 55.3 və 55.4-cu maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflərin məbləği məsrəflərə aid olan çəkilmiş xərcləri təsdiq edən işə əlavə edilmiş sənədlər əsasında müəyyən edilir və məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Odur ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 40 manat məbləğində pul vəsaiti dövlət büdcəsinə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 25, 40, 43, 53, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan malların dəyəri- 1170 manatın 30 (otuz) faizi, yəni 351 (üç yüz əlli bir) manat məbləğində cərimə edilsin. İnzibati xətanın bilavasitə obyekti olan, Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postunun ərazisində saxlanılan 18 ədəd tək təkərli əl arabası qərar qanuni qüvvəyə mindikdən sonra müvafiq gömrük rəsmiləşdirilməsi aparılaraq Şəxs qaytarılsın. Ekspertiza tədqiqatının dəyəri olan 40 manat dövlət büdcəsinə aid edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar