Məhkəmə qərarları › İş №3(089)-3/2022

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərar — İş №3(089)-3/2022

28.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Culfa rayon İş № 3(089)-3/2022 28.01.2022 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X2 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs-xx xxxx 1981-ci il tarixdə Babək rayonunun Yarımca kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 uşaq atası, sürücü işləyən, inzibati məsuliyyətə cəlb edilməmiş, Babək rayonunun Yarımca kəndində yaşayan barəsində Culfa Rayon Polis şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs 27 yanvar 2022-ci il tarixdə, saat 14:10 radələrində Culfa şəhərində, yük maşınlarının dayanacağında, bardurun küncündə olan şəffaf salafana bükülmüş vəziyyətdə aşkar edib götürdüyü şəxsi istehlak miqdarında olan 0.345 qram tiryək narkotik vasitəsini satış məqsədi olmadan qanunsuz olaraq üzərində saxlamış, Şəxs Culfa Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış, üzərində saxladığı tiryək narkotik vasitəsi aşkar edilərək götürülmüş, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilmiş, izahatında bildirmişdir ki, Babək rayonunun Yarımca kəndində yaşayır, yük maşını sürücüsü işləyir. Naxçıvandan Bakıya və əks istiqamətdə yük daşıyır. 14 yanvar 2022-ci il tarixdə Bakı şəhərinə getmiş, 27 yanvar 2022-ci il tarixdə günorta saatlarında Naxçıvana, Culfa şəhərinə qayıtmışdır. Yük maşınını Culfa şəhərində yük maşınları üçün nəzərdə tutulmuş dayanacaqda saxlamış, maşının ətrafında gəzən zaman bardurun dibində olan şəffaf salafana bükülü diqqətini cəlb etmiş, bükülünü götürmüş, bükümdə tiryək olduğunu bilmiş, istifadə edər deyə cibinə qoymuşdur. Əvvəllər tiryək narkotik vasitə istifadə etmişdir. Üzərində narkotik vasitə olduğundan həyəcanlı olmuş, özünü narahat hiss etmişdir. Tanımadığı mülki geyimli şəxs ona yaxınlaşmış, polis əməkdaşı olduğunu bildirmiş, Culfa Rayon Polis Şöbəsinə dəvət etmişdir. Polis Şöbəsində iki nəfər şəxsin iştirakı ilə üzərində şəxsi axtarış aparılmış, şalvarının sağ cibində olan büküm aşkar edilib götürülmüş, elektron tərəzidə çəkilmiş, bükümün çəkisi 0.4 qram olmuşdur. Büküm qablaşdırılmış, möhürlənmiş, protokolu imzaları ilə təsdiq etmişlər. Şəxs izahatında həmçinin hərəkətindən çox peşiman olduğunu, əvvəllər inzibati xəta törətmədiyini, iki uşağının olmasını bildirmiş, məhkəmədən ona köməklik edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 və Şahid2 ifadələrində 27 yanvar 2022-ci il tarixdə, saat təxminən 14:30 radələrində Culfa Rayon Polis Şöbəsinə dəvət edildiklərini, onların iştirakı ilə Şəxs üzərində şəxsi axtarış aparıldığını, Şəxs cibindən bir ədəd büküm aşkar edildiyini, bükümün açıldığını, bükümün içərisində kütlə olduğunu, həmin bükümün elektron tərəzidə çəkildiyini, 0.4 qram olduğunu, qablaşdırıldığını və götürüldüyünü, protokolu imzaları ilə təsdiq etdiklərini bildirmişlər. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28 yanvar 2022-ci il tarixli, 22 saylı arayışından müəyyən olunur ki, tədqiqata təqdim olunmuş, bir ədəd üzərində “Babək rayonunun Yarımca kənd sakini Şəxs əyninə geydiyi cins şalvarın sağ tərəfindəki balaca cibindən şəffaf salafanın içərisində..” sözləri və imzalar olan ağ rəngli kağız paketin içərisində, təmiz çəkisi 0.345 qram olan tünd qəhvəyi rəngli qətranabənzər maddə narkotik vasitə olan tiryəkdir. Tədqiqata 0.05 qram istifadə edildi, qalan 0.259 qram. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununu 1.0.1-ci maddəsinə görə narkotik vasitələr BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. 28 iyun 2005-ci il tarixdə 960-İİQ saylı Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısının 102-cı bəndində tiryək narkotik vasitəsi qeyd edilmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş İ siyahıya əsasən narkotik vasitə olan tiryəkin 0.5 qramadək olan miqdarı şəxsi istehlak miqdarına aiddir. Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. Belə ki, toplanmış sübutlarla təsdiq olunur ki, Şəxs əldə etdiyi şəxsi istehlak miqdarında tiryək narkotik vasitəni satış məqsədi olmadan qanunsuz olaraq üzərində saxlamışdır. Ona görə də o, həmin maddə ilə təqsirli bilinməli və inzibati qaydada həbs edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən işin hallarını və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır . İnzibati xətaya görə məsuliyyətini ağırlaşdıran, iş üzrə icraatı rədd edən hallar müəyyən edilmədi. Məhkəmə Şəxs peşman olmasını, iki uşağının olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Y.Budaqov adına Naxçıvan MR X1 27 yanvar 2022-ci il tarixli, 55 nömrəli məktubunda Şəxs THC (kannabinoid) müsbət aşkar olunması, abstinensiya əlamətləri olmadığına görə müalicəyə ehtiyacının olmaması qeyd edilmişdir. Məhkəmə iş üzrə maddi sübutun taleyi ilə bağı məsələni müzakirə edir və belə nəticəyə gəlir ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində saxlanılan 0.259 qram tiryək narkotik vasitəsi qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 94.11-ci maddəsinə görə götürülmüş narkotik vasitələr və psixotrop maddələr, həmçinin müvafiq standartlara, sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə cavab verməyən etil spirti, alkoqollu və tərkibində spirt olan məhsullar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yenidən istehsala göndərilir və ya məhv edilir. Həmin Məcəllənin 94.12-ci maddəsinə əsasən məhv edilməli olan narkotik vasitələrin və psixotrop maddələrin, etil spirtinin, alkoqollu və tərkibində spirt olan məhsulların nümunələri inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar qanuni qüvvəyə mindiyi günədək saxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbsin müddətinə daxil edilir. İnzibati həbsin əvvəli Şəxs tutulduğu vaxtdan, 27 yanvar 2022-ci il, saat 14:30 dəqiqədən hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, 40 (qırx) gün müddətinə inzibati qaydada həbs edilsin. Qərar dərhal icra edilsin. Həbsin əvvəli Şəxs tutulduğu vaxtdan, 27 yanvar 2022-ci il, saat 14:30-dan hesablansın. İş üzrə maddi sübut, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində saxlanılan 0.295 qram tiryək narkotik vasitəsi qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edənMehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar